[b]AÇ-də günün yekunu: “Gümüş”, “bürünc” və iki final - YENİLƏNİB[/b]
04.05.2018 - 20:57
[b]AÇ-də günün yekunu: “Gümüş”, “bürünc” və iki final - YENİLƏNİB[/b]

Rusiyanın Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, beşinci yarış günündə sərbəst güləşçilər mübarizəyə qoşulublar. 57, 65, 70, 79 və 97 kq çəki dərəcələrində güləşçilər döşək üzərinə çıxıblar. Yığmamızın üzvləri bu çəkilərin hər birində təmsil olunub.

 

Həmçinin qadın güləşçilərimizdən ikisi həlledici oyuna çıxıb. Alena Kolesnik bürünc, Elis Manolava isə gümüş medal qazanıb.

 

57 kq

Giorgi Edişeraşvili mübarizəyə 1/8 finaldan qoşulub. Avropa çempionu ilk görüşdə Mikyay Salim Naimiyə göz açmağa imkan verməyib. Bolqarıstan idmançısını 10:0 hesabı ilə üstələyən Edişeraşvili 1/4 finalda Miqran Jaburyana da eyni aqibəti yaşadıb. Ermənistan idmançısı legionerimizə asan təslim olub (0:10). Edişeraşvili final yolundakı son görüşünü Vladislav Andreyevə (Belarus) qarşı keçirib. Bu rəqibinə də 4:1 hesabı ilə qalib gələn legioner güləşçi finalda rusiyalı Zaur Uquyevlə üz-üzə gələcək.

 

65 kq

Bu çəkidə ölkəmizi təmsil edən 3 qat dünya və 1 dəfə Avropa çempionu olmuş Hacı Əliyev 1/8 final mərhələsində Avstriya idmançısı Qabriel Yanaçla üz-üzə gəlıb. Yanaç pəhləvanımız qarşısında cəmi 49 saniyə tab gətirə bilib. Nəticədə təmiz qələbə (10:0) Əliyevi növbəti mərhələdə Səlahəttin Kılıçsallayana rəqib edib. Ancaq türkiyəli də Hacının qarşısında aciz qalıb - 2:9. Yarımfinala adlayan millimizin üzvü bu mərhələdə sloveniyalı David Habatı sınağa çəkib. Rəqibindən üstün (3:0) olan Əliyev finalda Rusiya təmsilçisi İlyas Bekbulatovla qarşılaşacaq.

 

70 kq

Murtazali Müslimov da yarışa 1/8 finaldan qatılıb. Aleksandr Semisorovla görüşən pəhləvanımız almaniyalı rəqibi üzərində çətin qələbə qazanıb - 9:8. O, yarımfinal yolunda Miroslav Kirovla (Bolqarıstan) münasibətlərinə aydınlıq gətirib. Kirova da qalib gələn (7:2) Müslimov adını 1/2 finala yazdırıb. O, Maqomedmurad Qadjiyevə (Polşa) uduzaraq (2:3) qızıl medal iddiasından əl çəkməli olub. "Bürünc" üçün rəqibin kimliyi sabah bəlli olacaq.

 

79 kq

Üçüncü dəfə qitə çempionu olmağı hədəfləyən Cəbrayıl Həsənov 1/4 final üçün Rüstəm Dudayevlə qarşılaşıb. Ukraynalıya heç bir şans verməyən (8:3) Həsənovun ikinci rəqibi ermənistanlı Varuzhan Kajoyan olub. İdmançımız bu mərhələni də uğurla adlamağı bacarıb - 6:1. Həsənov yarımfinalda yerli güləşçi Axmed Qazimaqomedovlə qarşılaşıb. Bu dəfə rəqibi ilə bacarmayan Həsənov üçüncülük uğrunda yarışacaq.

 

97 kq

Güləşçilərimizdən yalnız Nurmaqomed Qadjiyev 1/8 finaldan azad idi. IV İslam Həmrəyliyi Oyunlarının qalibinin 1/4 finaldakı rəqibi Ermənistan təmsilçisi Georgi Ketoyevi 3:0 hesabı ilə məğlub edib. Qadjiyev yarımfinalda belaruslu Aleksandr Huştinə rəqib olub. Bu görüşdə hesabda 7:0 irəlidə olmasına baxmayaraq üstünlüyünü saxlaya bilməyən Qadjıyev 7:7 hesabına və məğlubiyyətə üzülüb. Onun da son ümidi "bürünc"ə qalıb.

 

***

 

Bu gün həmçinin 53, 57, 62 və 65 kq çəki dərəcələrində mübarizə aparan qadın güləşçilər mükafat uğrunda yarışıblar. Yığmamız 1 qızıl, 1 bürünc medal üçün mübarizə aparıb.

 

57 kq

Yarımfinalda rəqibinə yenilən Alena Kolesnikin “bürünc” şansı davam edib. O, Avropa üçüncüsü olmaq üçün döşək üzərinə çıxıb. Belaruslu Zalina Sidakova üzərində 36 saniyəyə təmiz qələbə qazanan Kolesnik istəyinə nail olub.

 

65 kq

Finala qədərki yolda 3 rəqibini məğlub edən Elis Manolova həlledici görüşə çıxıb. Milliləşdirilmiş legioner finalda Finlandiyanı təmsil edən Petra Olli ilə bacarmayıb və ikinciliklə barışıb.

0