[b]Avropa çempionatındakı 2 medalın təsiri[/b]
30.04.2018 - 12:31
[b]Avropa çempionatındakı 2 medalın təsiri[/b]

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, İsraildə keçirilən Avropa çempionatının yekununa əsasən müəyyənləşən siyahı Azərbaycan millisinin aparıcı üzvləri üçün uğurlun alınmayıb.

 

Belə ki, kişi idmançıların ilk “otuzluğ”unda yer alan təmsilçilərimizdən cəmi 2-si mövqeyini yaxşılaşdıra bilib. Onlardan biri – Zelim Kotsoyev (100 kq) qitə çempionatında bürünc medal qazanmaqla 5 pillə irəliləyibsə, digəri – Tural Səfquliyev (90 kq) rəqiblərinin geriləməsi səbəbindən 15-ci yeri 14-ə dəyişib. Kotseyev isə 17-ci yerə yüksəlib. Avropa çempionatında 2-ci yeri tutan Hidayət Heydərov rəqibləri ilə xal fərqini azaltsa da, yenə 5-cidi.

 

Digər cüdoçularımıza gəlincə, Elxan Məmmədovla Elmar Qasımov (hər ikisi 100 kq) hərəyə bir pillə geriləyiblər. Onlar müvafiq olaraq, 6-cı və 10-cu yerə eniblər. Yığmamızın ən ağır çəkili cüdoçusu Uşanqi Kokauri isə “30-luq”dan kənardadı. O, 33-cü pilləyə düşüb.

 

Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov (73 kq) və Məmmədəli Mehdiyev (90 kq) qitə çempionatında mükafat qazanmasalar da, mövqelərini qoruyublar. Yarışda 60 kq deyil, 66 kq-da mübarizə aparan Səfərov əvvəlki çəki dərəcəsində yenə 11-cidi. Şıxəlizadə 18-ci, Orucov 2-ci və Mehdiyev 11-ci yerdə qalıb.

 

Qadın cüdoçuların “30-luğ”unda cəmi 1 idmançımız yer alıb. Avropa çempionatında zədə səbəbindən bürünc medal döyüşünə çıxmayıb 5-ci yeri tutan İrina Kindzerska (+78 kq) reytinqdə 6-cıdı. O, 1 pillə irəliləyib.  

0