[b]“Azərbaycanda 18 ayda qazandığımı Türkiyədə 48 ilə qazanmamışam”[/b]
01.06.2018 - 11:32
[b]“Azərbaycanda 18 ayda qazandığımı Türkiyədə 48 ilə qazanmamışam”[/b]

“Futbolun populyar olduğunu anlayıram. Əlbəttə, güləşlə müqayisə olunmazdı. Amma uğur hər növdə eyni tər və əzmlə qazanılır. Hətta daha məhdud imkanla...”. Apasport.az saytının məlumatına görə, bunu yunan-Roma güləşi üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Salih Bora deyib.

 

Təcrübəli mütəxəssis Türkiyə mətbuatına verdiyi müsahibəsi ilə gündəmi zəbt edib.

 

O bildirib ki, yığma məşqçilərinin maaşlarının ciddi şəkildə fərqlənməsi heç bir halda, düzgün deyil: “Tamam, futbol bal və qaymaq olsun. Amma məşqçilərlə də ögey övlad kimi rəftar etməsinlər. Fatih Terimə böyük hörmətim var. Yığmada və “Qalatasaray”da ilklərə imza atıb. Nə qazanırsa, haqqıdı. Amma onun qazandığını bir kənara qoysaq, aldığı təzminatı belə mən karyeram ərzində əldə etməmişəm. Mən də xalçanın Fatih Terimiyəm”.

 

2011-2012-ci ildə yığmamızı çalışdıran türkiyəli mütəxəssis Azərbaycandakı günlərini də xatırlayıb. Nə qədər qəribə olsa da, Bora bildirib ki, ölkəmizdə cəmi 18 aya qazandığı pulu Türkiyədə 48 ilə qazanmayıb: “London-2012-də Azərbaycan yığmasının “sükanı arxası”ndaydım. Orada 18 ayda qazandığımı, Türkiyədə 48 ilə qazanmamışam. Güləşdə milli komanda məşqçilərinin qazancları, Fatih Terimin təzminatının heç mində biri də deyil. Məncə, məşqçiləri haqqı yeyilməməlidi”.

 

Hazırda Türkiyə millisini çalışdıran 65 yaşlı mütəxəssis ölkəsində qarşılaşdığı haqsızlıqlardan da danışıb. Bora qeyd edib ki, vaxtı ilə 1 evi də ona çox görüblər: “Avropa, dünya və Olimpiadalarda neçə finalımın olduğunu unutmuşam. İstiqlal Marşımızı dinlətmək arzusundan başqa heç bir istəyim olmayıb. Ancaq bir gün şirin su firmalarının birindən reklam təklifi aldım. Onlar xəyalını qura bilmədiyim evin pulunu ödəməyə hazır idilər. Həmin vaxt kirayə mənzilim belə yox idi. Türkiyə Milli Olimpiya Komitəsinin prezidenti Turqut Atakolun yanına getdik. Federasiya rəhbərimiz ona durumu anlatdı. Atakol dedi ki, sən məşqçisən, reklamda çəkilsən Qazanfer Bilge kimi güləş həyatın bitər. Ya güləşi, ya sərvəti seçməlisən. Çarəsiz olduğum üçün boynumu bükdüm. Peşmanammı? Xeyir. Reklamda çəkilsəydim, Salih Bora olmazdım!”.

 

Bora vaxtı ilə onu sıradan silənlərdən də söz açıb: “Allah ölkəmiz üçün xidmət göstərənlərdən razı olsun. Bəzi hərəkətlər ürəkdə mismar kimi iz buraxsa da, yaralar sağalır. Vaxtilə idmançılarımı prezidentin qəbuluna apardılar. Amma bizə mane oldular. İnsanı saymamaq, qüruru sarsıdır. Kimə şikayət edim? Həmin gün dedim ki, prezidentimiz bunu bilsə, mənə belə etməzdi. Yenə çempionlar verdik, amma bu dəfə qəbula getdik. İdmançı idmançının halını bilir, o gün prezidentimizin üzündəki sevinci sözlə ifadə edə bilmərəm”.

 

Təcrübəli mütəxəssis yarım əsrdi cəmi 48 kq qalmasının səbəblərini də açıqlayıb: “Güləşdə çəki salmaq ölüm kimi bir şeydi. Bunu yaşayan bilir, heç bədən də bunu daşıya bilməz. Tibb dünyası da arxamca gəldi. Axı, bir insan yarım əsr necə eyni çəkidə qala bilər? Həkimlər israrla “Bunun sirrini ver, zənginləşək” deyirlər. Bildirirəm ki, bunun hansısa sirri yoxdu. Ay yeyirəm, az yatıram və çox çalışıram. Hamısı bu qədərdi. Gənclərə tövsiyə edirəm ki, “fast food”dan uzaq dursunlar. Can boğazdan gəlir, amma boğazdan da gedir”.

0