11 May 21:02 “Heydər Əliyev Kuboku-2018” turnirinə start verildi - FOTOSESSİYA
DÖYÜŞ NÖVLƏRİ xəbərləri 11 May 21:02
603 baxış

“Heydər Əliyev Kuboku-2018” turnirinə start verildi - FOTOSESSİYA

Bu gün yeniyetmə oğlan boksçular arasında Beynəlxalq “Heydər Əliyev Kuboku-2018” turnirinə start verilib. Apasport.az Azərbaycan Boks Federasiyasının rəsmi saytına istinadən məlumat verir ki, Sumqayıt Olimpiya İdman Kompleksində keçirilən yarışda Azərbaycanın 2 komandası ilə yanaşı, Qazaxıstan, Rusiya, Gürcüstan, Qırğızıstan və Ukrayna yığmaları iştirak edirlər.

Döyüşlərdən öncə turnirin rəsmi açılış mərasimi təşkil olunub.

 

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini Teymur Səmədov ümummilli lider Heydər Əliyevin fəaliyyətinin müxtəlif dövrləri barədə ətraflı məlumat verib. O bildirib ki, ölkəmizdə hər bir sahənin, o cümlədən idmanın sürətli inkişafında ulu öndərimizin rolu əvəzsizdir: “Ümummilli liderimizin siyasətini Azərbaycan prezidenti cənab İlham Əliyev uğurla davam etdirir. Belə bir mötəbər yarışın Sumqayıtda keçirilməsi böyük bir fəxrdir. Bizim şəhərin də ölkə idmanında öz yeri var. Sumqayıtda Olimpiya mükafatçıları, dünya və Avropa çempionları yetişib. Arzu edirəm ki, bu yarışda iştirak edən idmançılarımız da gələcəkdə uğurlu çıxışları ilə yadda qalsınlar”.

 

Onun ardınca Azərbaycan Boks Federasiyasının (ABF) vitse-prezidenti Rövşən Hüseynov çıxış edib. “Heydər Əliyev Kuboku”nun tarixindən və əhəmiyyətindən danışan ABF rəsmisi ölkə boksunun inkişafından söhbət açıb. O bildirib ki, yarışın yeniyetmələr arasında keçirilməsi ölkə boksunun gələcəyinə hesablanıb: “Ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan turnirə daim maraq böyük olub. Bu səbəbdən də yarış həmişə gərgin mübarizə ilə yadda qalır. İnanıram ki, bu dəfə də istisna olmayacaq. Turnirə milli komandamızla yanaşı, boks ənənələri ilə fərqlənən ölkə təmsilçiləri qatılıblar. İdmançılarımızın yarışda özlərini yaxşı tərəfdən göstərəcəklərinə ümid edirəm. Qoy, güclü qalib gəlsin”.

 

Hüseynov daha sonra yarışı açıq elan edib və qarşılaşmalara start verilib.

Mayın 14-də başa çatacaq turnirdə 100-dək boksçu 13 dəst medal uğrunda mübarizə aparır.

 

Xəbər lenti