22 Oktyabr 14:16 “Qəbələ” Ukrayna klubuna məğlub oldu
DÖYÜŞ NÖVLƏRİ xəbərləri 22 Oktyabr 14:16
739 baxış

“Qəbələ” Ukrayna klubuna məğlub oldu

“Qəbələ” İdman Klubunun boks komandası beynəlxalq yoldaşlıq görüşündə qüvvəsini sınayıb. Apasport.az saytının məlumatına görə, boksçularımız Ukraynanın Krivoy Roq şəhərində baş tutan matçda yerli KB-75-in idmançıları ilə üz-üzə gəliblər.

 

Gənclər və Tələbələr İdman Sarayında baş tutan görüşdən öncə rəqib komandalar bir-birinə xatirə hədiyyələri veriblər. “Qəbələ” İdman Klubunun nümayəndə heyətinin rəhbəri Fariz Məmmədov ukraynalıların baş məşqçisi Sergey Krinitskiyə plaket təqdim edib. Həmçinin görüşə qonaq qismində dəvət olunan tanınmış ukraynalı boksçular rinqə çıxıb, iştirakçılara uğurlar arzulayıblar.

 

Azərbaycan və Ukraynanın dövlət himnləri səsləndirildikdən sonra iki komandanın boksçuları güclərini 7 çəki dərəcəsində sınayıblar.

 

İqor Biletskinin baş hakimi olduğu qarşılaşmalara 56 kq çəki dərəcəsində döyüşlə start verilib. Maksim Fatiçlə görüşən Ümüd Rüstəmov rinqi qalib kimi tərk edib.

 

Növbəti iki qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb. Timur Bilyak Elvin İsayevi (64 kq), Viktor Petrov Roman Zakirovu (69 kq) məğlub edib.

 

75 kq çəki dərəcəsində yarışan Kamran Şahsuvarlı Taras Qolovaşenkonu üstələyib hesabı bərabərləşdirsə də, günün son üç döyüşündə də ukraynalılar sevinib. Vladimir Skripka Rauf Rəhimova (81 kq), Konstantin Pinçuk Rahil Məmmədliyə (91 kq), İqor Şevadzutski Məhəmmədəli Tahirzadəyə (+91 kq) qalib gəlib.

 

Beləliklə, KB-75 klubu görüşdən 5:2 hesablı qələbə ilə ayrılıb. Qarşılaşmadan sonra qaliblərə, həmçinin fərdi fərqlənənlərə mükafatlar təqdim edilib. Boksçumuz Məhəmmədəli Tahirzadə də xüsusi hədiyyəyə layiq görülüb.

Xəbər lenti