[b]14 yaşında “ot” çəkən, internatı sevən, Skalanı vecinə almayan fenomen (II hissə)[/b]
22.05.2018 - 16:34
[b]14 yaşında “ot” çəkən, internatı sevən, Skalanı vecinə almayan fenomen (II hissə)[/b]

“Ona düzgün formada tullanmağı öyrətmək məcburiyyətində idim. İsrar edirdim ki, topu tutub saxlasın. Bunları bir kənara qoysaq, deyə bilərəm ki, o, qolkiper olmaq üçün doğulmuşdu” – Avio Mençoni.

 

Çox keçmədən digərləri də Mençoni ilə eyni qənaətə gəldilər. Buffonun qolkiper kimi ilk mövsümü bitməmiş artıq onunla maraqlananlar var idi. “Milan”, “Bolonya” və “Parma” Canluicini sınaq məşqlərinə dəvət edirdilər. Xüsusilə, “rossonerilər” israr edirdi. Hətta imzalamaları üçün Cicinin valideynlərinə müqavilə də göndərmişdilər. Ancaq oğullarının qalacağı yeri gözdən keçirmək üçün Lodiyə getdikdən sonra Adriano və Maria Buffonun evdən uzaq yaşamaq ehtimalına görə narahatlıq keçirməyə başladılar.

 

“Bolonya” daha cəlbedici variant kimi görünürdü. Cici Kasteldeboledəki sınaq məşqindən zövq almışdı. Buna rəğmən, yoxlanışa nəzarət edən məşqçilərin hamısı razı qalmadı və keçid baş tutmadı.

 

“Bolonya” böyük səhvə yol vermişdi, həmçinin “Parma”da da Ciciyə şübhə ilə baxanlar yox deyildi. Ancaq bir insan – Ermes Fulqoni əllərində gələcəyin superulduzunun olduğunu bilirdi.


Fulqoni: “Cicini görər-görməz öz-özümə dedim: “Bu uşaq fenomendi”. “Parma”nın idman direktoru onun potensialına tam güvənmirdi, çünki Buffonun dabanı bir balaca düz idi və texnikası o qədər də yaxşı deyildi. Ancaq mən düşünürdüm ki, bu məsələləri yoluna qoya bilərik. Odu ki, dedim: “Elə indicə - heç kim transfer etməmiş onunla müqavilə imzalamalıyıq”. Yaxşı ki, mənə qulaq asdılar və Cici bizdə oynamağa başladı”.

 

Buffon 13 yaşında, hətta ilk öpüşün nə olduğunu bilmədən Parmada yaşamaq üçün doğma Karraranı tərk etməli oldu.

 

İstək üzərinə istək – tezliklə Buffonun dostları, “Bonaskola”dakı komanda yoldaşları ondan yeni komandasının formasını, şortunu, hətta corablarını göndərmələrini istəyirdilər. Məşqçisi Mençoninin gözü isə daha da yuxarılarda idi. Tələbəsinin bir gün İtaliya yığmasını təmsil edəcəyinə inandığından, Buffondan, istənilən yaş qrupu üzrə millilərdə çıxacağı ilk matçda geyəcəyi formaları istəmişdi.

 

Cici bu istəyi yerinə yetirəcəyinə dair söz versə də, xüsusilə də “Parma”dakı ilk günlərində bu istək ona çox absurd gəlirdi. Yeni evindəki – Maria Luicia internat məktəbindəki əziyyətli və sıxıcı həyatını nəzərə alsaq, İtaliya üçün oynamağın parıltısı və füsunkarlığı çox uzaq görünürdü.


Rəngliliyi və gözqamaşdırıcılığı ilə diqqət çəkən məktəb binası “Ennio Tardini” stadionunun yaxınlığında yerləşirdi. Buna rəğmən, ilk dəfə valideynlərindən uzaqda yaşayan 13 yaşlı uşaq üçün bu mühitə öyrəşmək asan deyildi.

 

Hamıyla dil tapan, ünsiyyətcil biri olduğundan, Buffon tezliklə otaq yoldaşları – Andrea Taqliapietra, Stiv Ballanti və Antonio Venturini ilə dostlaşdı. Sonuncu adını qeyd etdiyim uşaq ailəsi üçün darıxdığından, cəmi iki ay sonra oradan ayrılmalı oldu. “İlk başda mən də özümü yaxşı hiss etmirdim. Hətta “internat” sözü özü-özlüyündə heç bir pozitiv anlam ifadə etmirdi. Ancaq zamanla sevməyə başladım, yəqin ki, oranın bir parçası olmuşdum” – deyə, Buffon qeyd edir.

 

Maria Luiciada ölkənin hər tərəfindən, hər cür ailədən, hər sosial-iqtisadi sinifdən uşaqlar var idi. Həmçinin hər məktəbdə olduğu kimi, xuliqanlıq buradan da yan keçməmişdi. Ancaq Buffon belə mövzularla bağlı problem yaşamırdı: “Bir dəfə mənə sataşmağa çalışanlar ikinci dəfə buna cəhd edə bilmirdilər”.

 

Buffon özünü futbol meydanında da göstərməyə çalışırdı, ancaq bu barədə tək günahı çox “cəhd göstərmək” idi. Meydanda özünü insanlara göstərmək üçün bəzən qəribə hərəkətlər edirdi və nəticədə axmaqca səhvlər buraxırdı. Buffon sadəlövhcəsinə bu yolla hamını öz təsiri altına aldığına inanırdı, ancaq əslində, insanlar məhz etdiyi səfehliklərin daha çox fərqində idilər.


Yoxlama oyunlarından birində yol verdiyi belə bir lazımsız xətanın ardından “Parma”nın gənclər akademiyasının direktoru Fabriçio Larini ona yaxınlaşaraq, deyir: “Dəyişməyə çalış, əks təqdirdə, evinə qayıtmalı olacaqsan”.

 

Buffon üçün bu sözlər aydın səmada çaxan ildırım effekti yaratmışdı. Cici özünü göstərməyi bir kənara atıb, bütün diqqətini yenidən işinə yönəltdi.

 

O, cəmi bir ay sonra – Molassanada 4 komandanın iştirakı ilə keçirilən və “Parma”nın zəfəri ilə yekunlaşan turnirdə üç penalti zərbəsini dəf etdi. Bu, onun üçün önəmli an idi: artıq “Parma”nın bütün yaş qruplarının məşqçiləri ona güvənirdilər.

 

Çox keçmədən Cicini beynəlxalq arenada da tanıyacaqdılar. 1993-cü ilin mayında onun yardımıyla İtaliya millisi Türkiyədə keçirilən U-16-ların Avropa çempionatında finala yüksəldi. Romanın gələcək kralı – Françesko Totti azzurrilərin ön xəttində oynasa da, diqqətləri daha çox üzərinə çəkən başqa bir idi. Söhbət əvvəlcə 1/4 finalda İspaniyaya qarşı oyunsonrası penaltilərdə iki 11 metrlik zərbəni dəf edən, daha sonra yarımfinalda Çexoslovakiya ilə oyunda isə 3 penaltinin qarşısını alan və Tottidən 18 ay kiçik olan Canluici Buffondan gedir.

 

Yarımfinal matçının oynanıldığı gün italiyalı 16 yaşlı tennisçi Maria Françeska Bentivoqlio “İtaliya Open” turnirində 1/4 finala yüksəlmişdi. Bir sonrakı gün artıq ölkənin haqqında oxuduğu iki yeni idman ulduzu var idi. “La Gazzetta dello Sport”un ön səhifəsində yazılmışdı: “Bentivoqlio və Buffon – İtaliya sizi alqışlayır”.


Artıq hər kəs onun adını bilirdi. Buffon üç komanda yoldaşı ilə birlikdə əvvəlcə Romaya, oradan isə qatarla Parmaya qayıdır. Hər üçü əyinlərində böyük qürurla İtaliya yığmasına məxsus idman geyimlərini daşıyırdılar.

 

Libasın fərqinə varan iki gəncdən biri “məşhur trio”ya yaxınlaşır: “Qəzetdə Avropa çempionatı haqqında oxumuşam. Qolkiper haqqında çox yaxşı şeylər yazırlar. Adı nə idi onun? Hmm, deyəsən, Buffon, hə?”

 

Buffon sevincək halda dillənir: “O mənəm”.

 

Cici sonralar həmin hadisəni belə nəql edir: “Qürur hissi keçirmişdim. Ancaq eyni zamanda, içimdə nələrinsə artıq dəyişdiyinə dair bir hiss də var idi. Sanki həyatında yeni bir şeylər baş verirdi”.

 

İstədiyi vaxt doğma şəhərini təmsil edən sevimli komandasını – “Karrarese”ni izləmək, ürəyinin istədiyi yerdə futbol oynamaq... – o, hələ də Cici olaraq həyatına davam etmək istəyirdi. Cici hətta bəzi səfər oyunlarına təkbaşına gedərdi. Buffon təkcə sıravi azarkeş deyildi, həm də ultra idi. O, “Commando Ultra Indian Trips”i təmsil edirdi. Buffon özünə məxsus “CUIT – Sezione Parma” bannerini bütün matçlara aparardı. Hətta onun əlcəklərinin üzərində hələ də sözügedən ultra qrupunu inisialları – CUIT – yazılıb.


Professional futbolçu olmaq xəyalını reallaşdırmaq naminə müəyyən şeyləri qurban verməsinə rəğmən, bütün bunlar Buffonun üsyankar tərəfinin və yeniyetmə illərinin kefini çıxarmaq istəməsinin nəticəsi idi.

 

Buffon 14 yaşından etibarən siqaretə başlamışdı. Ultralarla zaman keçirərkən “ot” çəkməyə də fürsət tapmışdı. Bir səhvi nadir hallarda təkrarlayan biri axmaqca xətalara yol verirdi.

 

Yeniyetmə illərində heç söz dinləməzdi. Buffon 1995-ci ilin yayında Şimali Amerika turuna yollanacaq “Parma”nın əsas heyətinə əlavə olunmuşdu. Məhz burada onun qeyri-kamilliyi bir daha ortaya çıxacaqdı.

 

Onlar qolf meydançası olan bir oteldə məskunlaşmışdılar. Məşqçi Nevio Skala futbolçularına ətrafda kabriolet sürməməyi tapşırmışdı. Cici onun sözünə əməl etməmişdi.

 

Niaqara şəlaləsinə tur təşkil edilmişdi. Turdan öncə Skala futbolçulardan “fast food” başda olmaqla, nədən və necə hazırlandığı bəlli olmayan qidalardan uzaq durmalarını istəmişdi. Cici yenə söz dinləməmişdi.

 

Buffon: “Azadlıq heykəlinin başındakı məşəl boyda gelato (italyan dondurması) sifariş vermişdim. Skalanın dediklərinin tamamilə əksini edirdim. Bəzən düşünürdüm ki, psixoterapevtin yanına getməli olsa, bunun günahkarı mən olacam”.

 

Həqiqətə gəlincə, Skala Buffonun normal yeniyetmələr kimi davrandığının tamamilə fərqində idi: “Koverçianodakı kurslar zamanı psixologiya dərsində bu mövzuların hamısını ətraflı oxumuşdum. Cici bəzən səfeh hərəkətlər edirdi, ancaq bütün bunlar sadəcə uşaq olduğu üçün idi”.

 

“Həm də bunlar xırda detallar idi. Mənim üçün onun yaxşı şəxsiyyət olması, komanda yoldaşlarına, məşqçilərinə və klubuna hörmət etməsi önəm daşıyırdı. İndi düşünürəm ki, belə şeyləri məndən öyrənib. Cici həmişə yaxşı, parlaq və özünü inkişaf etdirmək istəyən biri idi” – deyə, Nevio əlavə edir. (ardı var)

 

Hazırladı: Mark Doyl (Goal.com)

 

Tərcümə: Rüfət Məcid (Apasport.az)

0