24 May 12:23 “3-cü yer “Neftçi” üçün yaxşı nəticə deyil” – Elxan Abdullayev
FUTBOL xəbərləri 24 May 12:23
4076 baxış

“3-cü yer “Neftçi” üçün yaxşı nəticə deyil” – Elxan Abdullayev

“Sumqayıt”la bağlı artıq neçənci dəfədi mənə sual ünvanlanır. Bir daha təkrar edirəm ki, bu klubla nə əvvəl, nə də indi aramızda hansısa danışıq olub”. Bu sözləri apasport.az saytına açıqlamasında adı “Sumqayıt”ın baş məşqçi postuna hallanan Elxan Abdullayev deyib.

 

Mövsümə “Neftçi”nin “sükanı arxası”nda başlayan 48 yaşlı mütəxəssis ilk iki turda “Qarabağ və “Səbail”ə məğlubiyyətdən sonra istefa vermişdi. Sabiq komandasının bürünc medal qazanmasına toxunan Abdullayev bunu Tərlan Əhmədovun uğuru hesab edib: “Bu münasibətlə Tərlan müəllimi təbrik etdim. Həqiqətən də, bu günə görə, çox yaxşı nailiyyətdi. Düzdü, ümumilikdə 3-cü yer “Neftçi” üçün yaxşı nəticə deyil. Ancaq indiki vəziyyətdə komandanın bürünc medal qazanması böyük uğurdu. Tərlan müəllimə və kollektivinə Avropa Liqasında uğurlar arzulayıram”.

 

Premyer Liqa klublarının tez-tez baş məşqçi dəyişikliyinə əl atmalarına da münasibət bildirən Elxan Abdullayev bunu pisləyib: “Mənə elə gəlir ki, məşqçinin neçə illik müqavilə imzalaması böyük rol oynamır. Hər şey danışıqdan asılıdı. Əgər səni klubda istəmirlərsə, 1 və ya 3 illik müqavilə imzalamağının bir önəmi qalmır. Məşqçi artıq hiss edir ki, qalmalı, yoxsa getməlidi. O ki qaldı tez-tez məşqçi dəyişikliyinə, bu amil təkcə işləyənlərə deyil, digərlərinə də mənfi təsir edir. Məşqçi görür ki, belə bir hadisə baş verib, artıq ora getməkdə tərəddüd edir. Əlbəttə ki, belə olmamalıdı. Məşqçilərə vaxt vermək lazımdı. Belədə özünü daha yaxşı tərəfdən göstərəcək. Çünki bir il ərzində həm komandanı qurmaq, həm də nəticə vermək çox çətindi. Ümumiyyətlə, klub rəhbərləri seçim zamanı əvvəlcə təhlil etməli, sonra gətirdiyi baş məşqçiyə sona qədər inanmalıdı”.

 

Qeyd edək ki, Elxan Abdullayev məşqçilik karyerası ərzində “Dinamo”, “Qarabağ”, AZAL və “Neftçi”yə rəhbərlik edib.

Xəbər lenti