[b]“6 komandalı çempionat bundan “maraqlı” keçər” – Kənan Kərimov[/b]
16.02.2017 - 14:10
[b]“6 komandalı çempionat bundan “maraqlı” keçər” – Kənan Kərimov[/b]

Azərbaycan millisinin keçmiş hücumçusu, karyerası ərzində bir çox klubumuzun formasını geyinmiş Kənan Kərimovun apasport.az saytına müsahibəsi

 

- Futboldan uzaq qalmısınız. Nə işlə məşğul olursunuz?

- Bir müddət əvvəl Ramiz Məmmədovla birlikdə İranda çalışırdım. İkinci liqada çıxış edən Rəşt şəhərinin “Dəməş Gilan” klubunda işləyirdik. Amma orda maliyyə problemi yarandı, iki ay əvvəl qayıtdıq. Hazırda evdəyəm, boşluqdu.

 

- Azərbaycanda çalışmağı təklif edən yoxdu?

- Xeyr, heç bir real təklif yoxdu.  

 

- İşsiz vaxtlarda dolanmaq çətin olmur?

- Min şükür, hələ ki, dolanırıq.

 

- Azərbaycan çempionatını izləyirsinizmi?

- Hamısını demək olmaz. İmkan olanda tək-tük oyuna baxıram. Çünki əvvəlki maraq qalmayıb. Çempionatın hansısa matçına diqqətlə baxmağa həvəsim yoxdu.

 

- Ölkə futboluna maraq göstərməməyiniz nədən qaynaqlanır?

- Futbolumuzun bu vəziyyətə düşməyindən.

 

- Maliyyə baxımından deyirsiniz?

- Maliyyədən əlavə, futbolun səviyyəsi yoxdu. O vaxt da klubların maliyyə durumu güclü deyildi. Amma səviyyəli futbol, azarkeşlər var idi. Futbol indi elə duruma düşüb ki, stadiona getmək istəyən yoxdu. Vaxt var idi ki, yerli oyunçular yaxşı çıxış edirdilər, tribunalar da dolurdu. Həmin oyunçuların əmi-uşaqları, dayı-uşaqları, qohum-əqrabaları gəlib baxırdılar. İndi rayonlarda futbol yoxdu. Halbuki, hər şey bölgə futbolundan başlamalıdı.

 

- Sanki Azərbaycan futbolundan küsmüsünüz...

- Küsmək deyəndə, vallah, maraq yoxdu. Vaxtilə “Karvan” kimi klub var idi. Rayonda hamı uşağının futbolçu olmasını istəyirdi. Çünki futbolda hərəkətlilik var idi, səviyyəli əcnəbilər gətirilirdi. İndi heç kim kömək eləmir, nə “Karvan” var, nə də uşaq futbolu. Sanki Yevlaxda belə bir klub olmayıb. Bərbad vəziyyət yaranıb.

 

- Həftəsonu ölkə çempionatı çərçivəsində “Qəbələ” ilə “Qarabağ” üz-üzə gələcək. Bu matça da marağınız yoxdu?

- Bilirəm ki, bu komandalar hazırda ilk iki sırada yer alıblar. Hər ikisi çempionluğa oynayır. “Qarabağ” qalib gəlsə, çempionluq vəzifəsinin öhdəsindən 70 faiz gəlmiş olacaq. “Qəbələ” qələbə qazansa, şanslar 50/50-yə olacaq.

 

- Qarşıdakı oyunda kimi şanslı hesab edirsiniz?

- Açığı, izləmirəm. Azərbaycan futboluna həvəsim qalmadığı üçün heç maraqlanmıram ki, hansı klubda kimlər var, hansı komanda necə çıxış edir. Yalandan proqnoz verməyim doğru olmaz.

 

- Komandaların heyətləri barədə də məlumatsızsınız?

- Təxmini bilirəm ki, azərbaycanlı uşaqlar hansı komandada oynayırlar. İvanları, petrovları tanımıram.

 

- Bəs matçı izləyəcəksiniz?

- Əgər vaxtım olsa, izləyəcəm. Oyun ayın neçəsində olacaq?

 

- Fevralın 19-da Qəbələdə…

- Yaxşı ki, yadıma saldınız. Baxmağa çalışacam, görək Azərbaycan çempionatında vəziyyət necədi. Çempionluğa iddia edən iki komanda üz-üzə gələcək də. Görüş Qəbələdə keçiriləcəyi üçün yerli əhali stadiona gələcək. Amma “Qarabağ”ın meydanında olsaydı, çempionluğa oynayan iki komandanın matçına çox güman ki, 300-400 nəfərdən artıq adam gəlməyəcəkdi.

 

- Bu komandalar son illər müntəzəm Avropa Liqasının qrup mərhələsində iştirak edirlər. Sizcə, həftəsonu Avroliqa səviyyəsində matç izləyə bilərikmi?

- Məncə, xeyr. “Qəbələ” yaxşı dərk edir ki, burda çempionluq məsələsi həll olur. Çox güman ki, onlar da ehtiyatlı oynayacaqlar. Çünki evdə itiriləcək xal komandaya baha başa gələ, çempionluq əldən gedə bilər.

 

- Hər iki komandanın formasını geyinmisiniz. Hansına azarkeşlik edəcəksiniz?

- Düzdü, “Qarabağ”da daha çox olmuşam. Üst-üstə 8-9 il bu komandanın formasını geyinmişəm. Amma heç kimin tərəfini tutmaq istəmirəm. Kim güclü oynasa, o da qalib gəlsin. Hər iki komandaya uğurlar arzulayıram. Həm “Qarabağ”ın heyətində “Qəbələ”yə, həm də “Qəbələ”nin heyətində “Qarabağ”a qol vurmuşam. Buna görə də bol qollu qarşılaşma arzulayıram. Ancaq yerli oyunçuların fərqlənməsini istəyirəm.

 

- Hazırda Premyer Liqa 8 komandanın iştirakı ilə keçirilir. Buna münasibətiniz də maraqlıdı...

- 6 komandalı çempionat bundan “maraqlı” keçər. Daha nə deyim? Görün futbol nə vəziyyətə düşüb. 8 komandalı çempionatda hansı maraqdan danışmaq olar? Bir-biriləri ilə 8 dəfə də qarşılaşsalar, heç bir inkişaf, maraq olmayan çempionat keçəcək.

 

- Bu mövsüm kobud hakim səhvləri daha çox müzakirə olunur. Hətta futbol ictimaiyyətində hakimlərin qərəzli mövqe tutduqları fikri formalaşıb. Keçmiş futbolçu kimi, belə hallarla çox üzləşmisiniz?

- Çoxu gənc hakimlərdi. İnanmıram ki, onlar məqsədyönlü səhv eləsinlər. Çünki bununla karyeralarına ləkə salmış olarlar.

 

- Bəs yaşlı hakimlər edərlər?

- Yox, bunu heç kim istəməz. Amma bu səhvlər ardıcıl olursa, deməli, onların gözləri yaxşı görmür, eynək taxıb oyun idarə etsələr, daha yaxşı olar. Bizim vaxtımızda da səhvlər olurdu. Sadəcə, bayaq da dediyim kimi, çempionatı izləmədiyim üçün hakim qərarları barədə də ətraflı məlumatım yoxdu.

 

Ruslan SADIQOV

0