AFFA klubları 8540 manat cərimələyib
01.04.2008 - 18:06
AFFA klubları 8540 manat cərimələyib
Bakı. Mehman Süleymanov-APA-Sport. AFFA bu gün 8540 manat qazanıb. “APA-Sport” agentliyinin məlumatına görə, bu məbləği federasiyanın Nizam-İntizam Komitəsinin (NİK) bu gün keçirilən iclasında kəsilən cərimələr təşkil edir. NİK Azərbaycan Premyer Liqasında çıxış edən klublardan “Olimpik”, “Standard”, “Karvan” və “Qəbələ”ni cəzalandırıb. Yaşar Abuzərov (“Olimpik”), Kamal Quliyev (“Standard”) və Aleksandr İntskirveli (“Karvan”) aldıqları ikinci sarı vərəqəyə görə hərəyə bir oyunluq və 200 manatlıq cəriməyə məruz qalıb. Rəqibi bilərəkdən vurması nəticəsində birbaşa qırmızı vərəqə alan “Olimpik”in qapıçısı Rauf Mehdiyev isə klubunu 2000 manat ziyana salıb. “Standard”, “Karvan” və “Qəbələ” futbolçuları nəzərdə tutulduğundan çox sarı vərəqə aldığı üçün, hərəyə 1000 manat məbləğində cərimə ödəyəcək. NİK Azərbaycan çempionatının birinci divizion təmsilçilərindən “İnter-2”, “Spartak”, “Ədliyyə”, “Neftçi-2”, “Bakılı”, “MKT-Araz”, “Standard-2” və MOİK klublarını cəzalandırıb. “Standard-2” – “MOİK görüşündə meydan sahibləri oyun qabağı yığıncağa 22, qonaq komanda 13 dəqiqə gecikdiyi üçün hərəyə 200 manat məbləğində cərimələnib. “Standard”ın ikinci komandası futbolçuları nəzərdə tutulduğundan artıq sarı vərəqə aldığı üçün də bu qədər cərimə məbləği ödəməlidir. “İnter-2”, “Neftçi-2”, “Bakılı” və “MKT-Araz” da futbolçularına verilən vərəqələrə görə 100 manat məbləğində ziyana düşüb. Hərəyə bir oyunluq cəzalanan Orxan Əliyev (“Bakı-2”) ilə Vüqar Fərhadov (“Abşeron”) klublarını 20 manat xərcə salıb. Qubanın “Spartak” klubunun futbolçusu Renat Əsədov isə rəqibi bilərəkdən vurduğu üçün iki oyunluq cəzaya və 200 manat cəriməyə məruz qalıb.
0