“Neftçi” 2018/2019 mövsümü üçün təlim-məşq toplanışının ilk hissəsinə start verib. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi bu gün “ağ-qaralar”ın bazasında məşq edib.
Əsasən fiziki və toplu çalışmalardan ibarət olan hazırlıq prosesində Dario Frederiko və Baqali Dabodan başqa bütün futbolçular iştirak ediblər. Frederiko iyunun 19-dan, Dabo isə sabahdan etibarən məşqlərə qoşulacaq.
Əvəzedici heyətdən cəlb olunmuş Fərid Abbaslı, Ömər Buludov, Elçin Əsədov və Elvin Sərkərov da bugünki məşqdə iştirak ediblər. Əvəzedicilərdən daha bir futbolçu – 19 yaşlı Əli Şirinov sabahdan məşqlərə qatılacaq.
Qeyd edək ki, komanda sabah iki dəfə məşqə çıxacaq. Saat 10:00 və 17:00-da başlayacaq hər iki hazırlıq prosesi "Neftçi”nin İsmət Qayıbov adına təlim-məşq bazasında baş tutacaq. Saat 17:00-da başlayacaq ikinci məşq azarkeşlər və media nümayəndələri üçün açıq olacaq.