[b]Aqolli yubiley matçı haqda: Duyğular fərqli idi[/b]
11.07.2018 - 12:45
[b]Aqolli yubiley matçı haqda: Duyğular fərqli idi[/b]

“Qarabağ”ın albaniyalı müdafiəçisi Ansi Aqollinin apasport.az saytına müsahibəsi

 

- Bu gün Çempionlar Liqasının I təsnifat mərhələsində “Olimpiya” ilə keçirəcəyiniz oyun “Qarabağ”ın heyətində 300-cü matçınız olacaq. Bu, sizin üçün xüsusi məna kəsb edirmi?

- Karyeramla bağlı saytınızda dərc etdiyiniz yazı ilə tanışam. Məqalədə “Qarabağ”da keçirdiyim illərin statistikasını gördüm. Əlavə nə deyə bilərəm? Onu vurğulamalıyam ki, burda keçirdiyim illərimə görə qürur duyuram.

 

- “Qarabağ”a gələndə burda 8 il qalacağınızı, bu qədər oyun keçirəcəyinizi təsəvvür edirdiniz?

- Açığı, mən belə məsələlərə çox önəm vermirəm. Komandanın nəticələrini şəxsi göstəricilərdən üstün tuturam. Hər şeydən əvvəl formasını geyindiyim klubun hədəfləri, nəticələri önəmlidi. Fərdi göstəricilər bundan sonra gəlir. Futbolda mənim üçün “Qarabağ”ın məqsədlərinə çatmasından önəmli heç nə yoxdu.

 

- Geridə qalan 299 matçdan hansılar sizin üçün xüsusidi?

- 299 oyunun hamısından həzz almağa çalışdım. Bu illəri “Qarabağ” ailəsinin bir parçası olaraq keçirdim. Burda zaman çox sürətlə gedir. Çünki hər şey həm peşəkarlıq, həm də insani baxımdan çox maraqlıdı.

 

- “Qarabağ”ın heyətində ən çox oyun keçirən əcnəbi futbolçusunuz...

- Bununla fəxr edirəm. Bu, mənim üçün qürurverici hadisədi.

 

- Ən çox sevindiyiniz matçları xatırlayırsınız?

- Əlbəttə. Bəzi qələbələr daha çox yaddaqalan olur. Məsələn, “Qarabağ”ın heyətində keçirdiyim ilk matçı qeyd edə bilərəm. İlk çempionluq daha şirin olub. Bundan başqa, ölkə kubokunun finalında “Neftçi”yə son dəqiqədə vurduğumuz qolla qalib gəldiyimiz oyun yaddan çıxmaz. Həmçinin avrokuboklarda “Tvente” və “Kopenhagen” üzərində zəfərin yeri başqadı. Həmin oyunlarda duyğular fərqli idi.

 

- Bəs sizi ən çox məyus edən oyun hansıdı?

- Avropa Liqasının qrup mərhələsinin “İnter”lə son matçı. Son dəqiqədə vurduğumuz təmiz qolu hakim saymadı və bu səhvə görə qrupda qaldıq. Həmin görüşdən sonra çox üzülmüşdük.

 

Ruslan SADIQOV

0