[b]Avropa Liqasına erkən vida, yaxud görünməmiş biabırçılıq[/b]
20.07.2018 - 11:59
[b]Avropa Liqasına erkən vida, yaxud görünməmiş biabırçılıq[/b]

Azərbaycan klubları üçün Avropa Liqasının 2018/19 mövsümü başa çatıb. Apasport.az saytının məlumatına görə, I təsnifat mərhələsi hər üç təmsilçimiz üçün sonuncu olub.

 

Topaz Premyer Liqasının gümüş mükafatçısı “Qəbələ” Lüksemburq “Proqres”ini (0:2, 1:0), bürünc medalçı “Neftçi” Macarıstan “Uypeşt”ini (3:1, 0:4), Azərbaycan kubokunun qalibi “Keşlə” Malta “Baltsan”ını (1:4, 2:1) yalnız bir oyunda məğlub etsə də, ümumi nəticədə uduzub. Bakı klubları evdə qalib gəlsə də, səfərdə darmadağınla üzləşib. Qəbələnin eyniadlı klubu isə evdəki məğlubiyyətdən sonra rəqib meydanında qalib gəlib. Lakin qələbələrin harda qazanılmasından asılı olmayaraq, Azərbaycan üçün Avropa Liqası başa çatıb. Düzdü, avrokuboklardakı yeganə təmsilçimiz “Qarabağ”ın Çempionlar Liqasından Avropa Liqasına keçidi istisna deyil. Amma faktiki ikinci dərəcəli turnirdəki 3 komandamız yarışla vidalaşıb.

 

11 ildən sonra

4 komandadan ən azı üçünün 1-ci mərhələdə dayanması sonuncu dəfə 11 il öncə baş verib. Həmin vaxt klublarımızın hamısı ilk raundda azarkeşlərini məyus edib. Öncə “Bakı” İntertoto kubokunda mübarizəni dayandırıb. Ardınca “Xəzər Lənkəran” Çempionlar Liqasında, “Neftçi” və “MKT-Araz” isə UEFA kubokunda ilk raundda avrokuboklara vida edib. Lakin indikindən fərqli olaraq komandalarımız eyni gündə deyil, ayrı-ayrı tarixlərdə çıxışını başa vurub.

 

Üçü dayandı, ümid “Qarabağ”a qaldı

4 komandadan üçünün mərhələ keçmədiyi sonuncu uğursuzluq 2011-ci ildə yaşanıb. Həmin vaxt Avropa Liqasının I təsnifat mərhələsində AZAL, II təsnifat mərhələsində “Xəzər Lənkəran” mübarizəyə qoşulmuşdu. “Neftçi” isə Çempionlar Liqasına II təsnifat mərhələsindən başlamışdı. Lakin bu komandalardan heç biri adlamamış, bütün ümidlər indiki kimi “Qarabağ”a yönəlmişdi.

 

Avropa Liqasında görünməmiş biabırçılıq

Avropa Liqasındakı hər üç təmsilçimizin 1-ci təsnifat mərhələsində dayanması isə Azərbaycan futbolu tarixində ilk belə haldı. Bu turnirdəki hər üç komandamızın ilk raundda dayanmasına indiyədək təsadüf olunmamışdı. Klublarımızın Avropada azdan-çoxdan sözünü deməyə başladığı

2009-cu ildən UEFA da qitə kuboklarının formatını dəyişdi. İntertoto kubokunu ləğv edən, UEFA kubokunun adını Avropa Liqasına dəyişən qurum Azərbaycana bu turnirdə 3 yer verdi. Həmin vaxtdan Çempionlar Liqasındakı təmsilçimiz 1-ci raunddan azad edildi. 2009-cu ildən başlayan avrokubokların və klublarımızın yeni dönəmində 3 klubumuzun birinci raundda dayanması qeydə alınmayıb. Düzdü, 2010/11 və 2011/12 mövsümlərində yalnız bir komandamız mərhələ keçib. Digər üçü isə elə ilk rəqibinə uduzub. Lakin həmin komandalardan bəziləri yarışa 2-ci mərhələdən başlayıb. Yəni ilk raundda 3 komandamızın dayanması müşahidə edilməyib.

 

Bir gündə üç “ölü”

2009-cu ilədək 3-4 komandamızın 1-ci mərhələdə dayanması az qala adi hal idi. Lakin avrokubokların təsnifat mərhələləri nisbətən fərqli şəkildə və fərqli təqvimlə keçirilirdi. Bu üzdən də bütün komandalarımızın 1-ci mərhələdə dayandığı dövrdə də eyni gündə bu qədər klubumuzun mübarizəni dayandırması qeydə alınmayıb. Lakin dünən “Neftçi”, “Qəbələ” və “Keşlə” eyni gündə - cümə axşamında avrokubokla vidalaşdı. Əvvəllər eyni həftədə üç komandamız qitə kuboklarında çıxışını yekunlaşdırsa da, fərqli günlərdə yaşanmışdı.

0