[b]“Avropa Liqasında ilk oyuna köklənmişəm” - “Sevilya”nın futbolçusu [/b]
18.07.2018 - 11:40
[b]“Avropa Liqasında ilk oyuna köklənmişəm” - “Sevilya”nın futbolçusu

[/b]

“Bir neçə aylıq ayrılıqdan sonra yenidən evimə qayıtdığım üçün çox şadam. “Osasuna” inkişafıma çox kömək oldu. Ancaq indi “Sevilya”da qalmaq ən böyük hədəfimdi”. Apasport.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, bunu “Sevilya”nın futbolçusu Borxa Lasso deyib.

 

Ötən mövsümü icarə əsasında “Osasuna”da keçirən 24 yaşlı yarımmüdafiəçi “Sevilya”nın yeni mövsüm üçün hazırlığına qoşulub. Lasso komandada möhkəmlənmək üçün Avropa Liqasının II təsnifat mərhələsini özü üçün şans hesab edir.

 

O, gələn həftə mövsümün ilk rəsmi oyununda meydana çıxmaq arzusundadı: “Avropa Liqasında mübarizəyə qoşulmağımızı səbirsizliklə gözləyirəm. Bu turnirdəki birinci oyuna köklənmişəm. Ümid edirəm ki, baş məşqçi ilk avrokubok matçında mənə şans verər və hər kəsə sübut edərəm ki, “Sevilya”da oynamağa hazıram. Klub rəsmisi Xoakin Kaparros və baş məşqçi Pablo Maçinə özümüzü yaxşı tərəfdən göstərməliyik”.

 

Qeyd edək ki, “Sevilya”nın Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi “Neftçi” – “Uypeşt” cütünün qalibi olacaq. Birinci oyunda Bakıda 3:1 hesablı qələbə qazanan Azərbaycan klubu cavab görüşünü sabah Macarıstanda keçirəcək.

0