[b]“Azərbaycan futbolu deyəndə, göz önünə yalnız “Qarabağ” gəlir” [/b]
20.02.2018 - 11:50
[b]“Azərbaycan futbolu deyəndə, göz önünə yalnız “Qarabağ” gəlir” [/b]

Belarus yığmasının və BATE klubunun sabiq hücumçusu Vitali Rodionovun apasport.az saytına müsahibəsi

 

- Azərbaycan və Belarus yığmaları martın 23-də yoldaşlıq oyununda üz-üzə gələcəklər. Bakıda baş tutacaq qarşılaşma hər iki milliyə nə verəcək?

- Bu görüşdə hər iki yığmanın baş məşqçisinin əsas məqsədi futbolçuları yoxlamaq olacaq. Bundan əlavə, həm Azərbaycan, həm də Belarus yığması üçün oyun praktikasını artırmaq baxımından vacib matçdı. Bir sözlə, qarşılaşmanın hər iki tərəfə xeyri var.

 

- Yığmamız, Azərbaycan futbolu haqda hansı informasiyaya sahibsiz?

- Azərbaycan futbolu deyəndə, göz önünə yalnız “Qarabağ” gəlir, bu haqda danışa bilərəm. Bu komanda Çempionlar Liqasının qrup mərhələsində iştirak etdi. “Qarabağ”ın uğurları, imza atdığı nailiyyətlər Azərbaycan futbolunun inkişaf etdiyini göstərir. Futbolunuza böyük yatırımlar edilir, səviyyəli legionerlər dəvət olunur. Bununla da inkişaf gedir. Avrokuboklardakı nəticələriniz sözlərimi təsdiqləyir.

 

- BATE-nin heyətində “Birlik kuboku”nda Azərbaycan klubuna qarşı oynamısız. Həmin matçı xatırlayırsızmı? Hansı komanda ilə üz-üzə gəldiyiniz yadınızdadı?

- Səhv etmirəmsə, 2008-ci ildə Azərbaycan komandası ilə finalda üz-üzə gəlmişdik. Açığı, hansı komandanızla oynadığımızı xatırlamıram. Amma qeydə alınan nəticə Azərbaycan klubunun bizdən daha hazırlıqlı olduğunu göstərmişdi.

 

- Qarşılaşdığınız, sizi mübarizədən kənarlaşdıran həmin klub “Xəzər Lənkəran” olub və Azərbaycan çempionunun 2:1 hesablı qələbəsi ilə başa çatan görüş finalda yox, yarımfinalda baş tutub...

- Xatırladım. Yadımdadı ki, oyun Sankt-Peterburqdakı manejdə baş tutmuşdu və tribunalara “Xəzər Lənkəran”ın azarkeşləri toplaşmışdılar. Onlar öz komandalarına yaxşı dəstək olurdular. Matçın gedişatını isə xatırlamıram. İlk qolu kimin vurması və digər məqamlar yadımda deyil.

 

- Hazırda Azərbaycan futbolçularından, milli üzvlərindən kimlərisə tanıyırsızmı?

- Təəssüf ki, kiminsə adını çəkə bilməyəcəm. Yenə də onu deyim ki, sizin “Qarabağ” kimi parlaq komandanız var. Bu klub təkcə Azərbaycanda yox, avrokuboklarda da özündən söz etdirdi.

 

- “Qarabağ”dan başqa bildiyiniz Azərbaycan klubu yoxdu? Avropa Liqasının qrup mərhələsində oynamış “Neftçi” və “Qəbələ”ni tanımırsız?

- Təbii ki, “Qəbələ” və “Neftçi”ni də tanıyıram. Onlar da Azərbaycanın ən yaxşı komandalarındandı. “Neftçi”nin qədim tarixi, öz adı, ənənəsi var. Başqa güclü komandalarınızın da olmasından xəbərdaram.

 

- Belarus və Azərbaycan futbolu arasında nə kimi fərq görürsüz? Biz hansı komponentdə sizi üstələyirik və ya əksinə?

- Bütün bunlar şərtidi. Çünki indi klubların inkişafında böyük rolu legionerlər oynayır. Bu həm futbolçulara, həm də məşqçilərə aiddi. Buna görə də, hansısa ölkənin futbolu barədə konkret söz demək çox çətindi. Amma Azərbaycan və Belarus futbolunun köhnə, tarixi ənənələri nəzərə alsaq, sizin texniki cəhətdən bizi üstələdiyinizi deyə bilərəm. Azərbaycan futbolçularının texniki keyfiyyətləri çox yüksəkdi. Əvəzində Belarus futbolçuları daha intizamlıdılar və fiziki cəhətdən dözümlüdülər. Hazırda bu keyfiyyətlərə görə fərqləndirə bilərəm. Amma yenə təkrar edirəm ki, indi futbolun, təkcə klubların yox, ayrı-ayrılıqda ölkələrin milli komandalarının da inkişafında legionerlər böyük rol oynayır. Hesab edirəm ki, ölkələrdə futbola aid əvvəlki xüsusiyyətlər yavaş-yavaş silinib gedir.

 

- Futbolçu karyeranızda Azərbaycan klubuna keçmək variantınız olubmu? Belə bir təklif almısız?

- Bəli. Səhv etmirəmsə, belə bir şey olmuşdu. Agentlər mənimlə əlaqəyə çıxıb, belə bir variant təklif etmişdilər. Amma işin hazırkı vəziyyətinin spesifikasını bildiyim üçün anladım ki, bu, klubun marağı olmaya da bilər. Elə alındı ki, BATE-də qalası oldum (gülür).

 

- Azərbaycanlı futbolçular getdikləri əcnəbi klublarda uzun müddət qala bilmirlər. Elə siz də 2009-cu ildə icarə əsasında “Frayburq”a keçsəniz də, Almaniyadakı karyeranız az çəkib. Ümumilikdə, MDB ölkələrindən Avropa klublarına transfer olunan futbolçuların sayı son illər azalıb. Bunun səbəbi nədi? 

- Konkret nə ilə bağlı olduğunu bildirmək çətindi. Bunun müəyyən enişin göstəricisi olduğunu da deyə bilmərəm. Sadəcə, bizim vaxtımızda keçmiş SSRİ ölkələrinin komandaları avrokubokların qrup mərhələsinə daha çox düşürdü. Müvafiq olaraq, bu da futbolçuların səviyyəsini göstərirdi. Dediyiniz məsələ onunla da bağlı ola bilər ki, bizim ölkələrdə yaxşı pullar peyda olmağa, klubların əla büdcələri formalaşmağa başladı. Bu isə idmançılara gələcəklərini vətənlərində qurmağa imkan verdi. Bəlkə də, elə bu, onları ölkələrində saxlayan faktordu. Dəqiq və konkret nəsə demək isə çətindi.

 

- UEFA-nın yeni turniri olan Millətlər Liqası haqda hansı fikirdəsiz? Bu ideyanı bəyəndizmi?

- Bəli, bəyəndim. Bu, Çempionlar Liqasının Çempionlar yolu ideyası kimi, inkişafda olan ölkələrin futbolunun yüksəlməsinə xidmət edəcək. O ölkələrdə ki, oraya beynəlxalq federasiyaların kömək və dəstəyi daha vacibdi. Mənə elə gəlir ki, bu format futbolu inkişaf etməyən, lakin buna Millətlər Liqası və Çempionlar yolu köməyi ilə nail olmağa çalışan ölkələrə fayda verəcək. Baxmayaraq ki, bu ildən Çempionlar yolunun formatı yenidən müəyyən dərəcədə dəyişdiriləcək. İstənilən halda, ideya çox maraqlıdı.

 

- Azərbaycan millisi Millətlər Liqasında Kosovo, Malta və Farer adaları ilə eyni qrupda yarışacaq. Yığmamızın qrup birincisi olmaq şansını necə dəyərləndirirsiz?

- Həm sizin, həm də bizim qrupdakı rəqiblər, demək olar ki, eyni səviyyədədi. Əgər reytinq bu komandaları eyni qrupa salıbsa, onların səviyyələri bir-birindən elə də fərqlənmir. Odu ki, Azərbaycan, həmçinin Belarusun qrupdakı şansları rəqiblərdən heç də artıq deyil.

 

Tengiz MƏMMƏDOV

 

0