[b]Azərbaycan&Gürcüstan: Adı əsas yığma, amma...[/b]
12.12.2017 - 13:45
[b]Azərbaycan&Gürcüstan: Adı əsas yığma, amma...[/b]

Azərbaycan millisi yeni baş məşqçi Qurban Qurbanovun rəhbərliyi altında ilk oyununu fevralın 2-də Gürcüstana qarşı keçirəcək. Apasport.az saytının məlumatına görə, Qurbanovdan fərqli, onun həmkarı Vladimir Vays çox güman Antalyadakı görüşə əsas heyəti gətirə bilməyəcək.

 

Çünki Gürcüstan millisinin əksər üzvü həmin vaxt klubunun düşərgəsində olacaq. Yığmamız yəqin ki, heyətlə bağlı hər hansı problem yaşamayacaq. Çünki futbolçuların əksəriyyəti daxili çempionatda, üstəlik, Qurban Qurbanovun çalışdırdığı “Qarabağ” klubunda çıxış edir. Ölkə xaricində tək-tük legionerimiz var ki, onların da gəlişi çətin görünür.

 

Gürcüstan millisinin isə əsası legionerlərdən qurulub. Təsadüfi deyil ki, oktyabr və noyabr aylarında baş tutan son qarşılaşmalarda Vaysın dəvət göndərdiyi 33 futbolçudan 27-si ölkə xaricində çıxış edir. Ancaq fevralda FİFA-nın beynəlxalq yoldaşlıq oyunları üçün “pəncərə”sinin açıq olmamağı rəqibin işini çətinləşdirir. Gürcüstan yığmasının 7 futbolçusu - Georgi Maxaridze, Quram Kaşia, Otar Kakabadze, Georgi Aburjaniya, Georgi Papunaşvili, Lukas Hufnagel və Georgi Kvilitayanın formasını geyindiyi klub fevralın əvvəlində çempionat matçına çıxacaq.

 

Karyerasını Polşada davam etdirən Nika Kaçarava, Laşa Dvali, Georgi Merebaşvili, həmçinin Danimarkada olan Davit Sxirtladzenin də Antalyaya yollanması qeyri-mümkün görünür. Çünki bu ölkələrdə fevralın 10-da və 11-də qış fasiləsi başa çatacaq. Makedoniya, Ukrayna və Rusiyada oynayan yığmanın 9 üzvünə də çətin ki, klublarından icazə verilsin. Nəzərə alaq ki, həmin vaxt Jaba Jiqauri, Davit Xoçolava, Georgi Navalovski, Jano Ananidze, Georgi Loriya, Gia Qriqalava, Solomon Kvirkveliya, Tornike Okriaşvili və Georgi Çanturiya qış fasiləsindən sonrakı dövrdə klubları ilə təlim-məşq toplanışında olacaqlar və onların bəziləri hazırlığın son mərhələsini keçəcəklər.

 

Qazaxıstan, Latviya və ABŞ-da yeni mövsüm martın əvvəlində start götürəcək. Adıçəkilən ölkələrdə çıxış edən Uça Lobjanidze, Vladimir Dvalişvili, Jaba Kankava, Nika Kvekveskiri, Laşa Şerqelaşvili və Valeri Qaziaşvili fevralda klubla toplanışda olacaq. Onların milliyə buraxılıb-buraxılmaması ilə bağlı qərarı da klubları verəcək.

 

Yalnız karyerasını Belarusda davam etdirən Valeri Qviliyanın Azərbaycanla görüşdə meydana çıxmaq şansı yüksəkdi. Belarusda yeni mövsüm apreldə başlayacağı üçün yarımmüdafiəçi dəvət edilərsə, klub sarıdan hər hansı bir problemlə üzləşməz.

 

Burdan belə qənaətə gəlmək olar ki, Vladimir Vays fevralın 2-də Gürcüstan çempionatında çıxış edən oyunçularla kifayətlənməli olacaq.

 

Davam edən çempionatlar

Georgi Maxaridze (qapıçı: “Moreyrense”, Portuqaliya). 31 yanvarda “Porto”, 4 fevralda “Tondela” ilə oyun

Quram Kaşia (müdafiəçi: “Vitess”, Hollandiya). 2 fevralda “Qroningen”lə oyun

Otar Kakabadze (müdafiəçi: “Ximnastik”, İspaniya). La Liqa 2 - 28 yanvarda “Sportinq Xixon”, 4 fevralda “Kadiz”lə oyun

Georgi Aburjaniya (yarımmüdafiəçi: “Sevilya B”, İspaniya). La Liqa 2 - 28 yanvarda “Leonesa”, 4 fevralda “Hueska” ilə oyun

Georgi Papunaşvili (yarımmüdafiəçi: “Saraqosa”, İspaniya). La Liqa 2 - 28 yanvarda “Kordoba”, 4 fevralda “Alkorkon”la oyun

Lukas Hufnagel (“Nürnberq”, Almaniya). Bundesliqa II – 2 fevralda “Aue” ilə oyun

 

Qış fasiləsi yaranan çempionatlar

Georgi Kvilitaya (hücumçu: “Rapid”, Avstriya). 3 fevralda “Austriya” ilə oyun

Nika Kaçarava (hücumçu: “Korona”, Polşa). 10 fevralda “Termalika” ilə oyun

Laşa Dvali (müdafiəçi: “Poqon”, Polşa). 10 fevralda “Sandeçya” ilə oyun

Georgi Merebaşvili (yarımmüdafiəçi: “Visla” Plotsk, Polşa). 10 fevralda “Qornik”lə oyun

Davit Sxirtladze (“Silkeborq”, Danimarka). 11 fevralda “Olborq”la oyun

Jaba Jiqauri (yarımmüdafiəçi: “Vardar”, Makedoniya). 14 fevralda “Şkendiya” ilə oyun

Davit Xoçolava (müdafiəçi: “Şaxtyor”, Ukrayna). 21 fevralda Çempionlar Liqasının 1/8 final mərhələsində “Roma” ilə oyun

Georgi Navalovski (müdafiəçi: “Ska-Xabarovsk”, Rusiya). 28 fevralda ölkə kubokunun 1/4 final mərhələsində “Şinnik”lə oyun

Jano Ananidze (yarımmüdafiəçi: “Spartak” Moskva, Rusiya). 1 martda ölkə kubokunun 1/4 final mərhələsində “Krılya Sovetov”la oyun

Georgi Loriya (qapıçı: “Anji”, Rusiya). 4 martda “Rubin”lə oyun

Gia Qriqalava (müdafiəçi: “Arsenal”, Rusiya). 4 martda “Axmat”la oyun

Solomon Kvirkveliya (müdafiəçi: “Lokomotiv”, Rusiya). 4 martda “Spartak”la (Moskva) oyun

Tornike Okriaşvili (yarımmüdafiəçi: “Krasnodar”, Rusiya). 4 martda “Rostov”la oyun

Georgi Çanturiya (yarımmüdafiəçi: “Ural”, Rusiya). 4 martda MOİK-lə oyun

 

Başa çatan çempionatlar

Uça Lobjanidze (müdafiəçi: “Atırau”, Qazaxıstan). Yeni mövsüm martın əvvəli başlayacaq

Vladimir Dvalişvili (hücumçu: “Atırau”, Qazaxıstan). Yeni mövsüm martın əvvəli başlayacaq

Jaba Kankava (yarımmüdafiəçi: “Tobol”, Qazaxıstan). Yeni mövsüm martın əvvəli başlayacaq

Nika Kvekveskiri (yarımmüdafiəçi: “Tobol, Qazaxıstan). Yeni mövsüm martın əvvəli başlayacaq

Laşa Şerqelaşvili (müdafiəçi: “Riqas”, Latviya). Yeni mövsüm martın əvvəli başlayacaq

Valeri Qaziaşvili (yarımmüdafiəçi: “San-Xose Ertkveyks”, ABŞ). Yeni mövsüm martın əvvəli başlayacaq

Valerian Qviliya (yarımmüdafiəçi: BATE, Belarus). Yeni mövsüm aprelin əvvəli başlayacaq.

 

Ruslan SADIQOV

0