[b]Azərbaycanda oynamış “lipa” Afrikanın gündəmində[/b]
22.06.2018 - 13:46
[b]Azərbaycanda oynamış “lipa” Afrikanın gündəmində[/b]

Vaxtilə Azərbaycanda çıxış etmiş Viktor Emenayo Afrikada müzakirə mövzusuna çevrilib. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, həmkarlarımız nigeriyalı hücumçunun “lipa” olduğu qənaətindədilər.

 

Ümumiyyətlə, yazıda Afrikada uşaqların əsl yaşlarının yalnız valideynlərinin bildikləri vurğulanıb. Bu problem futbolçularda daha geniş yayılıb. Həmin qitənin oyunçularının müxtəlif səbəblərdən yaşlarını azaltdıqları iddia olunub. Bu onlara özlərini Avropa klublarına istedadlı gənc oyunçu kimi təqdim etmək imkanı verir.

 

Əsas səbəblərdən biri kimi, Avropa klublarının artıq 23 yaşı olan oyunçunu heyətə qatıb, onu inkişaf etdirmək marağında olmaması göstərilir. Belədə həmin futbolçular özlərini 17 yaşlı kimi təqdim edib, istənilən komandaya rahat yollana bilirlər.

 

Həmkarlarımız konkret 5 futbolçunun “lipa” olduğundan şübhələnir ki, onlardan biri də Viktor Emenayodu. 2016-cı ildə ölkəmizdə “Şahdağ” klubunun formasını geyinmiş hücumçunun pasportunda 23 yaşında olduğu göstərilirdi. Lakin rəsmi sənədə görə, hazırda 25 yaşı olan nigeriyalının əslində 30 yaşında olduğu vurğulanıb. Emenayo Azərbaycanda olduğu vaxt da mətbuat və azarkeşlər arasında bu məsələ müzakirəyə çıxarılmışdı.

 

“Lipa” olduğu düşünülən digər afrikalılar isə “Deportivo”nun qapıçısı Fransis Uzoho, “Mançester Yunayted”in müdafiəçisi Erik Bayi, “Latsio”nun yarımmüdafiəçisi Jozef Minala və “Duysburq”un hücumçusu Yuzufa Yaffadı. Bayinin (24) yaşının 30, Yaffanın (22) 31, Minalanın (22) isə 40-dan çox olduğu iddia edilib.

 

Qeyd edək ki, bir müddət əvvəl Kamerunun əfsanəvi futbolçusu Samuel Etonun da yaşının 40-dan çox olduğu yazılmışdı.

0