13 Dekabr 09:48 Bacarıqsız Kamran Quliyevin yolasalma mərasimi
FUTBOL xəbərləri 13 Dekabr 09:48
3267 baxış

Bacarıqsız Kamran Quliyevin yolasalma mərasimi

Bu gün AFFA-nın inzibati binasında növbəti tədbir reallaşacaq. Saat 10:00-da Klublar Komitəsinin (KK) iclası keçiriləcək.

 

İl ərzində azı 4 dəfə yığışması planlaşdırılan, amma axırıncı dəfə aylar öncə bir araya gələn klub nümayəndələri nəhayət, şeytanın qıçını qıracaq.

 

Tədbirin startına dəqiqələr qalsa da, nədənsə gündəlik açıqlanmayıb. Deyəsən, klublar özləri də niyə yığışdığını bilmir, sadəcə, formallıq xatirinə bir yerə toplaşırlar.

 

AFFA komitənin bu iclasının gündəliyini açıqlamasa da, zənnimizcə, ilk məsələ sədr seçkisiylə bağlı olacaq. Tuyqun Nadirov və Fikrət Hüseynovla müqayisədə daha zəif işləyən, təşkilati işlərdəki bacarıqsızlığını göstərən Kamran Quliyevin də vaxtı tamamdı. İl ərzində heç nəyə nail olmayan, hətta jurnalistlərə açıqlama verməyə də qarnı ağrıyan “Sumqayıt” prezidenti bundan sonra klubunun dərdləri ilə məşğul olmağa gedə bilər.

 

Bu gün həm də yeni sədr seçilməlidi. Kimlərin namizədliyini verəcəyini bilmirik, çünki perspektivi olmayan, hətta dağılması müzakirə olunan komitəyə rəhbər seçilmək yersiz vaxt itkisidi. “Qarabağ”, “Qəbələ” və “Zirə” kimi iddialı, eyni zamanda sabit uğurlara malik komandaların nümayəndələrinə güvənilmədiyi adamların önə çəkildiyi əvvəlki seçkilərdə göründü. Çünki qondarma komitə görüntü naminə həyatdadı. Elə bu səbəbdəndi ki, bacarıqsız idarəçilərin üzündən KK fəaliyyətsiz orqana çevrilib.

 

Yeni sədr kim seçiləcəksə, ilk işi gündəliyə danışılmış oyunlar məsələsini salmaq olmalıdı. Ölkə futbolunu silkələyən bu problemin geniş müzakirəyə ehtiyacı var. Komitə tərəfindən olaylara münasibət bildirilməli, cəzaların davamının gəlməsi üçün tövsiyə verilməlidi. Bunu etməyəcəklərsə, Klublar Komitəsini AFFA-nın növbəti konfransını gözləmədən dəfn etməyə dəyər (futbolinfo.az).

 

Xəbər lenti