21 May 14:10 Baharın 17-ci anı
FUTBOL xəbərləri 21 May 14:10
1669 baxış

Baharın 17-ci anı

Azərbaycanın qitə miqyaslı yarışlarda üçüncü təmsilçisi adını “Neftçi” qazanıb. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasında mövsümü üçüncü yerdə başa vuran “ağ-qaralar” Avropa Liqasında iştirak hüququna yiyələniblər.

 

Bu, Bakı təmsilçisinin qitə səhnəsinə 17-ci çıxışı olacaq.

 

İndiyədək avrokuboklarda 16 dəfə mübarizəyə start verən paytaxt klubu bu göstəricidə mütləq Azərbaycan rekordunun sahibidi. Artıq “Neftçi” bu rekordu 17-yə çatdırır.

 

Avrokuboklardakı ən uğurlu Azərbaycan klubu “Qarabağ” isə bakılılardan 2 addım geridədi. Ağdam klubu 14 dəfə Avropaya çıxıb. Onlar 15-ci çıxışın astanasındadı.

 

Avropa Liqasına digər vəsiqənin sahibi “Qəbələ” isə hamısı ardıcıl olmaqla, 5-ci dəfə qitə kuboklarında oynayacaq.

 

Avrokuboklara qatılmaq sayında ilk iki pillədə “Neftçi” və “Qarabağ” qərarlaşıbsa, 3-cü sırada “Keşlə”di. Bu komanda “Xəzər Universiteti” və “İnter” kimi 9 dəfə qitə kuboklarında oynayıb. Bakılılar mayın 28-də Azərbaycan kubokunun finalında “Qəbələ”yə qalib gəlsə, Avropaya yubiley – 10-cu biletini əldə edəcək.

 

Ümumilikdə isə 1994/95 mövsümündə Avropa klub futbolu ailəsinə buraxılan Azərbaycanı indiyədək 18 komanda təmsil edib. “Bakı” (əvvəl “Dinamo”) və “Xəzər Lənkəran” 7, “Kəpəz” 6, “Şəmkir” 4 dəfə avrokubok həyəcanı yaşayıb.

 

“Karvan”, “Şüvəlan” (əvvəl “Olimpik” və AZAL), “MKT-Araz” , “Viləş” 2, “ANS Pivani” (əvvəl “Bakı fəhləsi”), “Xəzri”, “Simurq”, “Şəfa”, “Turan”, həmçinin cari mövsüm vəsiqə ümidi olan, finalda “Keşlə”nin uduzmasına ümid edən “Zirə” 1 belə cəhd edib.

 

Qeyd edək ki, Azərbaycan 1994/95 mövsümündə 1, 1995/96 mövsümündə 2, 1996/97 və 1997/98 mövsümlərində 3 komanda ilə təmsil olunub. 1998/99 mövsümündən bu rəqəm 4-ə çatsa da, 2002/03 və 2003/04 mövsümlərində klublarımız yarışdan kənarda qalıb. Təmsilçilərimizin yarışlardakı ümumi çıxış sayı 81-ə bərabərdi. Bəzi komandalar bir il ərzində 2 turnirə qatılsa da, iştirak sayı kimi yarışlar deyil, mövsümlər nəzərə alınıb.