[b]“Bəxtimiz gətirdi” – Georgi Lomaya[/b]
17.05.2018 - 00:00
[b]“Bəxtimiz gətirdi” – Georgi Lomaya[/b]

Gürcüstan U-20 millisinin qapıçılarla işləyən məşqçisi Georgi Lomaya Azərbaycan – Gürcüstan U-20 milliləri arasındakı yoldaşlıq oyunundan sonra apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

Daha əvvəl ölkəmizdə çıxış etmiş və “İnter”in (indiki “Keşlə”) şərəfini qorumuş qapıçı fikirlərini bölüşüb.

 

- Uzun zaman sonra yenidən Azərbaycandasınız...

- Azərbaycan mənim üçün ikinci vətənim kimidi. Burda dostlarımı görməkdən çox şadam. Sevindim yenidən bu ölkəyə gəlməyimə.

 

- Oyun haqqında nə deyə bilərsiniz?

- Bərabərsəviyyəli oyun oldu. Görünür ki, Rəşad çox yaxşı komanda yaradıb. İlk hissədə sizin komandanın çox şansı oldu, ikinci hissədə isə dəyişikliklərdən sonra üstünlük bizim tərəfimizə keçdi və qalib gəldik. Ümumi götürəndə matçın nəticəsinin bərabərlik olduğunu, bəxtimizin gətirdiyini deyə bilərəm.

 

- Oyundan əvvəl qalib gəlib hər kəsə “Gürcüstanda pul az olsa da, futbol Azərbaycandan daha yaxşıdı” fikrini sübut etmək ağlınızdan keçirdimi?

- Bütün hallarda, pul olsa da, olmasa da, meydana çıxırsansa, hədəf ancaq qələbə olmalıdı.

 

- “İnter”dən ayrıldıqdan sonra ilk dəfə gəlirsiz Azərbaycana?

- Xeyr, daha əvvəl gəlmişdim.

 

- İndi sizin zamanınızdakı kimi xarizmatik futbolçular olmadığını düşünmürsüz?

- İstedadlar həmişə olub. İndi də var.

 

- “İnter”də olanlarda xəbəriniz var?

- Əlbəttə var. Avrokuboklarda oynamaq üçün şans yaranıb, onlara ölkə kubokunun finalında uğurlar arzulayıram. Fikrim var ki, oyunu stadionda izləyim. Onlara azarkeşlik edəcəm.

 

- “İnter”in uzun müddət sonra “Keşlə” adlanması sizə necə təsir edir?

- Doğrudur, mən komanda “İnter” adlanan vaxt oynamışam, amma ikisi də eynidi, doğmadı mənə. Eyni meydanda çıxış edirlər. Minnətdaram ki, mənə burda çıxış etmək üçün 7 il şans verdilər.

 

- “Keşlə”nin əsas qapıçısı Kamran Ağayev haqqında nə deyə bilərsiniz?

- Ona uğurlar arzulayıram. Başqa kluba keçən Səlahət Ağayevə də salamlarımı yollayıram.

0