17 Aprel 10:00 “Bu, çempion olacağımızı göstərir” – Qara Qarayev
FUTBOL xəbərləri 17 Aprel 10:00
1872 baxış

“Bu, çempion olacağımızı göstərir” – Qara Qarayev

“Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayevin apasport.az saytına müsahibəsi

 

- Topaz Premyer Liqasının XXIII turunda “Kəpəz” üzərində minimalhesablı (1:0) qələbə qazandınız. Oyun ürəyinizcə oldu?

- Çətin səfərlərimizdən biri idi. Gəncədən 3 xalla dönüb, mövqeyimizi daha da möhkəmlətmək və çempionluq yolunda növbəti addımı atmaq istəyirdik. Şükürlər olsun ki, hədəflədiyimiz nəticəni qazana bildik. Əsas 3 xal almaq idi ki, bunun da öhdəsindən gəldik.

 

- Demək olarmı ki, ot örtüyünün yaxşı vəziyyətdə olması “Kəpəz”dən çox sizin işinizə yaradı?

- Bu, yaxşı futbola kömək oldu. Hər halda, daha baxımlı oyun göstərməyə çalışdıq. Ot örtüyünün durumu təkcə bizə yox, “Kəpəz”ə də kömək oldu. Ümumiyyətlə, son vaxtlar Gəncədə belə meydança görməmişdim. Təqdirəlayiq haldı.

 

- Meydan sahiblərinin kifayət qədər real qol imkanları oldu. Bunu nəzərə alsaq, sizcə, nəticə ədalətli idimi?

- Bizim də az qol şansımız olmadı. Sözsüz ki, səfərdə oynadığımız üçün bilirdik ki, “Kəpəz” təzyiq edəcək. Belədə qol vəziyyətləri yaratmaları normaldı. Bizim üçün əsas məsələ 3 xal qazanmaq idi.

 

- İkinci hissədə topa daha çox sahib olsanız da, sanki komandada arxayınlıq yaranmışdı…

- Ola bilər. Oyun ərzində futbolçularda belə hallar yaranır. Məndə də bəzən rahatlaşma olur. Düşünürəm ki, sizin dediyinizdə həqiqət var. Daha ciddi olmalı, bu matçdakı nöqsanları növbəti görüşlərdə təkrarlamamalıyıq.

 

- İkinci pillədəki “Qəbələ” ilə aranızda 14 xallıq fərq var. Fikirləşmək olarmı ki, artıq çempionsunuz?

- Xal fərqi böyük ehtimalla çempion olacağımızı göstərir. Amma indidən bu barədə düşünmək istəmirik. Çempionat hələ davam edir. Mövsüm bitməyib, bizim də çempionluğumuz rəsmiləşməyib. Çalışmalıyıq ki, bundan sonrakı matçlara da eyni formada motivasiya olunaq və qələbələrimizin sayını artıraq. İndidən çempionluğu bayram etsək, bunun bizə ziyanı ola bilər.

 

- “Qəbələ” futbolçularının çempionluğun əldən getməsi ilə barışdıqları təqdirdə, siz nədən çəkinirsiniz?

- Bu barədə uzun-uzadı danışmaq istəmirəm. Məni əsas öz komandamın mübarizəsi maraqlandırır. Həm “Qəbələ”yə, həm də digər klublara hörmətlə yanaşırıq. Hər komandanın öz məqsədi var. Biz də qarşıya qoyduğumuz hədəfə çatana qədər mübarizəmizi davam etdirəcəyik.

 

Ruslan SADIQOV

Xəbər lenti