11 Dekabr 22:36 "Bununla bağlı heç nə deyilməyib" – Pedro Enrike
FUTBOL xəbərləri 11 Dekabr 22:36
2693 baxış

"Bununla bağlı heç nə deyilməyib" – Pedro Enrike

Bu gün ölkə kubokunun 1/4 final mərhələsinin ilk oyununda “Sumqayıt”la qarşılaşan “Qarabağ” qələbə qazanıb. Meydana sonradan daxil olan, komandasının qələbə qolunu vuran və rəqib qapıçının qırmızı vərəqə almasına səbəb olan Ağdam təmsilçisinin cinah yarımmüdafiəçisi Pedro Enrike qarşılaşmadan sonra apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- Nəticədən və oyundan razı qaldınız?

- Kubok oyunu çempionat matçından fərqli olur. Qələbə qazanmaqdan başqa çıxış yolumuz yoxdu. Rəqib də çətin komandadı. Bu matç göstərdi ki, cavab oyununda işimiz çox çətin olacaq.

 

- Bu çətinlik sıx qrafikdə oynamağınızdan, yoxsa “Sumqayıt”ın müqavimət göstərməsindən yarandı?

- “Sumqayıt”ı sıradan rəqib hesab etməzdim. Bugünkü nəticədə onların da zəhməti var, yaxşı qapanmağı və əks-hücumlardan istifadə etməyi bacarırlar. Külək də oyunun sürətini azaldırdı.

 

- Ehtiyatdan oyuna qoşulmağınız taktiki gediş idi? Çünki meydana çıxdıqdan sonra oyunu xeyli dəyişdiniz…

- Bu suala baş məşqçi cavab verə bilər. Amma təbii qəbul etmək lazımdı. Çünki 2 gün əvvəl çempionat oyunu keçirdik. Ona görə də bu cür rotasiyalar normaldı. Heyətimizdə kifayət qədər yüksək səviyyəli futbolçular var. Kim meydana çıxırsa, üzərinə düşəni yerinə yetirir.

 

- İl sona çatır. Nə ilə yadınızda qalacaq?

- İlin sona çatması ilə mövsümü də yarılamış oluruq. 2017-ci ilə baxdıqda, uğurlu alındı. PAOK-da da müntəzəm oynayır, qollar vururdum. Burda isə xüsusilə son oyunlarda vurduğum qollarla komandama kömək edirəm. Çempionlar Liqasında iştirak etmələ isə təcrübə qazanmış oldum. 2017-ci ili uğurlu hesab edirəm.

 

- Bura gələrkən əsas stimulunuz Çempionlar Liqasında oynamaq idi. Bəs gələn mövsüm üçün istəyiniz nə olacaq?

- Çempionlar Liqası faktoru var idi, amma yeganə səbəb bu deyildi. Müqavilə ilə PAOK-a məxsusam, maya qədər burda qalacam. Qarşıda yoldaşlıq oyunu olsa belə, əlimdən gələnin ən yaxşısını edəcəm. Çempionlar Liqasında oynamaq isə başqa hisslərdi.

 

- PAOK-a geri dönəcəyinizlə bağlı xəbərlər yayıldı. Bu hardan qaynaqlanırdı və əsası varmı?

- Bu, mətbuatın işidi. Yunanıstanda da media fəal çalışır. Amma xəbərlərin hardan qaynaqlandığını deyə bilmərəm. Mənə qışda geri dönəcəyimlə bağlı heç nə deyilməyib. Maya qədər müqaviləm var və burdayam.

Xəbər lenti