17 Fevral 00:00 "Bura gələndən əlimiz üstündədi" - Rail Məlikov
FUTBOL xəbərləri 17 Fevral 00:00
5026 baxış

"Bura gələndən əlimiz üstündədi" - Rail Məlikov

"Bu, 6 xallıq oyundu. Görüşün nəticəsi bizi "Neftçi"dən 5 xal önə də keçirə bilər, 1 xal geri də sala bilər". Bunu apasport.az saytına açıqlamasında "Sumqayıt"ın müdafiəçisi Rail Məlikov deyib.

 

33 yaşlı futbolçu Premyer Liqanın XVI turu çərçivəsində "Neftçi" ilə sabah keçiriləcək matçı dəyərləndirib. O, hədəflərinin qələbə olduğunu söyləyib: "Turnir cədvəli baxımından prinsipial oyun olacaq. Evdə, doğma azarkeşlərimiz qarşısında oynamağımız bizim üçün üstünlükdü. Yaxşı hazırlaşmışıq, meydana qələbə əzmi ilə çıxacağıq".

 

"Sumqayıt"ın prezidenti Kamran Quliyevin qarşılaşma öncəsi "Neftçi"yə keçməsi barədə danışan Məlikov ona yeni işində uğurlar arzulayıb: "Kamran müəllimin gedişi bizim üçün gözlənilməz oldu. Onu yeni klubuna keçidi münasibətilə təbrik edirəm. Özü də növbəti rəqibimizə prezident təyin edildi. İlk görüşü də öz komandasına qarşı olacaq. Nə bizim ona, nə də onun bizə pisliyi dəyib. Kamran müəllimə uğurlar arzulayıram".

 

Millimizin sabiq üzvü qış fasiləsindən sonrakı ilk turda "Zirə" ilə qollu bərabərliyə (1:1) də toxunub. O, hətta 3-cü pilləyə göz dikdiklərini vurğulayıb: "Zirə" ilə görüşdə istədiyimizi əldən buraxdıq. Birinci hissədə üstün olsaq da, ikinci yarıda rəqib daha yaxşı idi. Qarşıya qoyduğumuz hədəf ikinci yarıdakı bütün qarşılaşmalarda qələbə qazanmaqdı. Düzdü, "Zirə" ilə bərabərlik pis nəticə deyil. Amma biz qələbələr qazanmaq istəyirik. Təbii ki, ilk "dördlük"dəki yerimizi möhkəmlətməklə yanaşı, 3-cü pillə uğrunda da mübarizə aparmaq istəyirik".

 

Məlikov digər müdafiəçi Vurğun Hüseynovun cəza ucbatından "Neftçi" ilə görüşü buraxmasına da münasibət bildirib. O, gənc arxa xətt oyunçusu Bəhlul Mustafazadənin kapitanı layiqincə əvəzləyəcəyinə inandığını bildirib: "Vurğun komandanın kapitanıdı, təcrübəli müdafiəçidi. Onun yoxluğunun hiss olunub-olunmayacağı Bəhluldan asılı olacaq. Bəhlul bizim kiçik qardaşımızdı, potensial gənclərdəndi. Bura gələndən əlimiz üstündədi ki, inkişaf etsin, irəli getsin. "Sumqayıt"da daha çox tanındı, milliyə qədər yüksəldi. Onun gənc yaşda ölkə xaricinə yollanmasını, Azərbaycanı Avropada təmsil etməsini arzulayıram. O ki qaldı rəqabətə, 4 mərkəz müdafiəçimiz var. Hamımız yaxşı təsir bağışlayırıq. Demək olar ki, dördümüz də eyni səviyyədəyik. Oyunlarda kim güclüdüsə, o da oynasın".

 

Qeyd edək ki, sabah keçiriləcək "Sumqayıt" - "Neftçi" qarşılaşması saat 18:30-da start götürəcək.