11 Dekabr 12:24 “Çempionatda rəqabət artıb” - MÜSAHİBƏ
FUTBOL xəbərləri 11 Dekabr 12:24
577 baxış

“Çempionatda rəqabət artıb” - MÜSAHİBƏ

Futzal üzrə Azərbaycan çempionatının X turunun mərkəzi oyununda EKOL və “Marafon Futsal” komandaları qarşılaşacaq. Apasport.az saytı xəbər verir ki, EKOL-un aparıcı oyunçusu, millinin heyətinə də dəvət edilən Samir Həmzəyev Futzal Federasiyasının feysbuk səhifəsinə danışıb.


- “Marafon Futsal”la oyunöncəsi komandada vəziyyət necədi?
- Həqiqətən də, çətin oyun olacaq. Bir müddət idi millinin heyətinə dəvət edildiyimizə görə, komandadan ayrı düşmüşdük. Artıq geri dönmüşük və hazırlıq prosesində iştirak edirik. Ancaq qələbə qazanmaq üçün meydana çıxacağıq.
 

- EKOL-dan fərqli, “Marafon Futsal” liderlər qrupunda yer alıb. Debütantın ilk cəhddə boyundan yüksəyə “tullanması” sizi qıcıqlandırmır?
- Onların çıxışını sürpriz hesab etmək olar. Məncə, güclü rəqibdilər. Bu elə oyundu ki, hər üç nəticəyə hazır olmalısan. Əslində, “Marafon Futsal”dan ilk mövsümdə bu cür yüksəliş gözləmirdim. Adətən debütantlar birinci mövsümdə çempinata uyğunlaşmağa, ritmi tutmağa çalışır. Görünür, rəqibimiz daha yaxşı hazırlaşıb.
 

- Hansı komandanın üstün cəhətləri çoxdu?
- EKOL-un hazırkı heyəti xeyli vaxtdı bir yerdə oynayır, anlaşma yaxşıdı, xətlərarası əlaqədə hansısa problem yoxdu. Rəqibimiz isə daha çox legionerlərin hesabına böyük addımlar atır. Həqiqətən də, iranlı legionerlərin komandaya çox köməyi dəyir. Onlar təcrübəli yerli futzalçılarla yaxşı tandem təşkil edirlər. 


- EKOL son 2 oyunda cəmi 1 xal qazanıb. Elə çempionata da yaxşı başlamadınız, sonradan özünüzdə güc tapdınız. Oturuşmuş heyət üçün bu nə dərəcədə normal haldı?
- Rəqiblərimiz güclənib. İndi meydana çıxanda kimin qalib gələcəyini əminliklə demək mümkün deyil. Çünki istənilən komandanın qələbə qazanmaq şansı var. Çempionatda mübarizə, rəqabət artıb. Bu gün “Yasamal” belə, istənilən komandadan xal ala bilər. Xal itirməyimizə gəldikdə, son iki oyunda “Araz” və “FK.İD.Futsal”la qarşılaşdıq. “Araz”la oyunda çox güc itirdiyimizdən, bərpa olunmaqda çətinlik çəkdik, vaxt az oldu. Yorğunluq sözünü dedi.


- Turnir cədvəlinə baxdıqda, mənzərənin heç də EKOL-un ürəyincə olduğunu demək mümkün deyil...
- Bizim üçün gözlənilməz və arzulanmaz mənzərədi. Hələ çempionatın cəmi 9 turu keçirilib. Qarşıda daha 19 tur var və çox suallara cavab tapılacaq. Vacib olan mövsümün sonundakı turnir cədvəlidi. Öz yerimizi tutmalıyıq.


- Hansı komanda yaxşı, hansı gözlədiyinizdən aşağı çıxış edir?
- “FK.İD.Futsal”dan çox şey gözləyirdim. Çünki heyətləri təcrübəli futzalçılardan qurulub. Bu komanda iddialı hesab edilən komandalara qarşı layiqli mübarizə aparırlar, amma elə matçları uduzurlar ki.... “Marafon Futsal”la “Neftçi”İK-nı yaxşı mənada fərqləndirərdim. “Neftçi”nin “Araz”la heç-heçə etməsi və “Marafon Futsal”ı məğlub etməsi güclü olduqlarını göstərir. Yayda heyətlərində dəyişiklik etdiklərinə görə, komanda indi-indi özünə gəlir.
 

- Uzun fasilədən sonra millinin toplanışına dəvət olunub, İranda keçirilən turnirdə iştirak etdiniz. Turnirlə bağlı təssüratınız necədi?
- Hər bir turnirin səviyyəsini iştirakçıları müəyyənləşdirir. Avropa çempionatına hazırlıq baxımından vacib turnir oldu. Rəqiblərimizin son 2 ildə qatıldıqları turnirlərdə əldə etdikləri nəticələr güclərini ortaya qoyur. İran dünya üçüncüsü, Rusiya finalçı, Qazaxıstan isə Avropa üçüncüsüdü. Əlavə şərhə ehtiyac yoxdu. İrana qarşı komandamız çox yaxşı mübarizə apardı. Rusiyaya uduzsaq da, Qazaxıstanı üstələdiyimiz halda, sonradan hesabda geri düşdük. Buna rəğmən, yekunda xal qazanmağı bacardıq. Bu turnirdə baş məşqçi təbii ki, yeni taktiki gedişləri, “ev tapşırıq”larını yoxladı. 
 

- Nəticəni normal hesab etmək olar?
- Əlbəttə, əldə edilən nəticə pis deyil. Reytinq cədvəlinə diqqət yetirsək, rəqiblərimizin hamısının bizdən irəlidə olduğunu görərik. Yaxşı sınaq oldu, bunu bəhrəsini Avropa çempionatında görmək mümkündü. Baş məşqçi boşluqları, səhvləri, çatışmazlıqları təsbit etdi. Qarşıdakı təxminən 2 aya yaxın vaxtda bunları aradan qaldırmaq lazımdı. 

Xəbər lenti