[b]“Cəsarətli dost. Sən çox böyüksən” – ulduzların vida tviti[/b]
14.11.2017 - 12:39
[b]“Cəsarətli dost. Sən çox böyüksən” – ulduzların vida tviti[/b]

2017-ci ildə bir neçə ulduz futbolçu karyerasını bitirdi. Filipp Lam, Xabi Alonso, Frenk Lempard, Françesko Totti, Andrea Pirlo...

 

Bu siyahını uzatmaq da olar. Canluici Buffon isə hələlik yalnız milli karyerasını başa vurdu. Buna baxmayaraq, yuxarıda adları sadalanan ulduzların futboldan gedişi belə, bu qədər təsirli olmadı.

 

Doğrudu, o, yığmanı heç də arzuladığı formada tərk etmədi. 6-cı dəfə dünya çempionatında iştirak etmək şansını əldən verdi. Lakin bunların heç biri Buffonun möhtəşəm karyerasına ləkə sala bilməz. Çünki İtaliya kimi nəhəng komandada 39 yaşa qədər çərçivəni heç kimə verməmək hər oyunçunun işi deyil. Bunun üçün təkcə güclü futbolçu olmaq kifayət etmir.

 

Buffon təkcə qapıçı və kapitan deyil, həm də əsl lider və ağsaqqaldı. Bu faktı birlikdə oynadığı komanda yoldaşları yox, üz-üzə gəldiyi ulduzlar da danmırlar. Bunu onların sosial şəbəkədə Buffonla bağlı paylaşımlarından görmək mümkündü. Bir neçə ulduz futbolçu tvitter səhifəsi vasitəsilə yaşayan əfsanəyə dəstək nümayiş etdirib.

İker Kasilyas: “Ağladığını görmək çox məyusedicidi. Hər kəs üçün bir əfsanə olaraq qalmağını istəyirəm. Dəfələrlə səninlə üz-üzə gəldiyim üçün qürur duyuram. Oyununla bizi sevindirməkdə davam etməlisən, dostum!”

Frank Riberi: “Hər oyunçu üçün çətin rəqib, böyük xarakter və örnək. Beynəlxalq karyerana hörmət edirik”.

Robert Levandovski: “Əfsanə Canluici Buffon”.

Serxio Ramos: “Dünya futbolu səndən ötrü darıxacaq. Cəsarətli dost. Sən çox böyüksən”.

Lukas Podolski: “Təşəkkürlər, Buffon. Meydanda və ondan kənarda ən güclülərdən biri. Əfsanə”.

0