[b]Debüt matçında möcüzə yaradan "San Cici": Azarkeşlər ona nə bağışlamışdı? (III hissə)[/b]
24.05.2018 - 16:32
[b]Debüt matçında möcüzə yaradan "San Cici": Azarkeşlər ona nə bağışlamışdı? (III hissə)[/b]

Fulqoni də Cicidən şikayətçi deyildi. Əslində, o, yolagedən kimliyi ilə diqqət çəkən Buffonun ədəbsiz tərəfinin futbolun onun önünə çıxardığı maneələri dəf etmək üçün lazımlı olduğunu düşünürdü.

 

Fulqoni heyranlıqla ondan bəhs edir: “Meydanda, meydandan kənar – bu oğlan əsl xarakter nümunəsidi. Təvazökardı, şəxsiyyəti ilə ön plana çıxır.

 

Bir dəfə ondan yaşca böyük qapıçılarla işləyirdim. Məşqin gedişini önəmsəmirdilər deyə, onlara qulaq burması vermək istədim. Üstlərinə qışqırdım: “Bu uşağa baxın, ondan çox şey öyrənməlisiz. O, İtaliya yığmasında oynayacaq. 20 yaşı olanda isə artıq A Seriyasında forma şansı qazanacaq”.

 

“Cənab, bəs ondan sonra nə edəcəm?” – deyə, Buffon zarafatla dilləndi. Bu, Cicidi, onu dəyişdirə bilməzsiz. Bu, onun həm insan, həm də oyunçu kimi kimliyini müəyyənləşdirən şeydi”.

 

Skala Buffonun əsas heyətə düşməyə layiq olduğuna inanırdı. 1995-ci ilin noyabrı, bu səfər Luka Buççi zədə səbəbindən sıradan çıxmışdı.

 

Skala: “Alessandro Nista bizim əvəzedici qolkiperimiz idi. Odu ki, “Milan”a qarşı oynamaq üçün hazır vəziyyətdə gözləyirdi. Ancaq bazar ertəsi keçirilən məşqdə Buffon inanılmaz idi. Əslində, hər gün eyni şey təkrarlanırdı: zərbə ardınca zərbə dəf edirdi, onu dayandırmaq mümkün deyildi. Cümə günü qapıçılarla işləyən məşqçi – Enzo Di Palma ilə söhbətləşdim. Ona dedim: “Sən də mənim gördüyümü görürsən?”

 

“Bu uşaq bizim düşündüyümüzdən də yaxşıdı. Amma “Milan”a qarşı oyunda onu start heyətinə daxil edə bilmərik. Səhvə yola verəcəyi təqdirdə özünü toparlayacağına inanmıram” – deyə, Enzo fikrini əsaslandırdı.

 

Bununla belə, şənbə günü məşqdə yenidən möhtəşəm performans ortaya qoyduğundan, həmin gecə onunla danışmaq qərarına gəldim. Sakit və dinc olduğunu gördükdən sonra matça onunla başlayacağımdan əmin oldum. Artıq ona şübhə ilə yanaşmırdım”.


Matça cəmi bir neçə saat qala, “Tardini”yə gedərkən, Baccio və Veanı dayandırması gözlənilən adamın avtobusda yatıb qalması bəzi komanda yoldaşlarını təşvişə salmışdı. Təbii ki, onlar Buffonun rahatlamasını istəyirdilər, ancaq bu dərəcədə yox.

 

Stadiona gedərkən oğullarının matça start heyətində başlayacağı Buffonun valideynlərinin ağıllarından belə, keçmirdi.

 

Anası Maria: “Debüt etmə ehtimalının olduğunu bizə deməmişdi. Oyundan bir gün öncə qardaşım dedi ki, Cicinin debüt edəcəyinə dair söz-söhbətlər gəzir, ancaq mən inanmadım. 17 yaşında bir uşaq idi, Maldini, Vea, Kostakurta kimi “əjdahalar”ın olduğu “Milan”ın qarşısına çıxacağına inanmırdım. Odu ki, sakitcə oyunu izləmək üçün stadiona yollanmışdıq”.

 

Stadionun daxilində Fulqoni xəbəri onlara çatdırır: “Anidən təşvişə düşdülər. Dedim ki, narahat olmayın, oğlunuz həqiqətən də oynayacaq gücdədi, əminəm ki, əla oyun nümayiş etdirəcək”.

 

Buffon isə “Parma”nın soyunub-geyinmə otağında gərgin halda gözləyirdi. Yaxın dostları Massimo Krippa və Alessandro Melli hər şeyin yaxşı olacağını deyərək, onu sakitləşdirdilər.

 

Hətta “Milan” futbolçuları da ona yardımçı olmağa çalışırdılar. Buffon meydana çıxmaq üçün tuneldə gözləyəndə rəqib komandadakı həmkarı Sebastiano Rossi və sağ cinah müdafiəçisi Kristian Panuççi dəstək vermək adına onunla söhbətləşmişdilər. Sonra isə 16 yaşında İtaliya A Seriyasında debüt edən Paolo Maldini onu nəzərdən keçirmiş, gülümsəyərək uğurlar arzulamışdı.

                                            

 

Artıq Buffon meydana çıxmağa can atırdı, həm də həddindən artıq. 1995-ci il, 19 noyabr – “Parma”nın tarixində ilk, bəlkə də, sonuncu dəfə komanda fotosu qapıçısız çəkilmişdi. Səbəb sadədi: Buffon belə şeylərə öyrəşməmişdi. Birbaşa Primaveradan gəlmişdi və orada komandalar oyundan öncə komanda fotosu çəkdirmirlər.

 

Futbolçular bir-birləri ilə əl sıxışırlar, ardından kapitanlar mərkəzdən topa kimin başlayacağını, hansı komandanın hansı qapını seçəcəyini müəyyənləşdirirlər. Buffon isə bunların ardından birbaşa qapı meydançasına doğru hərəkətlənmişdi. Təkcə “RAI 3”ün arxivində qalan köhnə kadrlardan görmək mümkündü ki, “Parma” futbolçuları onu şəkil çəkdirmək üçün çağırırlar, ancaq artıq çox gec idi: Buffon qapısında yerini almışdı. “Milan” sonradan olacaqları bilsə, yəqin ki, onun qapıda olmaması üçün dua edərdi.

 

17 yaşlı debütant oyun başlamadan öncə həvəskar bir səhvə yol versə də, matçın başlama fitindən sonuna qədər səhvsiz çıxış etdi. Qurtarışlar bir-birini əvəz edirdi. Xüsusilə də, Baccio, Vea və Zvonimir Bobanın zərbələri qeyd olunmalıdı. Skalanın dediyi kimi – Cici möcüzələr yaratmışdı.

Bu qurtarışlar sonradan “San Cici” adını alacaq şəxsin çoxsaylı “seyvlər”inin ilkləri idilər. 1997-ci ildə “İnter”lə oyunda fenomen Ronaldonun penalti zərbəsini dəf etdikdən sonra “Parma” fanatları yeni qəhrəmanlarına Supermen köynəyi hədiyyə etmişdilər. İki il sonra Buffonun İtaliya kubokundakı zəfəri qeyd edərkən əyninə keçirdiyi köynək də məhz həminki idi.

 

Aralarındakı bənzərliyi danmaq olmaz. Qaməti və gücü sayəsində insanlıqdan kənar atletizmi ilə diqqət çəkən qəhrəman ortaya çıxmışdı. Hətta iş o yerə gəlmişdi ki, Buffon səhv edəndə belə, müqayisələr davam edirdi.

 

2016-cı ildə, milli və klub səviyyəsində etdiyi bəzi səhvlərə görə artıq ən yaxşı formasından çox uzaq olduğu yazılır, tənqid atəşinə tutulurdu. “Yuventus” azarkeşləri isə “Udineze” ilə oyundan öncə Buffona dəstək üçün üzərində, “Hətta bəzi anlarda Supermen belə sadəcə Klark Kentdi” yazılan banner açmışdılar.

                                                

 

Bütün bu şan-şöhrətə rəğmən, Cici hardan gəldiyini unutmur.

 

Maria: “İdman bizim üçün həmişə çox önəmli olub. Səbəbi təkcə fiziki tərbiyənin üstünlükləri ilə məhdud deyil. Biz idmanı uşaqlara başqaları ilə əlaqə yaratmağı, uduzmağı və əziyyət çəkməyi öyrətməyin bir vasitəsi olaraq görürük. Təbii ki, Cici çox əziyyət çəkib. Şanslıdı ki, çoxlu zədələr və bərbad məğlubiyyətlər olmasına baxmayaraq, buralara gələ bildi.

 

2010-cu ildə dünya çempionatı zamanı Cənubi Afrikadan bizə zəng eləmişdi. Yatağında idi, telefonun mikrofonu ilə danışırdı, çünki kürəyində problem var idi. Hətta yerində çevrilə də bilmirdi.

 

İdman həyat kimidi. Sənə əziyyət çəkməyi, çətinliklərin öhdəsindən gəlməyi öyrədir. O, həm də təvazökar olmağına şərait yaradır. Bütün olanlara baxmayaraq, Cici hələ də dəyişməyib.

 

“Milan”la oynadığı debüt matçından sonra Cicini görə bilmədik, çünki maşınla Veronikanın voleybol oyununa özümüzü yetişdirməli idik. “Oğlunuz möhtəşəmdi” və s. - orda çoxlu komplimentlər eşitdik. Onu Lev Yaşinlə müqayisə edirdilər. Əslində, Yaşinin kim olduğunu heç bilmirdim.

 

Parmaya qayıtdıqdan sonra Buffonun artıq rahatladığını gördük. Həmin gecə televiziyada “balaca Buffon”dan danışılırdı, ancaq bizim üçün o, hələ də Cici idi. Sonrakı gün qəzet almaq üçün evdən çıxmışdıq. Evə qayıdanda Buffon telefonda idi və bizi sakitləşdirməyə çalışırdı. Bizi niyə susdurmağa çalışdığını soruşdum, cavab verdi: “Çünki hazırda TV-də canlı yayımdayam”.

 

Ancaq Cici heç vaxt dəyişmədi, çünki xarakteri həyat yoldaşımın xarakterinə bənzəyir. O, çox təmkinli və ağlı başında adamdı”.

 

Adriano ona yaxşı tərbiyə verib. Onun sayəsində “Supermen”in ayaqları hələ də yerdədi. Başqaları onun unikal olduğundan bəhs etdiyi halda, Adriano oğlunun sadəcə yaxşı olduğunu düşünür.

      

 

Cici superqəhrəman olmadığının fərqindədi. O, ətrafındakıların yardımı olmadan heç kim olduğunu yaxşı bilir. Buna görə də, həmişə onlara minnətdardı.

 

İstər maddi, istər iş cəhətdən Buffonun ailəsinə çox yardımı dəyib, ancaq evində o hər zaman Cicidi – ailənin uşağı.

 

1997-ci il - o məşhur Rusiya soyuğunda İtaliya millisində debüt etdikdən sonra, həmişə olduğu kimi, formasını Avio Mençoniyə göndərib.

 

İki il öncə İtaliya kuboku çərçivəsində “Yuventus” “Parma” səfərinə yollananda Ermes Fulqoni ilə görüşərək, keçmiş və gələcək üzərinə saatlarla danışmışdılar.

 

Və ötən il növbəti mükafatını qazanan kimi ilk iş olaraq, Nevio Skalaya zəng eləmişdi.

 

Skala: “Zəng elədi və dedi: “Salam, cənab, necəsən? Bilirəm, uzun müddət keçir artıq, ancaq mənim üçün etdiklərinə görə sənə nə qədər minnətdar olduğumu demək istərdim”.

 

Təəccüblənmədim. Bu, Buffondu, bu, onun tərzidi”.

 

Məhz elə buna görə də, o, həmişə “nömrə 1” olaraq qalacaq.

 

Hazırladı: Mark Doyl (Goal.com)

 

Tərcümə: Rüfət Məcid (Apasport.az)

0