[b]Dəyişməyən müşahidəçilər, "günahkar" katib və ya “Neftçi” üzərində edilən "dəlləklik"[/b]
11.06.2018 - 15:19
[b]Dəyişməyən müşahidəçilər, "günahkar" katib və ya “Neftçi” üzərində edilən "dəlləklik"[/b]

“4 ildi “Neftçi” üzərində "dəlləklik" edilir, hər dəfə vəziyyətdən çıxmaq üçün yeni-yeni eksperimentlər aparırlar. Son şans legioner baş məşqçidi”. Apasport.az saytının məlumatına görə, bu sözlər “Neftçi”nin sabiq vitse-prezidenti Tahir Süleymanova məxsusdu.

 

Keçmiş komandasında baş verənləri feysbuk səhifəsində dəyərləndirən Süleymanov paytaxt klubunun yeni baş məşqçisi Roberto Bordinə də mesaj göndərib.

 

“Bilmək olmaz, azərbaycanlı əcnəbi dili bilənlərdən növbəti uğursuzluq olarsa, alman idman direktor, ispan vitse-prezident, ingilis prezident, fransız müşahidəçi-sədr “Neftçi”nin yolunu gözləyə bilər. Vaxt çox, “ideya”lar tükənməz. Beləcə bir 4 il də ötüb keçər...” – deyə, Süleymanov yazıb.

 


“Neftçi”də kadr dəyişikliyi adət halını alındığını vurğulayan sabiq vitse-prezidentin fikrincə, hər il yeni rəhbərlik, baş məşqçi ilə başlanılır, daha yeniləri ilə mövsümün finişinə gəlinir: “Hətta mətbuat xidmətinin əməkdaşları da dəyişdirilir. Görəsən, onların transfer, nəticələrdə nə "günahı" var?!
 

Dəyişməyən müşahidəçilərdi. 2015-ci ildə 2017-ci ili Çempionlar Liqasının qrupunda qarşılamağı hədəfləyənlər bu il "Qarabağ"ın qrupdan sonra növbəti çempionluğu şərəfinə təzələrlə birgə boyunlarından "bürünc"ü asmağı unutmadılar. Nə yaxşı ki, PFL-in ehtiyatında medal qalmışdı. Yoxsa yerli azarkeşlərin təhqiri fonunda heç yaxşı alınmazdı...

 

Üçüncülük "Neftçi" üçün nəticə sayılmasa da, təəssüf ki, son illərin ən uğurlu göstəricisidi.
 

Mövsümün strartından sonra komandaya gələn Tərlan Əhmədovla müqavilə uzadılmadı. Yeganə məqamı vurğulayım ki, o, sona qədər ümid etməməli, gözləməməli idi. Son damla, məşhur "like"dən sonra özü sağollaşıb getməli idi. Əksər azarkeşlərin dəstəyinə baxmayaraq, onsuz da, bilirdi ki, qalmayacaq, saxlamayacaqlar.
 

Yeni baş məşqçi italyan Roberto Bordinə xilaskar gözüylə baxılır. Yenidən kağız üzərində Müşahidə Şurasının önə çıxması, daha doğrusu, "önə" verilməsi rəhbərliyin məsuliyyətdən qaçması, gələcək uğursuzluqları indidən sığortalaması görüntüsü yaradır. Yenidən prezident idarə-üsuluna qayıdılarkən birbaşa deyilmişdi, sistem özünü doğrultmadı. Bütün məsələlərə cavabdeh prezident və komandası olacaq. Faktiki bu gün də belədi.
 

Hörmətli Çingiz Abdullayev dəfələrlə bildirib: "klubu prezident və vitse-prezidentdən soruşun, cavabdeh onlardı". Baş məşqçinin ictimaiyyətə təqdim olunmasında nəinki sədr, üzvlərdən heç birinin olmaması qeyd olunanların əyani göstəricisidi...
 

"Neftçi"nin prezidenti Kamran Quliyevin "Bordini çətin yol gözləyir" ifadəsi baş məşqçidən daha çox özlərinə aid olmalıdı. Hazırkı durumda ən uyğun mövqedə elə Bordindi. Gələ biləcək uğursuzluğa yüz cavabı var. 2 illik qarantiyalı müqaviləsi də cibində. Baş məşqçi dəyişikliyinə qol qoyan rəhbərlik "Neftçi"nin sabahına, nəticələrinə birbaşa cavabdehlik daşıyacaq. "Neftçi" son çempionluq, kuboklarını, tarixi qrupu yerli məşqçilərə üstünlük verərək qazanıb. Əgər bu gün italyanın "sehirbaz çubuğuna" inanılırsa, vaxtilə "Neftçi" təcrübəsiz Arif Əsədova şans verməkdən belə çəkinmədi. Daha ağır çempionatda, daha güclü rəqiblərlə...
 

Rəhbərlik hər zaman məsuliyyəti öz üzərinə götürməyi bacarmalıdır. Uzun illərdən sonra əcnəbi baş məşqçiyə üstünlük verilibsə, çempionluq mütləqdi və yerli məşqçilərin qazandığı uğurlardan daha artığı olmalıdı. Bu da minimum Avroliqanın qrupu deməkdi. Əks halda əcnəbi məşqçiyə nə ehtiyac var?! 
 

"Neftçi"nin büdcəsinin artırılmasından söhbətlər dolaşır. Klubun heç zaman büdcə problemi olmayıb. Pul problemi olan klubun nümayəndələri Braziliyadan vurub Paraqvaydan çıxa, Avropanı gəzib-dolaşa bilməz. Son 3-4 ildə komandada 250-300 min dollarlıq futbolçular çıxış edib. Real qiymətləri bu olmaya bilər, müqavilələri buna uyğun idi. Bu gün də heyətdə yerli, legionerli kifayət qədər ödənişli futbolçular var. Büdcədən şikayət olunacaqsa, onda Maksimovlu "Keşlə" Qəbələdə özünü dar ağacından asmalıydı, kuboku qazanmazdı...
 

İtalyan "Neftçi"də Gededən sonra son 8-9 ilin ən ödənişli baş məşqçisi olacaq. Rəhmətlik Böyükağa Hacıyevin illik müqaviləsi bu qədər deyildi. Bu amil baş məşqçinin üzərində böyük təzyiq yaradacaq. Vaxtilə "futbolu bilən" rəhbərlik Şıkova 300 min dollar ödəməklə balansı necə pozmuşdusa, komanda "yerimirdi". Dərk etmədilər ki, bahalı müdafiəçin varsa, minimum 300-400 minlik orta xətt oyunçuların, hücumçuların olmalıdı. İndi isə ilk olaraq pulu baş məşqçiyə verirlər. Roberto 4 legioner istəyib. Deməli, futbolçular ödənişli, ustalıq səviyyələri yüksək olmalıdı. Müasir futbolda heç bir klubda baş məşqçilər ən ödənişli olmurlar. Komandanı arxasınca apara biləcək "onurğa sütunu"nu təşkil edən futbolçular olmalıdı. Balans pozularsa, futbolçular hər xırda uğursuzluğu ən çox pul qazananda görəcəklər.
 

Legionerlərlə yanaşı, daxili çempionatda yaş limitli ilə bağlı istedadlı yerli futbolçu problemi də olacaq. Təəssüf ki, ən azı 5 illik "Neftçi" üçün hazırlanan yerli ehtiyat qüvvə düşməncəsinə dağıdıldı. Adlar çəkməyə ehtiyac yoxdu, hər kəs bilir. Çempion "Qarabağ"da, digər klublarda lider kimi lazım olan futbolçular "Neftçi"də "yararsız" sayıldı. Yararsız isə bu addımları atan "Neftçi" rəhbərliyi, məşqçilər idi...
 

Azərbaycan futbolundan Toşak, Adams, Starkov, Dənizli, Petrjela, Syomin kimi tanınmış məşqçilər baş çıxara bilməyiblər. Roberto bizim çempionata İtaliya "C", "B" seriyası kimi baxsa, özünə, "Neftçi"yə problemlər yaradacaq. Təqdimetmə mərasimində "Neftçi"-"İnter" Milan görüşlərini xatırladığı səviyyədə yanaşsa, uğur qazana bilər.
 

İstənilən halda klub yeni dönəmə qədəm qoyur. "Neftçi"nin böyüklüyü göl, dəniz deyil, okeandı. Bu dəfə də alınmasa, okean sələfləri kimi indikiləri də "Titanik"in gününə salıb birdəfəlik batıracaq. Batmamağın tək yolu, "Neftçi"nin zirvələrdə olması, Avropanı yenidən fəth etməsidi...”

0