[b]“Edə biləcəyimiz bir şey yoxdu” – Fariz Nəcəfov[/b]
11.07.2018 - 19:47
[b]“Edə biləcəyimiz bir şey yoxdu” – Fariz Nəcəfov[/b]

“Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov Avropa Liqasının I təsnifat mərhələsində “Proqres”lə sabah keçiriləcək oyun öncəsi jurnalistlərin suallarını cavablandırıb. Apasport.az saytının əməkdaşının da iştirak etdiyi brifinqdə klub rəsmisi qarşıya qoyulan hədəflərdən söz açıb.

 

- “Qəbələ”ni fərqli məcrada növbəti sınaq gözləyir. Komandanı bu dəfə Avropa Liqası matçlarına yerli mütəxəssis Sənan Qurbanov çıxaracaq. Sizdə hansısa narahatlıq, həyəcan varmı?

- Xeyr, narahatlığımız yoxdu. Sözsüz ki, həm məşqçi, həm futbolçular baxımından komandada dəyişikliklər oldu. Komandaya yeni gələnlər var. Bu səbəbdən bir az fərqli olacağını gözləyirik. Amma istənilən halda nəyə gücümüz çatırsa, maksimum dərəcədə uğurlu çıxış etməyə çalışacağıq.

 

- Kapitan Cavid Hüseynovun yoxluğu komandanın çıxışına mənfi təsir göstərə bilərmi?

- Bir daha deyirəm ki, narahatlığımız yoxdu. Kimlərinsə olmaması bizdən asılı olmayan səbəblərdəndi. Əlimizdə hansı futbolçular varsa, məşqçilərimiz onlardan istifadə etməyə çalışacaqlar. Cavid komandanın aparıcı futbolçusu, kapitanıdı. Ancaq edə biləcəyimiz bir şey yoxdu.

 

- Sabahkı oyunda hansı nəticəyə ümid edirsiniz?

- Proqnoz verməyi xoşlayan adam deyiləm. Heç vaxt da oyunun nəticəsi ilə bağlı əvvəlcədən nəsə deməmişəm. Əsas odu ki, iki oyunun nəticəsinə görə, növbəti mərhələyə keçən komanda biz olaq. Rəqib ötən mövsüm avrokubokda “Reyncers” kimi komandanı üstələmişdi. Bu üzdən maksimum məsuliyyətlə yanaşmaq lazımdı.

 

- Əsas hədəf yenə qrupa düşməkdi?

- Ardıcıl iki il Avropa Liqasının qrupuna düşəndə fərqli heyətlərlə çıxış etmişdik. Yeni qurulmuş komanda ilə belə uğurlu çıxış etmək nadir hallarda olur. İndi də komandada kifayət qədər ciddi dəyişikliklər var. Həmişə olduğu kimi, yenə gücümüz maksimum nəyə çatırsa, onu etməyə çalışacağıq.

 

- Mərhələni keçsəniz, yeni transferlər gözlənilirmi?

- Xeyr, transferləri yekunlaşdırmışıq. Ola bilər ki, qış fasiləsində gedən və gələn olsun. Ancaq hazırkı heyətlə yolumuza davam edəcəyik.

0