[b]Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş[/b]
17.07.2018 - 19:15
[b]Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş[/b]

“Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş” məsəli var dilimizdə. Çox sevirəm bu deyimi. Son vaxtlar ümumiyyətlə, tez-tez təkrar edirəm özlüyümdə. Əsasən də azərbaycanlı futbol azarkeşləri haqqında düşünərkən.

 

İndi deyəcəksiniz ki, nə əlaqəsi var? Bir az səbr edin, sözümün canını açıqlayacam.

 

Ara-sıra klubların sosial media səhifələrində baxıram. Hansısa bir paylaşımın altında bir də baxırsan ki, 1000+ rəy yazılıb. Əlüstü göz atırsan ki, yazanlardan 10 faizi dəstək veribsə, geridə qalanların əksəriyyəti ittihamla məşğuldu: “Niyə hücumçu almırsız?”, “Niyə filan futbolçunu gətirmədiniz?”, “Bu nə oyundu?”, “Belə də futbol olar?”, “Yeni transfer bir qəpiklik oynamır”, “Yox əşşi, bu dəfə sizdən bir şey olan deyil” və s. kimi onlarla tənqidi, ittiham dolu şərhlər “göz deşir”. Düşünürsən ki, azarkeşdi də, klubuna canı yanır, amma... Amması ağırdı...

 

Sabah həmin o statusuna 1000-dən çox şərh yazılmış komandanın matçına gedirsən, görürsən ki, tribunada heç 300 azarkeş yoxdu. Yaxşı, bəs hara getdi bu qədər canıyanan adam?

 

Deməli, bizim azarkeşlərimiz də bir çox sahələrdə olduğu kimi ancaq dil qəhrəmanları, klaviatura patriotlarıdı.

 

Sən klubdan transfer tələb et, çempionluq tələb et, avrokuboklarda mərhələ tələb et, canım sənə desin, gözəl oyun, çoxlu qol, bolluca xallar istə, amma bütün bunları görmək üçün stadiona getmə. Uğur əldə olunanda da mən filan komandanın azarkeşiyəm deyib sinənə döy, yenə sosial şəbəkələrdə klaviatura qəhrəmanlığı elə, rəqib azarkeşlərlə söz davasına çıx, ol “bomba azarkeş”.

 

Yox, əzizim. “Bomba azarkeş” elə olunmur. Bax, bu məqamda yuxarıda dediyim məsəl düşür yadıma. Sən nə əkəndə, nə biçəndə komandanın yanında olursan, axırda da deyirsən yediyindən mənə də pay ver.

 

Ötən həftə Avroliqanın I təsnifat mərhələsinin ilk oyununda “Proqres”lə qarşılaşan “Qəbələ”nin matçı üçün bu şəhərə ezam olunmuşdum. Cəmi 3-4 min tutumu olan stadionun yarıdan çoxu boş idi. Ən çox ürək ağrıdan da nə idi bilirsiz?

 

Klub rəsmilərindən biri oyundan sonra söhbət edirdi, deyir matçdan qabaq əlimdə bir topa bilet, düşdüm şəhərin mərkəzi parklarına, camaatın sıx toplaşdığı yerlərə, az qala hamıya bir-bir təklif etdim ki, şəhərinizin komandası Avroliqada oynayır, buyurun bilet, lazım olsa, sizi stadiona aparmaq üçün avtobus da təşkil edərik, yetər ki, gəlin, izləyin, baxın.

 

Bu çağırışın qarşısında cəmi 2 (!) nəfər; bir yaşlı qadın qız (!) nəvəsi ilə və bir ortayaşlı kişi iki oğlu ilə oyuna gəlməyi qəbul edib. Bəs o camaatın, o əhalinin klubu məğlubiyyətə görə tənqid etməyə haqqı varmı? Söhbət iki dəfə Avroliqa kimi nüfuzlu turnirin qrup mərhələsində çıxış etmiş komandadan gedir.

 

Bu sətirləri yazarkən sabah Çempionlar Liqasının ilk təsnifat mərhələsində cavab matçına çıxacaq “Qarabağ”ın bilet satışı ilə maraqlandım. Azərbaycan futbol tarixinin ən uğurlu klubu, Çempionlar Liqası kimi möhtəşəm turnirin himnini Azərbaycan arenalarında səsləndirmiş komandanın oyununa bir gün qalıb, amma nəzərdə tutulan biletlərin cəmi 30 faizi satılıb.

 

Azarkeşlik adına yumşaq desək, məyusedici, düzünü desək, biabırçı faktdır. Axı bu görüş nə uzaq Suraxanıda, nə nəqliyyat baxımından əlverişsiz Olimpiya Stadionunda keçirilir. “Şəhərin göbəyi”ndə, “Gənclik” metrostansiyasında, hava şəraitinin uyğun vaxtında azarkeş oyuna niyə getmək istəməsin axı? Amma sabah hansısa uğursuzluq fonunda hamı ağzını yan qoyub “əşşi bizimkilər futbol bacarmırlar” deyəcək. Axı sabah hamı “Qarabağ”dan yenidən ÇL qrupuna düşməyi tələb edəcək. Zirvəyə dırmaşmaq üçün çıxdığın yolun ilk addımlarından uğurlu olmalısan axı.

 

Səfərdəki 1:0 hesablı qələbə hələ heç nə demək deyil. Komandanın mərhələ keçməsi üçün evdəki oyun həlledici olacaq. Meydanda oyunçuların nəticəyə təsir gücü nə qədərdisə, tribunadakı azarkeşlərin təsiri də o qədərdi. Əmin olun ki, sizin aldığınız biletlərdən gələn 20-30 min manat klub üçün o qədər də maraqlı deyil, amma sizin o arenada komandaya dəstək olmağınız verdiyiniz ən böyük xeyirdi.

 

Özünüzü bu uğurda pay sahibi olmaqdan, komandanı isə dəstəkdən məhrum etməyin.

 

Hələ də gec deyil, sabah bütün futbolsevərlər “Qarabağ” üçün və həm də Qarabağ adını dünyaya tanıtmaq üçün stadionda olun! Siz dəstəkləyin, siz istəyin, siz alqışlayın, onlar da qazansınlar.

 

Əkəndə də, biçəndə də, yeyəndə də ortaq olun!

 

Zaur XUDİYEV

0