13 Dekabr 12:23 Fariz Nəcəfov: Limit dəyişdirilməlidi
FUTBOL xəbərləri 13 Dekabr 12:23
3805 baxış

Fariz Nəcəfov: Limit dəyişdirilməlidi

“Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov jurnalistlərin suallarını cavablandırıb. Apasport.az saytı xəbər verir ki, bölgə klubunun rəsmisi maraqlı məqamlara toxunub.

 

- Çempionatda II dövrə başa çatdı. Komandanın çıxışı sizi qane etdimi?

- Daha yaxşı ola bilərdi. Xüsusilə də, ikinci dövrədə yaxşı çıxış etdik. Ümid edirəm ki, qarşıdakı 2 dövrədə də yaxşı nəticəyə imza atıb, çempion olacağıq.

 

- “Qarabağ” nə qədər güclü olsa belə?

- Futbolda gözlənilməz nəticələr çox olur. “Qəbələ” çempion olsa, bu da gözlənilməz deyil. Çünki bunun üçün çalışırıq. Əsas rəqibimiz “Qarabağ” nə qədər güclü olsa da, bizim də üstün tərəflərimiz var.

 

- Mətbuatı bu məqamda transfer çalışmaları maraqlandırır. Yenilik varmı?

- Məşqçi ilə söhbətimiz olub, amma kubok oyunundan sonra da görüşəcəyik. Ciddi dəyişiklik gözlənilmir. Hər kəsin müqaviləsi davam edir. Avroliqa üçün komanda tam hazır olmalıdı. Premyer Liqanın limit məsələsi uyğun gəlmir, çünki legioner oyunçularımızı çox saxlaya bilmirik. Güclü yerli futbolçular da çox azdı. Limit dəyişdirilsə, yaxşı olar. Bu, avrokuboklarda yaxşı çıxış etməyimizə kömək edəcək.

 

- Bir neçə legioner futbolçunuz ehtiyatda qalır. Onlarla bağlı planlarınız varmı?

- Həmin futbolçuları ümidlə transfer etmişdik. Ancaq heyətə düşə bilmirlər, üstəlik narazıdılar. Narazılıqlarını haqlı hesab edirəm. Çünki buraya oynamaq üçün gəliblər. Amma limit məsələsinə görə ehtiyatda qalırlar. Baş məşqçini də qınamıram. Onun razı qaldığı heyət var və digərlərini əlavə edə bilmir.

 

- Bəlkə yerli futbolçulara üstünlük verəsiniz? “Qarabağ”da ehtiyatda qalan belə oyunçular çoxdu…

- Onların klubu ilə müqaviləsi var. Bizdə isə başqa yerli, keyfiyyətli futbolçular yoxdu. Akademiyadan gələn yeni nəsil futbolçularımız var. Onların gələcəkdə əsas fiqurlardan olacağını əminliklə vurğulaya bilərəm. Ancaq müəyyən zaman lazımdı ki, tam püxtələşsinlər. Buna qədər limit dəyişdirilməli, azaldılmalıdı. Avrokuboklarda uğur qazanmaq istəyən komandaları zəiflətmək olmaz.

 

- Legionerlərin sayı artırılmalıdı?

- Bu, qaçılmazdı.

 

- AFFA və PFL rəhbərliyi ilə söhbətiniz olub. Qarşı tərəflə söhbətlərinizdə ümid yeri varmı?

- Görünmür.

 

- Bəs hansısa arqument ortaya qoyurlarmı? Ramin Musayev nə deyir?

- O, limitin dəyişdirilməsinin tərəfdarıdı. Amma Musayevin həll edəcəyi məsələ deyil. Bu məsələni də gündəmə gətirən yalnız bizim klubdu, başqa klublardan dəstək gəlmir. Hesab edirəm ki, biz səbəbi əsaslandırırıq. Bu limit yeni futbolçu nəslinin yetişməsinə kömək etmədi. Ortaya sübut qoymaq lazımdı. Amma belə futbolçu yoxdu. Gətirdiyimiz legionerlər səviyyəsində yerli oyunçularımız olsa, bu söhbəti açmazdım. Ancaq belələri yoxdu.

 

- Endi Hallidey və Deyv Bultuis kimi oyunçuları icarəyə vermək istəmirsiz?

- Deyirəm ki, avrokuboklarda yaxşı oynamaq üçün bizə hələ əlavə olaraq 1-2 belə futbolçu lazımdı.  Bu da limit məsələsinə gətirib çıxarır. Məqsədimiz ancaq avrokuboklarda yaxşı çıxış etməkdi və təklifimiz də bunun üçündü. “Qarabağ”da keyfiyyətli yerli futbolçular cəmləşib, onların bizim kimi problemləri yoxdu. Başqa komandaları da düşünmək lazımdı. “Neftçi”, “Zirə” və ya “Kəpəz” olsun, onlar üçün də bu lazımdı.

 

 

Xəbər lenti

Xəbər lenti