10 Aprel 16:20 Fərrux İsmayılov “Sumqayıt”ı finalda görür
FUTBOL xəbərləri 10 Aprel 16:20
3601 baxış

Fərrux İsmayılov “Sumqayıt”ı finalda görür

Veteran futbolçu Fərrux İsmayılovun apasport.az saytına müsahibəsi

 

- Aprelin 12-də Azərbaycan Kubokunda yarımfinal oyunları keçiriləcək. İlk olaraq “Qəbələ” - “Neftçi” matçı barədə fikirlərinizi bildirərdiniz. Bu cütlüklə bağlı nə düşünürsünüz?

- “Qəbələ” hazırda evdə də, səfərdə də itirə-itirə gedir. Komandada nə baş verir, daxili prosesləri bilmək olmur. Nəsə var ki, qeyri-stabil çıxış edirlər. Yəqin ki, kubok matçlarına toparlanarlar. Ancaq “Neftçi” yaxşı formadadı, nəsə etməyə çalışır və yavaş-yavaş oyununu tapır. Mənə elə gəlir ki, “Qəbələ”yə çox çətin olacaq. Bu komandaların Qəbələdəki son görüşü yəqin ki, yadınızdadı. Həmin qarşılaşmada “Neftçi” qələbə qazanmışdı (2:1).

 

- Qış fasiləsinə qədər “Qəbələ” cütlüyün favoriti hesab edilirdisə, indi “Neftçi” barədə bu fikirlər səsləndirilir. Sizin favoritiniz kimdi?

- Mən də “Neftçi”ni cütlüyün favoriti sayıram. Çünki “Qəbələ”nin son nəticələri aldadıcıdı. Axırıncı dəqiqələrdə vurduğu qolla ya hesabı bərabərləşdirir, ya da qələbə qazanır. Rəqiblərinə qarşı əziyyət çəkir. Məncə, onlarda turnir cədvəlinin aşağı pillələrindəki komandalara yuxarıdan aşağı baxmaq prinsipi var. Buna görə də, “aşağı”dakılar “yuxarı”dakılara başağrısı olub.

 

- Təkcə “Qəbələ”ni nəzərdə tutursunuz, yoxsa liderlər qrupunda qərarlaşan digər komandaları da?

- İlk “üçlük”də qərarlaşanlar sanki autsayderlərə ciddi yanaşmırlar. Hamısı fikirləşir ki, çıxıb, 1:0, 2:0 hesablı qələbə qazanarıq. Amma futbol belə deyil. Aşağı pillələrdə yer alanlar da futbolçulardı, onlar da qalib gəlmək istəyirlər. Rəqibə hörmətlə yanaşmaq lazımdı.

 

- “Keşlə” – “Sumqayıt” cütlüyü barədə nə düşünürsünüz?

- Hələ ötən ildən “Sumqayıt”ın çox gözəl komanda olduğunu demişəm. Orda yerli gənc futbolçular çoxluq təşkil edir və mübarizə aparan kollektivdi. Samir Abasovun fəaliyyətini yalnız alqışlayıram. Onun iş prinsipini çox bəyənirəm. Fikrimcə, “Sumqayıt” “Keşlə”ni üstələyəcək.

 

- Doğrudu, “Sumqayıt” qış fasiləsindən sonra ən çox xal toplayan iki klubdan biridi. Ancaq “Keşlə” də ilk iki dövrədəki komanda deyil...

- “Keşlə” ötən illə müqayisədə bir qədər düzəlib. Bunu hamı görür. Yeni baş məşqçiləri var ki, yenilik, dəyişiklik etməyə çalışır. Ancaq yenə də “Sumqayıt”ı şanslı sayıram. Onlar əsl mübariz, kollektiv oyun sərgiləyirlər.

 

- Sizcə, yarımfinal mərhələsində hansı komanda cütün taleyini ilk matçda həll edə bilər?

- Fikrimcə, “Sumqayıt” bunu bacarar. Amma digər cütlükdə buna inanmıram.

 

- Final proqnozunuz nə olar?

- Mən “Neftçi” – “Sumqayıt” finalını proqnozlaşdırıram. Amma kubokda kimin qalib gələcəyi barədə fikir səsləndirə bilmərəm. Onsuz da, “Qəbələ” çempionatda ikinci pillədə qərarlaşıb və ordan avrokuboklara gedəcək. Çempionatda nisbətən aşağı sıralarda gedən komandaların kubokun finalında qarşılaşması oyuna əlavə rəng qatar.

 

- “Sumqayıt”ın Premyer Liqada 3-cü yerdə olduğunu nəzərə alsaq, “Neftçi”nin ölkə kubokuna daha çox ehtiyacı var. Sabiq “Neftçi”li kimi, paytaxt klubunun avrokubokdan kənarda qalmasını yəqin ki, arzulamazsınız...

- Bunu heç kim istəməz. Azərbaycanda uşağı da, ağsaqqalı da dindirirsən, “Neftçi” deyir. Bu klub bizim tariximizdi. Amma digər tərəfdən, “Sumqayıt” çempionatda 4-cü yerə də düşə, 2-ci pilləyə də yüksələ bilər. Niyə “Sumqayıt” da kuboku istəməsin və burda qalib gəlib, avrokuboka rahat yollanmasın?

 

- Premyer Liqada artıq son dövrəyə girmişik. “Qarabağ”ı rahat çempion saymaq olarmı?

- “Qarabağ”ı təxminən 70-80 faiz çempion hesab etmək olar. “Qarabağ”ın oyunu hamını valeh edir. Onlar öz futbollarını göstərirlər. Şübhəsiz, bu gün Azərbaycanın ən güclü komandası “Qarabağ”dı.

 

- Demək olarmı ki, digərləri çempionluğa oynayacaq, “Qarabağ”la rəqabət aparacaq səviyyədə deyillər?

- Deməzdim ki, digərləri çempionluğa layiq deyillər. Amma bu yerə bir nömrəli namizəd “Qarabağ”dı. Hamı çempionluğa oynamaq istəyər. Amma reallıq budu ki, “Qarabağ” ölkənin bir nömrəli komandasıdı. Topla çox gözəl davranırlar. Topla oynamağı bacaran komanda da rəqibini yorur və qələbə qazanır.

 

Ruslan SADIQOV

Xəbər lenti