[b]“Hazırlığa “Qarabağ”la oyundan əvvəl başlamışdıq” - Kontedən etiraf[/b]
24.11.2017 - 13:31
[b]“Hazırlığa “Qarabağ”la oyundan əvvəl başlamışdıq” - Kontedən etiraf[/b]

“Belə böyük oyuna bir gün ərzində istirahət edib hazırlaşmaq asan deyil. Hətta deyərdim ki, doğru deyil”. Apasport.az saytının məlumatına görə, bunu “Çelsi”nin baş məşqçisi Antonio Konte deyib.

 

Çempionlar Liqasında “Qarabağ” üzərində 4:0 hesablı qələbə qazanan “zadəganlar” sabah İngiltərə Premyer Liqasının XIII turu çərçivəsində “Liverpul”un qonağı olacaq.

 

Qarşılaşma öncəsi yerli mətbuata danışan Konte “qırmızılar”la matçın hazırlığına Bakı səfərindən əvvəl başladıqlarını vurğulayıb: “Səmimi etiraf etməliyəm ki, biz “Liverpul”la matçın hazırlığına “Qarabağ”la oyundan əvvəl başlamışdıq. Bakıdan Londona qayıdarkən də təyyarədə bu hazırlığın bir hissəsini davam etdirdik. Şikayət etmək fikrim yoxdu. Ancaq reallıq budu. Bakıdan gələrkən 5 saat yarımlıq yol qət etməli olduq. Döndükdən sonra bir gün istirahət etdik və “Liverpul”la matça hazırlaşmaq üçün cəmi 1 günümüz qaldı. “Mançester Siti” ilə görüşdən əvvəl düşdüyümüz vəziyyətlə üzləşmişik”.

 

Britaniyalı həmkarlarımızın iddiasına görə, Alvaro Morata, Temue Bakayoko, Qari Keyhill və Andreas Kristensenin “Qarabağ”la görüşün start heyətində yer almamaları məhz “Liverpul”la bağlıdı. Belə ki, Konte onları sabah ilk dəqiqələrdən meydana buraxmağı düşünür. 3-5-2 sxeminə üstünlük verəcək italiyalı mütəxəssisin Bakıdakı qarşılaşmada Eden Azar, Markos Alonso ilə Nqolo Kanteni əvəzləməkdə də məqsədi onları sabahkı görüş üçün qorumaq olub.

 

Qeyd edək ki, “Enfild Roud”da keçiriləcək “Liverpul” – “Çelsi” oyunu Bakı vaxtı ilə 21:30-da başlayacaq.

0