[b]“Heç bir oyunçu ilə bağlı qərar verməmişik” – Qurban Qurbanov[/b]
16.05.2018 - 21:46
[b]“Heç bir oyunçu ilə bağlı qərar verməmişik” – Qurban Qurbanov[/b]

Milli komandamızın baş məşqçisi Qurban Qurbanov U-20 yığamamızın Gürcüstanla yoldaşlıq oyunundan sonra apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- Oyunun nəticəsi gözlənilən oldu?

- U-20 yığmasının ilk oyunu idi. Çalışdılar ki, qələbə ilə başlasınlar, amma hardasa 5-7 dəqiqəni uduzdular. Maraqlı alındı, darıxdırıcı matç olmadı. İlk hissədə yaxşı qol imkanları oldu, ikinci hissədə ümumiyyətlə, qolların arasındakı vaxtı çıxsaq, yaxşı oynadılar. Razı qaldım, yaxşı düşünülmüş əks hücumlar edirdik. Bəzi oyunçulardan razı qaldım. Bununla belə, bir neçə gündü yığışmış, normal komandadı.

 

- Bu oyunda sizi ən çox narahat edən nə oldu?

- Dediyim kimi, ikinci hissədə 5-7 dəqiqə oyuna nəzarəti itirdik, başqa ciddi bir şey olmadı.

 

- Legioner oyunçular meydanda digərlərindən fərqlənirdilərmi?

- Bəzi oyunçular fərqlənir. Məsələn, Ziyanın düşüncəsi, ağlı, oyunu aparmağı mənim üçün maraqlı oldu. Ozan Can sonradan girdi. Aqressivlik və sürəti diqqət çəkir. Fərid və Kamran da pis deyildi. Hər oyunçunun özünəxas xüsusiyyyətləri var və fərqlənirdi.

 

- Rəşad Sadıqova fikir verdim, komandasının buraxdığı hər iki qoldan sonra əsəbləşdi. Amma siz “Qarabağ”ın oyunlarında qapınızda qol görəndə daha sakit və soyuqqanlı olursunuz. Bu yaşla, yoxsa xarakterlə əlaqədardı?

- Rəşada baxmadım həmin vaxt, amma səhvlər varsa, etiraz da olacaq. Normaldı. Ümumiyyətlə, gənclər daha çox səhvlər edirlər. Bəlkə biz də onun yerində olsaq, həmin reaksiyanı verərdik.

 

- Sizə elə gəlmir ki, bu komanda U-21-ə nisbətən daha istəklidi meydanda?

- Bugünkü futbolda istəkli və aqressiv olmaq ən vacib amillərdən biridir. Görünür Rəşad bunu komandasına aşılaya bilib.

 

- Milli komandanın heyətini nə vaxt açıqlayacaqsınız?

- Ayın 21-də, inşallah. Artıq 20-də üç oyun baş tutacaq. Bircə “Qarabağ”ın “Qəbələ” ilə matçı qalacaq. Günün ilk yarısında elan olunacaq heyət.

 

- Millinin oyunu olsa da, “Qarabağ” barəsində sualımıza da cavab verin zəhmət olmasa. Heyətdə dəyişikliklərə başlamısınızmı? Bəzi oyunçuların komandadan gedəcəyi deyilir...

- Hələ ki, heç bir oyunçu ilə bağlı qərar verməmişik. Kim komandada qalacaq, kim gedəcək, onların hər biri ilə təkbətək söhbət edilib, özlərinə elan olunacaq.

 

- Əfran İsmayılov hələ komandadı?

- Bəli, ayın 21-nə kimi komandamızın oyunçusudu.

0