[b]İnamlı, sürüşkən və bərabər şanslar[/b]
12.12.2017 - 10:59
[b]İnamlı, sürüşkən və bərabər şanslar[/b]

Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, iki gün davam edən qarşılaşmaların hamısında meydan sahibləri qələbə qazanıb.

 

Ölkə kubokunun tarixinə nəzər salıb, ilk oyunlarda qeydə alınan nəticələrin nələr vəd etdiyini müəyyənləşdirmək mümkündü. Söhbət iki matçdan ibarət olan 1/4 final duellərindən gedir.

 

1993-cü ildən bu formatda təşkil edilən, 2001/02 mövsümündə yarımçıq qalan, 2002/03 mövsümündə ümumiyyətlə baş tutmayan kubok yarışlarının 1/4 finalında indiki nəticələrə dəfələrlə təsadüf olunub.

 

“Keşlə”dən inamlı...

 

Baş tutan 4 oyundan yalnız birində qalib komanda 1-dən artıq top fərqinə sevinib. Bu da çempionatın autsayderlərinin duelində qeydə alınıb. Mövsümün gedişində baş məşqçi postuna gətirilən və çempionatda məğlubiyyətləri sıralayan Ramiz Məmmədovla Yunis Hüseynovun duelində birincinin yetirmələri sevinib.

 

Tarixə baxsaq, indiyədək 12 dəfə 1/4 finalın ilk oyunu meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bu duellərin 10-da, yəni 83 faizində mərhələni elə həmin komanda adlayıb. Yalnız 2 dəfə səfərdəki məğlubiyyətin əvəzini çıxmaq mümkün olub. Bu da uzaq 1994-cü ildə gerçəkləşib.

 

“Keşlə”nin özü 3 dəfə 1/4 finala 2:0-lıq ev qələbəsi ilə başlayıb və sonda yarımfinala adlayıb. Ötən mövsüm elə indiki rəqib “Kəpəz”ə eyni hesabla qalib gələn paytaxt təmsilçisi səfərdə qolsuz bərabərliklə kifayətlənib.

 

... “Qarabağ”dan sürüşkən hesablı qələbə

 

Səfərdə oynayan komandalardan yalnız “Sumqayıt” qol sevinci yaşayıb. “Gənclik şəhəri” təmsilçisi “Qarabağ”la matçda uduzub. Lakin ağdamlıların bu qələbəsi heç də kubokun son qalibinin arxayınlaşmasına əsas vermir.

 

Çünki tarix göstərir ki, meydan sahiblərinin 2:1 hesablı qələbəsi sürüşkən hesabdı. 1/4 finallarda 6 dəfə belə nəticə qeydə alınıb. Bunlardan 2-də, yəni 33 faizində bu üstünlük mərhələ adlamaq üçün kifayət edib. 4 dəfə isə cavab oyununun meydan sahibi yarımfinala keçib.

 

“Qarabağ” artıq 3-cü dəfədi 1/4 finalın ilk ev oyununda bu hesabla qalib gəlir. 1993-cü ildə “Neftçi”ni yenən əyalət təmsilçisi səfərdəki qalmaqallı matçda 0:0 hesablı heç-heçəylə mərhələ keçmişdi. 2009/10 mövsümündə isə “Xəzər Lənkəran” öz meydanında 1 qol vurub və bununla da “Qarabağ”ı dayandırıb.

 

50-nin 50-yə

 

1/4 finalın iki oyununda isə eyni nəticə qeydə alınıb. “Qəbələ” “Səbail”ə, “Zirə” “Neftçi”yə 1:0 hesabı ilə qalib gəlib. Hər iki cütdə şansları bərabər dəyərləndirmək olar.

 

Elə kubok tarixinin 1/4 final oyunları da bunu deyir. Çünki 6 dəfə ilk matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bunların üçündə qələbə mərhələ keçməyə yetərli olubsa, üçündə uduzan komanda evdə məğlubiyyətin əvəzini çıxıb. Bir sözlə, burada şanslar 50-nin 50-yədi.

 

“Neftçi” əvvəllər də iki dəfə indiki duruma düşüb. “Ağ-qaralar” burada da 50 faizlik uğur qazanıb. 1995/96 mövsümündə “Kəpəz”ə uduzan bakılılar cavab matçında 2 cavabsız qolla mərhələ keçib. 2008/09 mövsümündə isə “Qarabağ”la cavab matçı qolsuz başa çatıb.

 

 

0