[b]“İngiltərədən təklif alsam da, Azərbaycana yollandım”[/b]
13.02.2017 - 12:50
[b]“İngiltərədən təklif alsam da, Azərbaycana yollandım”[/b]

“Futbolçu karyeramda əldə etdiyim bütün nailiyyətləri yüksək dəyərləndirirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri ispaniyalı futbolçu Ruben Qonzales deyib.

 

Madrid “Real”ının yetirməsi olan mərkəz müdafiəçisi karyerası ərzində Azərbaycanda da oynamağa imkan tapıb.

 

Münhenqladbax “Borussiya”sı, “Albasete”, “Rasinq”, “Selta”, “Malyorka”, “Osasuna” kimi klublarda çıxış etmiş və Hindistanda da oynamağa imkan tapmış Qonzales 2013-2014 mövsümünü “Bakı”da keçirib. Azərbaycan çempionatında 23 oyunda meydana çıxmış təcrübəli futbolçu yenidən İspaniyaya qayıdaraq, aşağı liqa təmsilçisi “Koruxo” ilə anlaşıb.

 

Ölkəsinin mətbuatına müsahibə verən Qonzales maraqlı fikirlər səsləndirib. “Real”dakı günlərini yada salan futbolçu aşağı liqa klubuna keçidindən məyus olmadığını bildirib: “Futbolda kateqoriya amili rol oynamır. Odu ki, “Koruxo”ya keçməyim mənim üçün qəbahət deyil. Özümü yaxşı hiss edirəm. Gələcəkdə nə baş verəcəyini heç kim təxmin edə bilmir. 11 yaşlı oğlum da futbolçu olmaq istəyir. Ümid edirəm ki, bu, gerçəkləşəcək. “Real”da möhtəşəm futbolçularla birlikdə eyni paltardəyişmə otağını bölüşmüşəm. Karyeram ərzində bir yerdə işlədiyim məşqçilər arasında Viselte del Boske və Xose Luis Mendilibarı fərqləndirərdim”.

 

35 yaşlı müdafiəçi söhbət əsnasında “Bakı”ya keçidini də xatırlayıb. Məlum olub ki, həmin vaxt seçim qarşısında qalan Qonzales Azərbaycana köçməyi üstün tutub: “Futbol həyatımda İngiltərədə də oynamaq şansım yaranmışdı. Həmin təklifi Azərbaycana yollananda almışdım. Oraya gedəndə Çempionşip klubuna keçmək variantım var idi. Amma fərqli qərar qəbul etdim. Halbuki, özümü İngiltərədə yoxlamağım heç də pis olmazdı. Gücüm çatana qədər futbol oynayacağam. Çünki mən bu idman növünü sevirəm. Gələcəkdə məşqçi olub-olmayacağımı isə indidən deyə bilmərəm”.

0