[b]İntizamlı baş məşqçinin intizamsız komandası[/b]
18.11.2017 - 14:32
[b]İntizamlı baş məşqçinin intizamsız komandası[/b]

“Qarabağ”ın futbolçuları son 6 oyunda 4 (!) qırmızı vərəqə alıblar. Ümumilikdə isə ağdamlılar bu mövsüm 5 dəfə matçın gedişində azlıqda qalıblar. Bunlardan sadəcə birində - Dino Ndlovunun Çempionlar Liqasının “Atletiko” ilə ev oyununda meydandan kənarlaşdırılarkən, haqsızlığa məruz qaldığını demək olar. Həmin epizodda CAR millisinin hücumçusuna qarşı kobudluq olsa da, hakim bunu simulyasiya kimi dəyərləndirmiş və ikinci sarı vərəqə ilə Dinonu qovmuşdu. Qalan 4 halda isə “Qarabağ”ın oyunçuları hədər yerə cəzalanıblar. Ona görə hədər yerə deyirəm ki, son olaraq Şehiçin qırmızı vərəqə aldığı epizod xaric, “Qarabağ”ın bütün futbolçuları vərəqəyə səbəb olan qayda pozuntularını meydanın rəqibə aid hissəsində ediblər. Gəlin, birlikdə nəzər yetirək:

 

- “Sumqayıt”la Premyer Liqanın ilk dövrəsinin oyununda Miçel meydanın rəqibə aid hissəsində Azər Salahlıya qarşı lazımsız kobudluq etdi. Hərəkət o qədər gərəksiz idi ki, hətta Qurban Qurbanov da buna sərt reaksiya verdi və nəticədə ispan oyunçu klub tərəfindən pul cəzasına da məruz qaldı.

 

- İkinci analoji cəza ÇL-nin qrup mərhələsində “Atletiko” ilə oyunda Ndlovunun qovulmasıdı ki, yuxarıda da qeyd etdiyim kimi, bu məsələdə oyunçunu günahlandırmaq doğru olmaz.

 

- Növbəti qırmızı vərəqə isə “Səbail”lə Premyer Liqa oyununda Ansi Aqolliyə göstərilib. Albaniyalı müdafiəçi debütantla matçda rəqib oyunçuya zərbə vurduğu üçün ikinci sarı vərəqə ilə meydandan qovulub. Hadisə zamanı ağdamlıların qapısı ağzında heç bir təhlükə olmadığından, bunu da gərəksiz cəza hesab edə bilərik.

 

- ÇL-nin qrup mərhələsində “Atletiko” ilə səfər oyununda Pedro Enrikenin meydanın rəqibə aid hissəsindəki ehtiyatsızlığı səbəbindən “Qarabağ”ın passivinə yazılan “qırmızı” da lazımsızlardan biridi. Sözügedən epizodda braziliyalı futbolçu oyunu üstün keçirən komandasını azlıqda qoyaraq, bəlkə də, nəticəyə təsir etdi.

 

- Hələlik sonuncu, “Sumqayıt”la Premyer Liqanın XII turu çərçivəsində İbrahim Şehiçin gördüyü qırmızı vərəqəni də “havayı cəza”lardan saymalıyıq. Heç bir gərək olmadan aqressivlik edən bosniyalı “çərçivə qoruyucusu” “Sumqayıt”ın üzvü Amil Yunanovu vuraraq, hakim İnqilab Məmmədovun qəzəbinə tuş gəldi və komandasını azlıqda qoydu.

 

Sadaladığım faktlardan da göründüyü kimi, “Qarabağ”ın, xüsusilə, əcnəbi oyunçuları təkcə bu mövsümün gedişində komandalarına 5 dəfə ziyan vurublar. Üstəlik, qırmızı vərəqəlik qayda pozuntularının heç biri komandanı təhlükədən qorumaq üçün edilməyib.

 

Qeyd edim ki, həm Miçel, həm də Aqolli “qırmızı”ları məhz ikinci sarı vərəqədən sonra görüblər. Matçın gedişində hakim tərəfindən artıq bir dəfə xəbərdarlıq almış oyunçuların diqqətli olmaq əvəzinə, daha da çılğınlaşmaları da bir ayrı müəammadı. Qırmızı və sarı vərəqələr də oyunun tərkib hissəsidi və mübarizə varsa, bunlar da qaçılmazdı. Ancaq oyunçu komandasını müəyyən təhlükədən xilas edərkən, baş məşqçinin tapşırığı ilə “taktiki cərimə” edərsə və ya digər hallarda belə cəzalarla üz-üzə qalarsa, onu qınamaya bilərik. İndiki halda isə hər zaman nizam-intizama verdiyi diqqətlə tanıdığımız Qurban Qurbanovun komandasında bu cür halların müşahidə olunması olduqca maraqlıdı.

 

Zaur XUDİYEV

0