[b]“İşimiz Tərlan Əhmədova dəstək verməkdi” – Ruslan Abışov[/b]
23.05.2018 - 12:35
[b]“İşimiz Tərlan Əhmədova dəstək verməkdi” – Ruslan Abışov[/b]

“Neftçi”nin kapitanı Ruslan Abışovun apasport.az saytına müsahibəsi

 

- Mövsümü üçüncü pillədə başa vurdunuz. Sizcə, komanda hədəfinə çatdımı?

- Düzdü, mövsümün əvvəlində çox pis günlər keçirirdik. Çoxları sonluğun belə olacağını gözləmirdi. Yəni bizim üçüncü yeri tutmağımız kimlər üçünsə sürpriz ola bilər. Ancaq şükürlər olsun, bunu bacardıq.

 

- Bürünc medal sizin üçün uğurdumu?

- Məncə, 3-cü yeri uğur saymaq olar. Təbii ki, “Neftçi” daim çempionluğa oynayan komanda kimi xatırlanır. İnşallah, gələn il çempionluq uğrunda mübarizə aparacağıq. İlk növbədə isə Avropa Liqasında uğurlu çıxış etmək lazımdı.

 

- Bundan artığına gücünüz çatardımı?

- Məncə, bir az vaxt olsaydı, çempionluq uğrunda oynaya bilərdik. Bəzi matçlarda lazımsız xallar itirdik. Ən azı ikinci yerə daha iddialı ola bilərdik.

 

- Qeyd etdiyiniz kimi, mövsümə zəif başladınız. İlk 4 turda 1 xal toplayan “Neftçi”nin sonda 3-cü yeri tutması kimin zəhmətinin nəticəsidi?

- Sözsüz ki, Tərlan Əhmədovun gəlişindən sonra bu dəyişikliklər baş verdi. Tərlan müəllim yeni gəldiyi vaxtlar da deyirdim ki, onun rəhbərliyi altında işlər qaydasına düşəcək. Yəqin ki, bundan sonra hər şey daha yaxşı olacaq. Biz futbolçuların işi də baş məşqçiyə dəstək verməkdi.

 

- Taktiki düzülüşü, oyun üslubunu bir kənara qoysaq, Tərlan Əhmədov komandada konkret nəyi dəyişdi?

- Daha çox futbolçulara özünəinamı qaytardı, yaxşı kollektiv qurdu. Futbolda da əsas amillərdən biri budu.

 

- Mövsümün gedişində komanda daxilində çox söz-söhbətlər oldu, baş məşqçi ilə rəhbərlik arasında fikir ayrılıqları yarandı. Bu hadisələr çıxışınıza nə kimi təsir etdi?

- Əlbəttə ki, mənfi təsir göstərirdi. Ancaq biz komanda olaraq baş məşqçimizin yanında olduq. Futbolçular bütün söz-söhbətlərə baxmayaraq, hər görüşə qələbə istəyi ilə çıxırdı, kənar amillərin meydana sirayət etməsinə imkan vermirdilər. Düzdü, bəzi çətin oyunlarımız oldu, xallar itirdik. Amma sonda 3-cü yeri tutduq. Məncə, çətin vəziyyətdə bürünc medalı böyük uğur hesab etmək olar.

 

- Qarşıda sizi Avropa Liqasında mübarizə gözləyir. Uzun fasilədən sonra avrokubokda çıxış edəcək “Neftçi”nin dönüşü necə olacaq?

- Həqiqətən də, komanda uzun müddət idi avrokuboklara qatılmırdı. Elə buna görə də, əsas diqqətlər bizim oyunlarımıza yönələcək. “Qarabağ”ın artıq tarix yazmasına, “Qəbələ”nin Avropa arenasında bizdən daha yaxşı nəticələr göstərməsinə baxmayaraq, yenə də gözlər “Neftçi”nin üzərində olacaq. Böyük məsuliyyət daşıyacağımızı yaxşı dərk edirik. Düşünürəm ki, güclü transferlər və yaxşı hazırlıq sayəsində uğur qazana bilərik.

 

- Klub rəhbərliyi futbolçuların maaşlarını azaltmaq niyyətindədi. Belə vəziyyətdə güclü heyət yığmaq çətin olmayacaq?

- Çempionat hələ yeni başa çatıb. Bu barədə danışmaq istəmirəm. Yəqin ki, rəhbərlik futbolçularla ortaq məxrəcə gələcək.

 

- Sizin də müqavilə müddətiniz başa çatır. Yeni müqavilə təklifi almısınızmı?

- Rəhbəriklə yaxın günlərdə danışığımız olacaq. “Neftçi” mənim üçün doğma klubdu. Burda qalmaq istəyirəm. Ancaq rəhbərliklə danışıqdan çox şey asılıdı.

 

Ruslan SADIQOV

0