[b]İspaniyalılar Ronaldonu təklədi[/b]
11.01.2018 - 18:47
[b]İspaniyalılar Ronaldonu təklədi[/b]

Bir müddət əvvəl beynəlxalq arenada “Yuventus” və “Bavariya”nı darmadağın edən Madrid “Real”ı kəskin böhran yaşayır. Apasport.az saytının məlumatına görə, rusiyalı həmkarlarımız İspaniya təmsilçisindəki durumu təhlil edib, problemin mənbəyini araşdırmağa çalışıb.

 

İspaniya kubokunun ikinci divizion təmsilçisi “Numansiya” ilə son oyununda “Real” öz meydanında 2:2 hesablı bərabərliklə kifayətləndi. Bu matç göstərdi ki, komandanın durumu optimaldan çox uzaqdı.

 

Klubun baş məşqçisi Zinəddin Zidan oyundan sonra arxayınlıqla danışdı: “Əsas odu ki, biz növbəti mərhələyə çıxdıq. “Real” pis oyun keçirmədi, amma yaxşı futbol nümayiş etdirən əllərini yanına sallamayan rəqib oldu. Biz çalışmağa davam edib, müsbət düşünməliyik”.

 

Kubokun 1/4 finalına əziyyətlə çıxmaq – bu, əlbəttə yaşıdı. Amma arxada artıq mövsümün yarısı qalıb, amma komanda indidən çempionatda öz prinsipial rəqibi “Barselona”dan 16 xal geri qalır. Madridlilər çətinliklə turnir cədvəlinin 4-cü pilləsində qalıb. Bu, növbəti mövsüm Çempionlar Liqasında oynamağa vəsiqə verən sonuncu yerdi.

 

Köhnə qitənin ən vacib turnirində növbəti triumfa ümid etmək isə çətindi. Hələ heç bilinmir ki, 1/8 finalda PSJ-ni nəyin hesabına keçmək mümkündü. Fransa klubu Neymar, Edinson Kavani və Killian Mbappe başda olmaqla hücum xəttində möcüzələr yaradır. “Real” isə hələlik oynadığı bütün cəbhələrdə tutqun görünür və mövsümün sonunda yenidən Çempionlar Liqasına düşməsi real qorxulu cizgilər alır.

 

İspaniya çempionatının “Betis”, “Jirona”, “Levante” və “Selta” ilə görüşlərində vacib xallar itirildiyi vaxtda, “Real”ın yazılmış lideri Kriştianu Ronaldo da özünün ən yaxşı oyun səviyyəsinə yüksələ bilmir. Portuqaliyalının həqiqətən parlaq görünməsi ötən ilin avqustuna təsadüf edib. O, həmin vaxt İspaniya Superkubokunun ilk matçında “Kamp Nou”da gözəl uzaq zərbəsi ilə qol vurub, formasını çıxarıb, meydan sahibinin azarkeşlərinə öz soyadını nümayiş etdirmişdi. Düz Lionel Messinin bir il əvvəl “Santyaqo Bernabeu”da etdiyi kimi.

 

Düzdü, bu sevincə görə Ronaldo sarı, az sonra simulyasiyaya görə ikincini alıb, meydandan qovuldu. Bu qərara etiraz edərkən oyunçu əli ilə hakimi asta itələdiyi üçün diskvalifikasiya olundu. Həmin cəza da təkcə Superkubokun cavab matçı deyil, Primeranın 4 görüşünə də şamil olundu. O vaxtdan hər şey tərsinə getdi.

 

Portuqaliyalının məcburi istirahətindən sonrakı ilk oyunda “Real” öz meydanında “Betis”ə uduzdu (0:1), Ronaldo isə heç bir faydalı hərəkətklə fərqlənmədi. Çempionatın növbəti 12 oyununda isə hücumçu 1-i penaltidən olmaqla cəmi 4 dəfə fərqləndi. O, “Xetafe”, “Malaqa” və xərçəng xəstəliyinə tutulan Eduardo Beritsonun gedişindən sonra sürətlə dağılmağa başlayan “Sevilya”ya əziyyət verdi. Portuqaliyalının hesabında həm də 4 qol assisti var ki, bunlar “Espanyol”, “Jirona”, “Las-Palmas” və “Malaqa” ilə matçlara təsadüf edib.

 

Komandanın heç bir halda, hətta oyundan qovduğu vaxtlarda da əvəzlənməyən aşkar lideri rolunu doğrultmaq üçün bunun az olduğunu demək lazımdımı?

 

Bu yaxınlaradək belə narazılığı yalnız komandanın azarkeşləri sosial şəbəkələrdə bildirirdilər. Amma Primeranın son turunun “Selta” ilə oyunundan (2:2) sonra mətbuata “Real”ın soyunub-geyinmə otağından həyəcanlı xəbərlər çıxıb.

 

“Diario Gol”un məlumatına görə, başda yarımmüdafiəçi İsko olmaqla “Real”ın ispan futbolçuları Ronaldonun özünü meydanda eqoist kimi aparmasına narazılıq bildiriblər. KİV-də yazılanlara görə, İskonun ulduz hücumçudan narazılığını kapitan Serxio Ramos və özlərini göstərməyə tələsən, amma Ronaldonun meydandakı dəmir yeri üzündən az şans qazanan gənc hücumçular Marko Asensio, Lukas Vaskes və Dani Sebalyos da dəstəkləyib. 

 

“Cadena SER”in məlumatında bildirilir ki, ispaniyalı futbolçular hətta Zidandan da şikayət ediblər ki, hər dəfə meydana məşqdəki əməyi ilə buna ən çox layiq olanlar çıxmır.

 

Ronaldonun özü isə hələlik müsbət köklənməsini saxlayıb və instaqramda ilhamverici statusları, “Tufan nə qədər uzun sürsə də, buludların arxasında həmişə günəş boylanır” kimi gözəl ifadələri ilə diqqət çəkir.

 

Sanki pərəstişkarlar önündə özünə haqq qazandırmaq istəyən portuqaliyalı, məşqlərdən şəkillərini paylaşır, necə səylə çalışdığını nümayiş etdirir. Lakin onun İsko ilə münasibətləri düzəlmir. Hətta mətbuatın iddiasına görə, Ronaldonun özü də İskodan narazıdı. Portuqaliyalının fikrincə yarımmüdafiəçi meydanın mərkəzində sonsuz driblinqlərlə oyunu çox ləngidir.

 

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CİES) bu yaxınlarda dünyanın ən bahalı futbolçularının siyahısını açıqlamaqla komandadaxili münaqişəyə əlavə od qoyub. Burada ilk yeri PSJ-nin hücumçusu Neymar, ikinci yeri onun “Barselona”dakı sabiq komanda yoldaşı Messi, üçüncü yeri isə “Tottenhem”in hücumçusu Hari Keyn tutub. Ronaldo isə yalnız 49-cu olub.

 

Baxmayaraq ki, ötən il özünün 5-ci “Qızıl top”unu qazanıb və FİFA-nın ən yaxşı futbolçu mükafatına yiyələnib. Bu reytinqin əhəmiyyətini onunla artırır ki, Neymar və Keynin “Real”da ulduz liderin əsas əvəzləyicisi kimi baxılır.

 

Bundan sonra Ronaldo belə, lap ədalətli tənqid atmosferində nə qədər dözə biləcək?  O, öz oyununu dəyişə biləcəkmi? Böyük ehtimalla bu suallara cavab mövsümün sonunadək veriləcək. Əgər bu cavab mənfi olsa, “Real” uzun illər ərzində ilk böyük yay transferi gözləyir.

0