[b]Kamran Ağayev “Baltsan”ı dəxlisiz komanda adlandırdı: Nə deyirəmsə, qanundu[/b]
20.07.2018 - 00:22
[b]Kamran Ağayev “Baltsan”ı dəxlisiz komanda adlandırdı: Nə deyirəmsə, qanundu[/b]

Avropa Liqasının I təsnifat mərhələsində “Baltsan”ı öz meydanında 2:1 hesabı ilə məğlub edən “Keşlə” Maltadakı yenilgi (1:4) üzündən mübarizəni dayandırıb. Matçdan sonra jurnalistlərin suallarını cavablandıran paytaxt klubunun qapıçısı Kamran Ağayev rəqibi zəif komanda adlandırıb.

 

- Səfərdə böyük hesabla (1:4) uduzmağınıza baxmayaraq, sizin mərhələ adlayacağınıza inananlar var idi. Bunu gerçəkləşdirə bilməməyinizin səbəbi nə idi?

- Biz orda gic-gic qollar buraxdıq. Elə səhvlər oldu ki, rəqibin hücumçuları mənə heç bir şans vermədi. “Ağzımın içindən” qollar vurdular. Hansı səbəblərdən belə alındı, bilmirik. Bu gün isə oyunun gedişində çox qol imkanlarımız oldu, bəxtimiz gətirmədi. Son dəqiqələrdəki yorğunluqdan da istifadə edib qol vurdular. İnsan yorulanda səhv edir. Çünki biz onlardan ikiqat çox hərəkət edirdik. Qol vurmağa çox həvəsli idik. Sona yaxın yorulduq, nəticədə də qol buraxdıq.

 

- Rəqib sanki bura futbol oynamağa yox, yerdə sürünməyə gəlmişdi...

- Belə deyək də. “Keşlə” mərhələ adlasaydı, növbəti rəqibi də keçmək şansı var idi. Amma “Baltsan” kimi komandanın UEFA turnirində oynaması dəxlisiz bir şeydi. Sadəcə, səfərdə heç nədən 4 qol buraxdıq. Orda buraxılan qollar, müdafiənin zəif çıxışı belə sonluğa gətirdi.

 

- Buraxılan qol epizodunda Məmməd Quliyev nə etmək istəyirdi?

- Gənc futbolçudu, robot deyil. Səhvsiz adam olmur. Mən də səhv etmişəm. Tərdən əli sulanmışdı, autu yaxşı ata bilmədi.

 

- Rəqib oyunu çox gecikdirsə də, “Keşlə”nin futbolçuları heç bir etiraz etmirdi. Həmin anlarda hamı sizdən hərəkət gözləyirdi...

- Nə edə bilərəm ki? Mən də belə şeylər etmişəm. Fikirləşirdim ki, hakim əsas vaxta 6 dəqiqə əlavə edər. Amma bunlar bəhanə olmamalıdı. Biz burda deyil, Maltada qələbə qazanmalı idik.

 

- Növbəti mərhələyə hansı komanda layiq idi?

- Siz özünüz qiymət verin. Biz orda da bu cür oynayırdıq. Sadəcə, rəqib orda əks-hücumlardan maksimum yararlandı.

 

- Son dəqiqələrdə 3-cü qolun vurulacağına inanırdınızmı?

- Əlbəttə ki, inanırdım. Komandama yenə də inanıram. “Keşlə” klubu da olsa, Azərbaycanı təmsil edirik. Komandada kapitan sarğısını daşıyıram. Nə deyirəmsə, qanundu. Bu gün 3 qol vura bilərdik. Bu komandanı “Keşlə”yə rəqib görmürdüm. “Baltsan” bizim çempionatın autsayderindən də zəifdi. Sadəcə, futbolçuları individual cəhətdən güclü idi. Amma futbol kollektiv idman növüdü. Bu gün də əlimizdən gələni etdik. Deməli, qismət deyil. Biz alnımızın təri ilə Qəbələdə ölkə kubokunu qazanmışıq. Ancaq “Baltsan”ı keçə bilmədiyimiz üçün Azərbaycan xalqından üzr istəyirəm. Yəqin ki, tənqidlər olacaq. Oyunun elə anları olurdu, uşaqlara yalvarırdım ki, özünüzə inanın. Çox istərdim ki, mərhələ keçək. İnşallah, Azərbaycan futbolunun durumu yaxşılaşar, komandalarımızın sayı artar. Həyat davam edir. Oyunumuzu daha da yaxşılaşdırmağa çalışmalıyıq. Əsas odu ki, futbol oynaya bilirik, “Baltsan” kimi deyilik. Belə təsadüfi qələbə bir dəfə olur. Onlar qələbə qazanmadı, biz uduzduq.

0