[b]Kamran kimi prezident görməyən məşqçi...[/b]
20.06.2018 - 15:43
[b]Kamran kimi prezident görməyən məşqçi...[/b]

Bu günlərdə hələlik adının yazılması məsləhət olmayan bir yoldaşın feysbukda paylaşdığı statusa dostyana atmaca atdım. Cavabında mənə dedi ki, sən də ilişməyə başqa heç nə tapmadın?

Sözün düzü, adının çəkilməsi hələlik məsləhət olmayan yoldaşın bu qədər alınacağını təxmin etmədiyim üçün pis oldum ki, görəsən həqiqətən mən hər şeyi qara donda görürəm?

Özümə əlüstü söz verdim ki, bundan sonra bütün məsələlərə ancaq "stəkanın yarısı doludu" prizmasından baxacam. Elə yenicə özümü pozitivə kökləmişdim ki, qəfil gözümə "Neftçi"nin baş məşqçisi Roberto Bordinin açıqlaması dəydi.

Bəh-bəhlə Moldovadan gətirilən, ilinə 350 min avro verilən italiyalı mütəxəssis (?) jurnalistlərə brifinqində deyib ki, bəs komandada transfer işlərinə qarışmıram. Bununla bağlı nə sualınız varsa, klub prezidenti və idman direktorundan soruşun.

Əvvəl inanmadım, dedim yəqin x saytı söhbəti yanlış anlayıb, sonra baxdım ki, y saytı, z qəzeti, hətta "asdfgh tv" də eynən beləcə təqdim elədi Bordinin sözlərini.

Düşünürəm ki, italiyalı babat “quş” buraxıb. Yəqin komandanın azarkeşlər və jurnalistlər üçün açıq məşqini düşünən, təşkil edən rəhbərlik bu cür sual gözləmirdi, ya da Bordinin belə səhv edəcəyini güman etmirdi.

Yoxsa bu qədər də səmimiyyət olmaz ki...

Görünür, əslən avropalı olsa da, doğulduğu torpaqlar Bordinin geninə daha çox təsir edib. Adətən köhnə qitədən olanlar siyasətcil, çoxbilmiş olurlar. Liviyada dünyaya göz açan Roberto müəllim safdı ki, safdı.

İstəyirəm həm "Neftçi" rəhbərliyinə, həm də bu işi düzüb-qoşanlara səmimi qəlbdən bir məsləhət verim. İnan ki, bunu qardaş qardaşa deməz, amma mən sizə deyirəm. Bax, elə ki, məqam çatdı, baş məşqçi mətbuat qarşısına çıxacaq, qəşəng bir mətni italyancaya tərcümə edib verirsən əzbərləsin. O da deyəcəyi sözləri beyninə həkk edir, çıxır kamera qarşısına, deyir ki... "Allah Kamran müəllimin canını sağ eləsin, ömrü uzun olsun, onun kimi prezident mən hələ görməmişəm. O, hətta istədiyim oyunçuları mən gəlməmişdən transfer eləmişdi".

Əgər kimsə ondan soruşsa ki, ay Bordin, axı sən Tural Axundovu, Rəşad Eyubovu harda gördün ki, bəyəndin, qəti təşvişə düşmək olmaz, o dəqiqə cavabı hazırdı: "Məlum məsələdi ki, ötən mövsüm "Şerif"in baş məşqçisi kimi "Qarabağ"a qarşı oyunlarda iştirak etmişdim. Bu klubu təhlil eləmək üçün yerli çempionatı başdan-ayağa izləmişdim. Elə onda bu iki oyunçu çox xoşuma gəlmiş, üstəlik "Qəbələ"dən də Dabonu çox bəyənmişdim. Sizi əmin edirəm ki, əgər mən "Neftçi" ilə deyil, hər hansı digər Avropa klubu ilə anlaşsaydım, mütləq bu 3 futbolçunu transfer edəcəkdim. Xorvatiyalı müdafiəçi Braliç isə lap əvvəldən siyahımda idi. Şükür Allaha ki, bu gün burda birlikdə işləmək qismətimiz oldu".

Vəssalam. Bununla, söhbət bağlanır. Ara yerdə baş məşqçi uzaqgörən, prezident də klubu sevən olur. Mən ölüm, pis məsləhətdi?

Zaur

0