[b]“Keşlə” bunu sevməyən komandadı”  [/b]
12.07.2018 - 11:00
[b]“Keşlə” bunu sevməyən komandadı”  [/b]

“Azərbaycan Premyer Liqası reytinqdə 22-ci, Malta çempionatı isə 44-cü pillədə qərarlaşır. Təkcə bu fakt oyunlar öncəsi kimin favorit olduğunu ortaya qoyur”. Apasport.az saytının məlumatına görə, bu sözlər “Baltsan”ın idman direktoru Vladimir Simoviçə məxsusdu.

 

Klub rəsmisi yerli mətbuata açıqlamasında Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində “Keşlə” ilə keçiriləcək matçı dəyərləndirib. Simoviç Azərbaycan kubokunun qalibinə sürpriz yaşatmaq əzmində olduqlarını vurğulayıb: “Keşlə”ni təəccübləndirmək üçün əlimizdən gələni edəcəyik. Ümid edirəm ki, mərhələ adlamaqla tarix yazarıq. Avropa Liqasında məhdud sayda əcnəbi futbolçulara sahib ola bilərik. Komandadan ayrılan aparıcı oyunçuları təcrübəli əcnəbilərlə əvəz etməyə çalışdıq. İndi bütün diqqətimizi “Keşlə” ilə matçlara yönəltmişik. Nəticədən asılı olaraq, heyətimizi gücləndirməyimiz mümkündü. Avqustun sonuna qədər vaxtımız var”.

 

O, "Keşlə"nin üstün cəhətlərini də sadalayıb: “Keşlə” topa çox sahib olmağı sevməyən komandadı. Onların ən böyük gücü rəqib hücumunun qarşısını almaqdı. Müdafiədən hücuma təhlükəli çıxırlar. Bu baxımdan diqqətli olmalıyıq. Standart vəziyyətlərdən də məharətlə yararlanırlar. Ötən mövsüm 29 qoldan 16-nı məhz “ikinci mərtəbə”də vurublar. Bir sözlə, konsentrasiyanı yüksək səviyyədə saxlamağımız vacibdi".

 

Qeyd edək ki, bu gün keçiriləcək “Baltsan” - “Keşlə” görüşü Bakı vaxtı ilə 20:00-da start götürəcək.

0