23 Fevral 11:25 “Keşlə”də ara qarışır: Maksimov bezib gedəcək
FUTBOL xəbərləri 23 Fevral 11:25
2405 baxış

“Keşlə”də ara qarışır: Maksimov bezib gedəcək

Ramiz Məmmədov yenə fəallaşıb. “Keşlə”nin idman direktoru baş məşqçi postuna qayıtmaq üçün səylərini gücləndirib.

 

Yayda kluba əvəzedici komandanın koordinatoru kimi gətirilən, daha sonra Zaur Svanadzenin baş məşqçi postundan uzaqlaşdırılmasında böyük rol oynayan Ramiz bəy, qış fasiləsinə kimi onu əvəz etmişdi. Yanvarda birdəfəlik bu posta təyin ediləcəyi ümidi ilə çalışan Məmmədovun arzusu həyata keçmədi. Danışılmış oyunlar qalmaqalı ilə bağlı silkələnən komanda gündəmi, yaya kimi ab-havanı dəyişmək üçün əcnəbi məşqçiyə güvəndi.

 

Yuri Maksimov gətirilərkən onunla 6 aylıq müqavilə bağlanması da təsadüf deyildi. Bu adama “müvəqqəti” gözüylə baxılırdı. Yalnız avrokuboklara vəsiqə qazanacağı halda klubda qalacağı açıqlanan ukraynalı həlli mümkünsüz görünən hədəflə üzbəüz qoyulub. Təbii ki, bu da yayda ondan imtina və Məmmədovun yenidən baş məşqçi kimi təsdiqlənməsinə hesablanıb.

 

“Keşlə” yenə qaynayacaq. Tezliklə bu klubda qarşıdurmalara, problemlərə rast gələcəyik. Əslində, Bakı klubunda hər şey normalmış kimi görünür. Bu da təsadüfi deyil, komanda qış fasiləsindən bu yana 2 oyuna 4 xal toplayıb. Yeni baş məşqçi Yuri Maksimovun məğlubiyyət görməməsi öz yerində, elitada qalmaq uğrunda mübarizədə əsas rəqibi olan “Kəpəz”i Gəncədə yenməsi də sıradan olay deyil.

 

Amma klubdan maraqlı xəbərlər mətbuata sığır, əksəriyyətinin məğzini də Maksimovla klubun Müşahidə Şurasının sədri Zaur Axundovun münasibətlərinin qaydasında olmaması barədə iddialar təşkil edir. Halbuki indiyəqədərki nəticələr buna zəmin yaratmır.

 

Guya ki, Axundov Maksimovun gətirtdiyi legionerlərin səviyyəsindən narazıdı. Eyni zamanda sərgilənən futbol da sədri qane etmir. Futbol kuluarlarında bu barədə şayiələr baş qaldırıb.

 

Məmmədov boş dayanmır. O, Maksimovun çempionatda 4-cü pilləyə yüksəlməyəcəyinə inanmır, lakin kubokda hər şey mümkündü. Yarımfinalda “Sumqayıt”ı keçmək möcüzə olmaz, finalda isə hər şey təsadüflərə də bağlıdı. Bu səbəbdən indidən nifaq toxumları səpilir, narazılıqlar gündəmə gəlir. Axı, “Keşlə”nin uğuru bu barədə vəd verən Axundovun Maksimovu postuna saxlaması ilə nəticələnəcək.

 

Təbii ki, Ramiz bəy bu xəbərləri təkzib edəcək. Lakin mətbuatın necə haqlı olduğunu proseslər sübut etdi. Bu şəxs “Keşlə”yə mücərrəd posta - əvəzedicilərin koordinatoru gələrkən Svanadzeyə torba tikmək üçün peyda olduğunu yazmışdıq və dediklərimiz qısa müddətdə təsdiqini tapdı. İndi də əmin olun ki, Maksimov ya özü bacarmayacaq, ya da belə xəbərlərin təsiri altında bezib gedəcək və yeni mövsümə komandanı Məmmədov idarə edəcək.

 

Zatən klubda fərqli bir postun məşqçiyə tapşırılması doğru deyil. Bir klub üçün iki məşqçinin varlığı həmişə problem yaradır. Ən yaxşı bacardığı iş meydanda olan Ramiz bəy kimilər kresloda oturmağı sevmir, daim komandaya müdaxilə edir. Bu isə ümumi işə əngəldi. Qarşıdakı aylarda prosesləri izləyin: ilk məğlubiyyətindəcə Maksimov daxildən zərbələri almağa başlayacaq (futbolinfo.az).