[b]Klublarımızı nə gözləyir?[/b]
16.07.2018 - 12:41
[b]Klublarımızı nə gözləyir?[/b]

Bu həftə avrokubokların I təsnifat mərhələsinin cavab qarşılaşmaları keçiriləcək. Apasport.az saytının məlumatına görə, Azərbaycanın 4 komandası mərhələ keçmək uğrunda mübarizə aparacaq.

 

İlk oyunlarda qeydə alınan nəticələrin təmsilçilərimiz üçün nə dərəcədə uğurlu olması maraq doğurur. Tarix Çempionlar Liqasında çıxış edən “Qarabağ”, Avropa Liqasındakı təmsilçilərimiz “Neftçi”, “Keşlə” və “Qəbələ”yə fərqli aqibət vəd edir.

 

“Qarabağ”: Artıq bunu görmüşük

 

Çempionlar Liqasında Sloveniyanın “Olimpiya” klubunu səfərdə 1:0 hesabı ilə məğlub edən “Qarabağ” ev matçına iyulun 18-də çıxacaq. Azərbaycan klubları indiyədək 6 dəfə səfərdəki ilk qarşılaşmada 1 qolla qalib gəlib. Bunların beşində mərhələni təmsilçimiz adlayıb. Rəqib meydanında minimal hesabla qalib gəlib, sonda tur keçən isə hər dəfə “Qarabağ” olub.

 

Qurban Qurbanovun yetirmələri bu cəhdin hamısındakı səfər qarşılaşmasında da qalib gəlib. 2009-cu ildə “Honka”nı (Finlandiya) 2:1, 2010-cu ildə “Visla”nı (Polşa) 3:2, 2013-cü ildə “Metalurq”u (Makedoniya) 1:0, 2014-cü ildə “Valetta”nı (Malta) 4:0, üç il öncə isə “Yanq Boyz”u (İsveçrə) 3:0 hesabı ilə yenib.

 

Azərbaycan təmsilçisinin səfərdəki 1:0 hesablı qələbədən sonra mərhələ keçməməsinin yeganə səbəbkarı isə “Elfsborq” olub. İsveçdə qalib gələn “İnter” (indiki “Keşlə”) evdə eyni hesabla uduzduqdan sonra penaltilərdə rəqibindən zəif olub.

 

“Qəbələ”: İlki gerçəkləşdirməli

 

Öz meydanında iki top fərqi ilə uduzan “Qəbələ”nin işi nisbətən çətindi. İyulun 19-da Lüksemburqda “Proqres”in qonağı olacaq Sənan Qurbanovun yetirmələri ilki gerçəkləşdirməlidi.

 

Çünki bunadək evdəki ilk matçda 2 cavabsız top buraxan Azərbaycan komandalarından heç biri tur keçməyib. Buna isə 5 dəfə təsadüf olunub.

 

“Qəbələ”nin özü də 4 il öncə bu halla üzləşib. Həmin vaxt “qırmızı-qaralar” Bosniya və Herseqovinada da “Şiroki Briyeq”ə uduzub – 0:3.

 

Ümumiyyətlə evdə 0:2-yə üzüldüyümüz 5 cütdən dördüncə cavab oyununda da məğlubiyyət qeydə alınıb. “Neftçi” 1997-ci ildə “Vidzev”ə (Polşa) 0:8, “Kəpəz” 2000-ci ildə “Antalyaspor”a (Türkiyə) 0:5, “Qarabağ” 2013-cü ildə “Ayntraxt”a (Frankfurt, Almaniya) 1:2 hesabı ilə yenilib. Toparlanıb səfərdə uduzmayan “Karvan” 2006-cı ildə Çexiyada “Slaviya” ilə qolsuz heç-heçə edib – 0:0.

 

“Neftçi”: “Qəbələ” nümunəsi

 

“Neftçi” evdəki ilk oyunda 3:1 hesabı ilə qalib gələn ikinci Azərbaycan komandasıdı. Bunadək yalnız iki il öncə stadionlarımızda belə sevinc yaşanıb.

 

Həmin vaxt “Qəbələ” “Maribor”u yenib. Təmsilçimiz Sloveniyada 0:1 hesabı ilə uduzsa da, mərhələni keçib.

 

“Keşlə”: Heç olmasa təsəlli

 

Maltada “Baltsan”a 1:4 hesabı ilə uduzan “Keşlə”nin vəziyyəti də ürəkaçan deyil. İlk görüşü bu hesabla yenilən Azərbaycan klublarının aqibəti yaxşı olmayıb.

 

İndiyədək iki belə hal yaşanıb. 1998-ci ildə “Kəpəz” cavab matçında da uduzub. Gəncəlilər LKS (Polşa) ilə bacarmayıb – 1:3.

 

7 il öncə “Qarabağ” Belçikadakı böyükhesablı məğlubiyyətin əvəzini çıxa bilməsə də, “Brügge”ni Bakıda yenib – 1:0. Bu qələbə həm təsəlli, həm də reytinq baxımından əhəmiyyətli olub.

0