24 May 12:30 “Legionerlərlə bağlı limitin tətbiq edilməsinin tərəfdarıyam” - MÜSAHİBƏ
FUTBOL xəbərləri 24 May 12:30
1248 baxış

“Legionerlərlə bağlı limitin tətbiq edilməsinin tərəfdarıyam” - MÜSAHİBƏ

“Marafon Futsal”ın oyunçusu Seymur Məmmədov Azərbaycan Futzal Federasiyasının feysbuk səhifəsinə müsahibə verib. Apasport.az saytının məlumatına görə, təcrübəli futzalçı komandasının debüt mövsümündə çempionatda ikinci olmasından və ölkə kubokunu qazanmalarından danışıb.

 

- Əvvəlcə kubokun finalından danışaq. Başa düşürük, həlledici qarşılaşma idi, məsuliyyət, titul qazanmaq istəyi və s. Amma gərginlik gözləniləndən daha çox oldu. “Cərəyan şiddəti”ni artıran məqamlar hansılar idi?

- Bu mərhələ cəmi bir oyundan ibarətdi. Səhv etsən, mövsüm ərzində çəkdiyin əziyyət heçə enəcəkdi. Üstəlik, rəqibimiz demək olar, legionerlərdən qurulmuş komandadı. Özlərini sübut etməyə çalışırdılar. Məncə, əsl finala yaraşan oyun oldu. Təbii ki, qələbə qazandığımıza görə, şadıq.

 

- Oyunun əvvəlində hesabda 2 top fərqi ilə geri düşdünüz. Narahatlıq var idi?

- Əlbəttə, narahat idik. Bunun da günahı özümüzdə idi. Oyunun əvvəlində boşluqlara yol verdik, müdafiəni düzgün qurmadıq. Sonradan məşqçilərin müdaxiləsi ilə taktikanı dəyişdik, səhvləri aradan qaldırdıq. Bu dəyişiklik hesabda da əksini tapdı.

 

- Ancaq bir oyunda 10 sarı, 3 qırmızı vərəqə sıradan göstərici deyil…

- Onlar çox istəyirdilər ki, güclü olduqlarını sübut etsinlər. Xüsusilə də iranlı futzalçılar bu mənada seçilirdi. Bizim komandada da onların həmyerliləri var. Açığı, vəziyyət gözlənilən idi.

 

- Özün debütant olmasan da, komandan ilk dəfə Yüksək Liqada çıxış etdi. Gümüş medalı qazandınız, amma kubokda hamıdan güclü oldunuz.

- Çempionatı ikinci pillədə başa vurmağımız, kubokda hamıdan güclü olmağımız bizim üçün böyük nailiyyətdi. İndi qarşıdakı mövsümdə bunun davamını gətirmək lazımdı. Zirvəyə yüksəlmək nə qədər çətindirsə, orda qalmaq daha çətin, ağırdı.

 

- Hansının çəkisi “ağırdı”: gümüşün, yoxsa qızılın?

- Zirvə hər zaman zirvədi. Ona görə də kubokun qızılı daha “ağırdı”. Bu bizə əlavə motivasiya, stimul verəcək.

 

- Bəs çempionatda ən çətin, yadda qalan oyununuz hansı oldu?

- “Araz”la son qarşılaşmamız çox maraqlı və yaddaqalan oldu. Qələbə qazandığımıza görə yox, sarı və qırmızı vərəqələrin həddindən artıq çox olmasını qabardardım. Ümumiyyətlə, bu komanda ilə duellərimizin hamısı maraqlı alındı. Həmin qarşılaşmalarda da yenə öz səhvimizdən məğlub olduq.

 

- “Araz”ı qabaqlaya bilərdiniz?

- Bir qədər düzgün oynamalı, səhvləri minimum endirməliyik. “Araz”ın üzvləri kifayət qədər təcrübəlidi, ardıcıl illərdi çempion olurlar. Onları üstələmək çətindi, amma mümkünsüz deyil.

 

- Etiraf edək ki, komandanızda legionerlərin sayı da çoxdu.

- Razıyam, çoxdu. Legionerlərin gəlməsinin əleyhinə deyiləm, amma güclülərini seçməliyik. Mövsümün əvvəlində vaxtımız az oldu, işə gec başladıq. Yeni çempionat üçün daha güclü komanda quracağımıza inanıram. Bir də legionerlərlə bağlı limitin tətbiq edilməsinin tərəfdarıyam. Yerli oyunçular belədə daha çox oynamaq imkanı qazana bilər. Gənclərin inkişafı üçün bu mütləq lazımdı.

Xəbər lenti