[b]“Londonda 0:6 hesabı ilə uduzsaq da...” - “Qarabağ”ın məşqçisi[/b]
18.10.2017 - 10:43
[b]“Londonda 0:6 hesabı ilə uduzsaq da...” - “Qarabağ”ın məşqçisi[/b]

“İki futbolçumuz müharibə zonasına yaxın yerdə yaşayıb. Münaqişə klubun taleyində yer tutur”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Qarabağ”ın fiziki hazırlıq üzrə məşqçisi Ruben Selles deyib.

 

İspaniyalı çalışdırıcı Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Atletiko” ilə bu gün keçiriləcək matçdan öncə ölkəsinin mətbuatına açıqlama verib.

 

Selles həmyerlilərinə əvvəlcə klubun tarixi barədə məlumat verib: “Futbolçumuz Qara Qarayev məcburi köçkünlər üçün ayrılmış düşərgədə böyüyüb, müharibə vaxtı uşaq olub. Məcburi köçkün olan digər oyunçumuz isə Rəşad Sadıqovdu. “Qarabağ” rəhbərliyi ildə 1 dəfə mərasim təşkil edərək, veteranlarla görüşür. Çempionat oyunlarında Tofiq Bəhramov stadionunda banner açılır. Həmin bannerdə “Qarabağ”ın keçmiş baş məşqçisi, müharibə zamanı şəhid olmuş, milli qəhrəman Allahverdi Bağırovun şəkli yer alıb. Hazırda işğal altında olan şəhəri təsəvvür etmək çox çətindi. Ümid edirəm ki, klub qısa müddətdən sonra yenidən doğma məkana qayıdar”.

 

Selles “Qarabağ”ın Çempionlar Liqasındakı rəqibləri haqda da fikirlərini bildirib: “Çelsi”, “Roma” və “Atletiko” bizim üçün çox təhlükəli komandalardı. Londonda 0:6 hesabı ilə uduzsaq da, “Roma” ilə evdəki qarşılaşmada minimal hesabla məğlub olduq. Sona qədər mübarizə aparıb, rəqibi təzyiqdə saxlaya bildik. “Atletiko” ilə matçda da oyun üslubumuza sadiq qalacağıq. Topu özümüzdə daha çox saxlamağa çalışacağıq”.

 

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda baş tutacaq “Qarabağ” – “Atletiko” matçı saat 20:00-da start götürəcək.  

 

 

0