23 Fevral 09:51 Markarovun Banişevski və Bakı haqda xatirələri: Pis oynasaydıq, stadiona 40 min insan gəlməzdi
FUTBOL xəbərləri 23 Fevral 09:51
1966 baxış

Markarovun Banişevski və Bakı haqda xatirələri: Pis oynasaydıq, stadiona 40 min insan gəlməzdi

"Neftçi"nin əfsanəvi hücumçusu Anatoli Banişevski yaşasaydı, bu gün 72 yaşını tamamlayacaqdı. Apasport.az saytı xəbər verir ki, mərhum futbolçu 1946-cı il, fevralın 23-də anadan olub.

 

Banişevski haqda sabiq komanda yoldaşı Eduard Markarov müsahibə verib. "Vestnik Kafkaza"nın suallarını cavablandıran keçmiş forvard maraqlı fikirlər səsləndirib.

 

- Söhbətə əfsanəvi Banişevski-Markarov-Tuayev “trio”sundan başlamaq istərdik. 1960-1970-ci illərdə keçmiş SSRİ-nin ən yaxşı hücum “üçlüy”ü sayılmağınızın sirri nədə idi?

- Elə bir böyük sirr yoxdu, əsas məsələ bir-birimizi başa düşməyimiz idi. Futbol təkcə ayaq oyunu deyil, eyni zamanda düşüncədi. Hətta mən onu şahmatla müqayisə edərdim. Şahmatçılar da irəlidəki gedişləri düşünürlər və rəqibin hansı addımı atacağını bilirlər. Bizdə yaxşı komanda işi var idi. Bir-birimizi gözəl başa düşürdük, hansı məqamda nə etməli olduğumuzu bilirdik. Təbii ki, Banişevski sovet futbolunun əfsanələrindən biridi. O və Kazbek Tuayev təmiz hücumçular idi. Onlara qədər isə Adamas Qolodets və Yuri Kuznetsov var idi və hər biri çıxış etdiyi mövqedə fərdi cəhətdən maraqlı oyun sərgiləyirdi. Məndən və Banişevskidən yaşca böyük olan Tuayev fərdi oyunçu idi. Tolik Banişevski qol vurmaq üçün harda dayanmalı olduğunu həmişə yaxşı bilirdi. Mən də öz növbəmdə Tuayev və Banişevskinin üstün cəhətlərini bilirdim. Qolodetslə Kuznetsov gedəndən sonra mən Tolikin irəlidə yer alması üçün geridə oynamağa başladım. Məhz komanda oyunumuzun hesabına rəqiblər üçün bizim qarşımızı kəsmək çox ağır idi. Biz rəqibin hər addımını bilirdik, onları yaxşı təhlil edib, güclü və zəif tərəflərini müəyyənləşdirirdik və oyunumuzu da buna əsasən qururduq. Buna görə də, bizim “trio” çox maraqlı idi. Sovet İttifaqı bizi həmin dövrün ən güclü hücumçularından biri kimi qəbul edirdi.

 

- Kənardan azarkeşlər çox mehriban komandanızın olduğunu görürdülər. Bəs kollektivin daxilində atmosfer necə idi?

- Həmin vaxt çox sağlam, yaxşı kollektiv yığılmışdı. Əsasən, gənclər idi, amma təcrübəli futbolçular da çıxış edirdi. Bizdə hər hansı zorakılıq və təzyiq yox idi. Cavanlara necə oynamaq lazım olduğunu başa salırdıq. Ona görə yox ki, biz daha çox bilirdik, sadəcə, ürəyimizdən gəlirdi. Komandanın daxilində çox güclü birlik var idi, bir-birimizə hörmətlə yanaşırdıq, qalmaqallar, problemlər olmurdu. "Neftçi"nin çox maraqlı heyəti var idi. Həm futbolçu, həm də insan mənasında nəzərdə tuturam. Buna görə ilk növbədə Boris Andreyeviç Arkadyevə minnətdaram. O, böyük məşqçi idi və Moskvadan Bakıya komandanı çalışdırmağa gəlmişdi. Məni "Neftçi"yə də məhz Arkadyev dəvət etmişdi. Bundan əlavə, məni düşünməyə məcbur edən Yuri Kuznetsova da minnətdaram. Axı Banişevski kimi, mən də xam vəziyyətdə gəlmişdim. Qollar vururduq, amma düşüncənin davamını gətirə bilmirdik. Yura məhz şahmatçı-oyunçulardan idi, öncəki bir neçə gedişi əvvəldən bilirdi və bunu mənə də aşıladı. Hücumçunun arxasında oynamağa başlayanda artıq ayağımdan yox, başımdan istifadə etməyə başladım.

 

- Azarkeşlərlə münasibəti necə qururduz? Sirr deyil ki, bakılı azarkeşlər çox tələbkar idi...

- Həqiqətən də, belə idi. Oyunumuz alınmayanda azarkeşlər bizi söyə də bilərdilər. Onu da deyim ki, möhkəm söyürdülər, amma yaxşı oynayanda da çox tərifləyirdilər. Təbii ki, komanda həmişə yalnız irəliyə doğru addımlaya bilmir - zədələr, enişlər də olur. Biz azarkeşləri sevirdik, onlar da bizi. Pis oynasaydıq, stadiona 40 min insan gəlməzdi. İstənilən komanda ilə oyunda stadion tam dolurdu. Bu, onlarla qarşılıqlı hörmətimizin olduğunu göstərirdi.

 

- Anatoli Banişevskinin komandaya gəlişindən bəhs edərdiniz...

- Tolik əvəzedici heyətə düşəndə mən artıq 5 il idi ki, əsas heyətdə oynayırdım. Hər komandanın ikinci heyəti var idi, orda gənclər və zədəli təcrübəli futbolçular olurdu. Tolik də əvəzedici heyətdən başladı və özünü yaxşı tərəfdən göstərərək, qol vurmaq bacarığının olduğunu isbatladı. Banişevski sürətli idi. Ən güclü cəhəti isə başla oynamaq bacarığı idi. Yəni "ikinci mərtəbə"də yaxşı oynayırdı. Onun istedadını tez hiss etdilər. Adik Qolodets və Yura Kuznetsov həmin vaxt karyeralarını bitirmişdilər və mən Kazbek Tuayevlə tandem təşkil edirdim. O məqamda Tolik bizə qoşuldu. Bu, 1965-ci ildə oldu. Banişevskinin bizə qoşulmasından sonra mən hücumçu arxasında oynamağa, azad rəssam kimi çıxış etməyə başladım. Təmiz hücumçu kimi isə Tolik və Kazbek oynayırdılar. Onu da qeyd etməliyəm ki, yığmaya asanlıqla düşmək olmurdu. Futbolçu özünü isbatlamadı idi. Tolik də bunu bacardı. O, yığmada çıxış etməyə layiq idi. Çünki Banişevski Sovet İttifaqının ən yaxşı hücumçularından biri idi.

- Kollektivə qısa zamanda necə uyğunlaşdı?

- Çox tez uyğunlaşdı. Hər futbolçuda belə olmur. Çünki kollektiv hər yeni gələni qəbul etmir. Elə bu məqam Tolikin necə yaxşı, düzgün insan olduğunu göstərir. Deyə bilərəm ki, onun mənfi cəhəti yox idi. Tolik həm güclü futbolçu, həm də əla oğlan idi. Komandaya özü uyğunlaşdı və kollektiv onu qəbul etdi.

 

- Həmin dövrdə "Neftçi"nin inkişafında hansı məşqçi daha çox rol oynayıb?

- Subyektiv fikrimdi: ən yaxşısı Boris Arkadyev idi. Onun vaxtında təkcə mən yox, başqa xeyli sayda yaxşı futbolçu da heyətə düşdü. O, gənc oyunçunun gələcəkdə ortabab, yoxsa böyük futbolçu olduğunu öncədən görə, hiss edə bilirdi. Arkadyevdən sonra Ələkbər Məmmədov, Vasili Sokolov və təbii ki, Əhməd Ələsgərov oldu. Ələsgərov 1966-cı ildə komandaya gəldi və məhz onun rəhbərliyi altında həmin ildə SSRİ çempionatının bürünc medalını qazandıq.

 

- Stadiondan kənarda da digər futbolçularla dostluq edirdizmi? Ailəvi gediş-gəlişiniz var idi?

- Əlbəttə, dostluq edirdik. Amma aramızda yaş fərqi var idi. Bir də hər kəslə dərhal dostlaşmaq alınmır və bu, normaldı. Ailəvi də dostluq edirdik. İstirahət günümüz olanda birlikdə çimərliyə gedib, dincəlirdik. Bir sözlə, təkcə meydanda yox, ondan kənarda da dostluğumuz yüksək səviyyədə idi.

 

- Həmin illərdə Bakı şəhərinin "Neftçi"nin sayəsində futbolla nəfəs aldığını demək olarmı?

- Onda futbolla təkcə şəhər yox, rayonlar da nəfəs alırdı. Rayon camaatına pulsuz avtobuslar verirdilər ki, gəlib oyunlara baxsınlar. Onlar da 3-4 saatlıq yol qət edərək, Bakıdakı oyunlarımıza gəlirdilər. Məhz bunun hesabına bütün matçlarımızda stadion tam dolurdu. Meydana çıxanda onlar üçün bütün gücümüzü qoyurduq. Olurdu ki, oyunlardan sonra stadiondan çıxa bilmirdik. İnsanların stadiondan getməsini 1-2 saat gözlədiyimiz vaxtlar da olub. Bakı maraqlı şəhər, bakılılar isə maraqlı insanlardı. Orda çoxlu millətlər yaşayırdı və insanlar arasında kimin erməni, kimin rus, kimin azərbaycanlı olması ilə bağlı fərq yox idi. Bakı beynəlxalq şəhər idi. Harasa gedəndə məndən soruşurdular ki, siz bakılısız? "Hə" cavabını verirdim. Soruşurdular ki, bəs milliyətcə kimsiz? Deyirdim ki, milliyət nədi, Bakıda bu suala ancaq "bakılı" cavabını verirlər. Bax, belə yaşayırdıq.

 

- Bakıdan ötrü darıxırsızmı?

- Darıxıram. Orda anadan olub, 29 il Bakıda yaşamışam. 29 yaşında bir komandadan digərinə keçmək asan deyildi. Axı həmin dövrdə 25-26 yaşlı futbolçunun artıq yaşlı olduğunu düşünürdülər. İndi isə 25 yaşlı futbolçunun gələcəyinin irəlidə olduğunu deyirlər. 2009-cu ildə Ermənistanın nümayəndə heyətinin tərkibində Bakıya getmişdim. Düzünü desəm, doğma şəhərimi tanımadım. Mənim vaxtımda hava limanından mərkəzə maşınla təxminən 1 saata gedilirdi. İndi isə böyük yol çəkilib, hər tərəfdə 3 zolaq var. Şəhər çox xoşuma gəldi.

 

- Azərbaycan futbolu sizə nə verdi?

- Azərbaycan futbolu mənə hər şey verdi. O, məni yetişdirdi. 29 yaşım olanda isə "Ararat"a getdim.

Xəbər lenti