[b]"Mən eşitməmişəmsə, bu keçid real deyil" - MÜSAHİBƏ[/b]
12.01.2018 - 11:26
[b]"Mən eşitməmişəmsə, bu keçid real deyil" - MÜSAHİBƏ[/b]

“Keşlə” klubunun icraçı direktoru Rəmiş Malıyevin apasport.az saytına müsahibəsi

 

- “Keşlə”nin qışa qədər çıxışını necə dəyərləndirirsiz?

- Hər şey göz qabağındadı. Obyektiv meyar turnir cədvəlidi. Bunu nəzərə alıb, çox aşağı səviyyədə, qeyri-kafi dəyərləndirirəm. Komandanın o cür çıxış etməsinə səbəb olan məsələlər ortaya çıxdı. Klub transfer qadağası və digər sıxıntılarla üzləşmişdi. Təsisçinin komandanı maliyyələşdirməkdən imtina etməsi iş prosesinə öz təsirini göstərib.

 

- Klub transfer qadağasından artıq qurtulub. Qış fasiləsində bir neçə oyunçu ilə müqavilə imzalanıb. Bəs baxışda olan futbolçularla bağlı yekun qərar nə vaxt veriləcək? Düşərgəyə başqa kimlər qoşulacaq?

- Baxışda bir neçə oyunçu var. Çalışırıq ki, transfer məsələsində səhvə yol verməyək. Yəni heyətə qatdığımız və qatacağımız yeni oyunçular komandanı gücləndirsinlər. Danışıq apardığımız başqa futbolçular da var. Yaxın günlərdə onların adları bəlli olacaq. Ümid edirik ki, yeni transferlər “Keşlə”ni gücləndirəcəklər.

 

- Ukrayna mətbuatında çıxan xəbərə görə, “Keşlə”nin baş məşqçisi Yuri Maksimov “Yagelloniya” klubundan ayrılan həmyerlisi Dmitri Xomçenovskiyə dəvət göndərib. Bu, həqiqəti əks etdirirmi?

- Futbolçularla bağlı gündə ən azı 2 dəfə müzakirələr aparıram. Həmin məlumatı mən də mətbuatdan oxudum. Amma onun adını eşitməmişəm. Mən eşitməmişəmsə, deməli, bu keçid real deyil. Təkliflər gəlir, amma seçimi mütəxəssislər edirlər. Genişləndirilmiş siyahıda Xomçenovskinin adı ola bilər. Lakin qısa siyahıda onun adı yoxdu.

 

- Maksimov dünənki müsahibəsində Rauf Əliyevin “Keşlə”yə keçmək variantının olduğunu təsdiqləməklə yanaşı, müqavilənin müddəti məsələsində fikirlərin haçalandığını bildirdi. Dediyinə görə, Rauf 6 aylıq, klub isə daha uzun müddətə nəzərdə tutulmuş sözləşmə imzalamaq niyyətindədi...

- Baş məşqçinin dedikləri həqiqətə uyğundu. Bəli, Raufun bizə müraciətinə uyğun olaraq, ona təklif etmişik. Əliyevlə 1 il, ya da il yarımlıq müqavilə bağlamaq istəyirik. O da bu barədə düşünür. Qərar sonda veriləcək.

 

- Qış fasiləsində konkret neçə əcnəbi futbolçu ilə müqavilə imzalamağı planlaşdırırsız?

- Büdcəni nəzərə alırıq. Bundan əlavə, faktiki olaraq 6 futbolçumuz komandanı tərk etdi. Legioner transferində konkret say yoxdu. Sadəcə, güclü legioner və yerli oyunçular gətirməyə çalışırıq. Komandanı turnir cədvəli baxımından ağır durumdan çıxarmaq lazımdı. 

 

- Yuri Maksimovun və əcnəbi futbolçuların gətirilməsi “Keşlə”nin büdcəsinin heç də aşağı olmadığını göstərir...

- Maksimovun gəlişinə qədər bizdə iki əcnəbi məşqçi var idi. Onlara verilən məbləğ bir-birinə bərabərdi. Ümumi götürdükdə deyə bilmərəm ki, klubun büdcəsi minimumdan bir az artıqdı. Biz oyunçu seçimi zamanı çətinlik çəkirik. Bəlli bir büdcə var və onu keçə bilmərik. Bizə həm oyunçunun keyfiyyəti, həm də qiyməti çox önəmlidi. Təbii ki, qiyməti baha olan keyfiyyətli futbolçulara baxmırıq. “Qızıl orta”nı götürməyə çalışırıq.

 

- Məlum məsələdi ki, qış fasiləsindən sonra “Keşlə”nin əsas hədəfi ölkə kuboku ilə bağlı olacaq. Çünki Yuri Maksimovun qarşısına komandanı Avropa Liqasına çıxarmaq tapşırığı qoyulub. İndiki durumda bu nə dərəcədə inandırıcı görünür?

- Necə olacağını həyat göstərəcək. Baş məşqçinin qarşısına qoyulan tapşırıq bəllidi: komandanı avrokuboklara çıxarmaq. Ölkə kubokunu qazanmaq da çox çətindi, amma mümkündü. Əsas odu ki, şansımız var.

 

- Azərbaycan kubokunun yarımfinalında “Sumqayıt”la qarşılaşacaqsız. Rəqib 1/4 finalda “Qarabağ”ı mübarizədən kənarlaşdırıb. Bu sizdə qorxu yaradır, yoxsa rəqibin “Sumqayıt” olması indidən finalı düşünməyə əsas verir?

- Qorxu yaratmır. Ancaq “Sumqayıt” çox güclü komandadı. Döyüşkən, rəqabət qabiliyyəti olan kollektivdi. Bunu bütün oyunlarda göstərirlər. Deməli, bizim üçün çox çətin olacaq. Buna baxmayaraq, baş məşqçinin qarşısına tapşırıq qoyulub. Avrokuboka çempionat və ya kubokdan çıxmağın bizim üçün fərqi yoxdu. Əsas odu ki, “Keşlə” Avropa Liqasında iştirak etsin.  

 

- “Keşlə” dünən “Qaradağ Lökbatan”la yoxlama oyununu İsmət Qayıbov adına stadionda keçirdi. Komanda son vaxtlar məşqləri də bu məkanda edir. Səbəb nədi?

- “İnter Arena”nın durumunda heç bir problem yoxdu. Sadəcə, baş məşqçi məşqlərin təbii örtüklü meydanda keçirilməsini xahiş edib. Həmin stadionda məşq etməyə şərait yaratdığı üçün “Neftçi” rəhbərliyinə minnətdarıq. Bu dəqiqə meydança tapmaq çox çətindi. Çünki digərlərində klublar və milli komandalar məşq edirlər.

 

- Təbii örtüyə öyrəşdikdən sonra süni örtüklü “İnter Arena”da oyunlar keçirmək komandaya problem yaratmayacaq?

- Bu, mütəxəssislərin işidi. Baş məşqçi belə istəyib. Komandanın oyununa o, cavabdehdi.

 

- Yuri Maksimov qış fasiləsindən sonra ev oyunlarının da təbii örtüklü meydanda keçirilməsini xahiş etsə, necə olacaq?

- Elə xahiş var ki, onu yerinə yetirmək iqtidarındayıq. Elə xahiş də ola bilər ki, biz onu həyata keçirə bilmərik. Həm də komanda Antalyaya gedəcək və orda da təbii örtükdə məşq edəcək.

 

- “İnter Arena”nın ot örtüyü yaxın gələcəkdə təbii otla əvəzlənə bilərmi?

- Bu infrastruktur bizim deyil, “Aqrarkredit” təşkilatının balansındadı. Ordan da “Azərbaycan Sənaye Korporasiyası”na verilib. İnfrastrukturun taleyi dəqiq bəlli olandan sonra nəsə danışmaq mümkündü. Biz hazırda yalnız istifadəçiyik.

 

- Danışılmış oyunlarla bağlı məsələ nə yerdədi? Nizami Hacıyev və Mirhüseyn Seyidovun adı açıqlananda başqa sanksiyaların da olacağı istisna edilməmişdi. Belə bir şey yenə gözlənilir, yoxsa “Keşlə” ilə bağlı məsələ qapanıb?

- Ümumilikdə “Keşlə” ilə bağlı məsələ bağlanılıb. Ancaq klub daxilində yenə bu məsələləri izləyirik ki, belə hallar baş verməsin. Bu proseslərdə başqa kimlər iştirak edibsə, onlar haqda da müəyyən məlumat almağa çalışırıq. Amma ümumilikdə sanksiyaların tətbiqi və araşdırmaların davam etməsi bizim səlahiyyətimizdə olan məsələ deyil.

 

Tengiz MƏMMƏDOV

 

0