[b]“Messi olsa belə, “Neftçi”də sevilməyəcək”[/b]
12.01.2017 - 13:21
[b]“Messi olsa belə, “Neftçi”də sevilməyəcək”[/b]

“Ruslan Abışovun transferinə qarşıyıq. Onu yenidən “Neftçi”nin formasında görmək istəmirik”. Bunu apasport.az saytına “Forza Neftçi” fan-klubunun rəhbəri Sübhan Əliyev deyib.

 

Azərbaycan millisinin üzvü Ruslan Abışovun “İnter”dən “Neftçi”yə keçməsi birmənalı qarşılanmayıb. Xüsusən də, “Forza Neftçi” fan-klubu bu keçidi qətiyyətlə pisləyir.

 

Məsələ ilə bağlı danışan Sübhan Əliyev 29 yaşlı oyunçunu heç vaxt qəbul etməyəcəklərini vurğulayıb: “Ruslan Abışov 2012-ci ildə “Xəzər Lənkəran”ın 1,2 milyon dollarlıq təklifini qəbul edib qaçdı. “Neftçi”ni sevsəydi, döyüş vaxtı atıb getməzdi. O, Messi də olsa, “Neftçi”yə qayıtmasını istəmirik. Necə ki, Araz Abdullayev o vaxt azarkeşi söydüyü üçün bağışlanmadısa, Abışovu da “Xəzər Lənkəran”a keçməsinə görə bağışlamırıq. “Neftçi”də oynasa da, azarkeş tərəfindən sevilməyəcək. Bizim üçün onun varlığı ilə yoxluğu bilinməyəcək. Bizi pis gündə dəyişib əzəli rəqibə keçən oyunçu ilə barışa bilmərik”.

 

Fan-klub rəhbəri Ruslan Abışovu sadiq olmamaqda günahlandırıb. Onun fikrincə, təcrübəli oyunçu indi də “İnter”i pis vəziyyətdə qoyub: “Neftçi”də Zaur Tağızadə, İqor Getman olub, vaxtilə Anatoli Banişevski kimi futbolçu çıxış edib. Sadiqliyi onlar göstəriblər. Bunu 20 illik tribuna təcrübəmə əsasən deyirəm. Yaxşı yadımdadı, Zaur Tağızadəyə “Xəzər Lənkəran” böyük pullar təklif elədi, amma o, getmədi. “Xəzər Lənkəran” da başa düşdü ki, əzəli rəqibdi, arada prinsipiallıq var. Flavinyo da “Neftçi”də 300 minə oynayırdı. Ruslan Abışov, sadiq idinsə, elə onda qalardın da. Belə olsaydı, indi kapitan kimi komandanı meydana çıxarırdın. İndi də “İnter”ə zərbə vuraraq gəlirsən. “İnter”in transfer qadağası var. Sadiq oyunçu belə vəziyyətdə komandasını atmaz. Sən “Qəbələ”də də, “İnter”də də qol vuranda formanın üzərindəki gerbi öpmüsən. Yəqin ki, indi yaxşı pul müqabilində gəlir”.

 

Sübhan Əliyev “Neftçi”nin yeni transferinə qarşı oyunlar zamanı hansı addımı atacaqlarına hələ qərar vermədiklərini söyləyib: “Biz bu gün “Neftçi”də Mirhüseyn Seyidovu görmək istərdik. Onun oyununu, sadiqliyini görmüşük, öz yetirməmizdi. Türkiyədə Gökhan Gönül pula görə “Fənərbaxça”nı “Beşiktaş”a dəyişdi. Amma fanatlar onu bağışlamadılar, Kadıköydəki görüşdə başına oyun açdılar. Biz azad qrupuq, başqaları kimi, klubdan maliyyələşmirik. Qərarları özümüz veririk. Bu gün də Ruslan Abışovun transferinə qarşıyıq”.

 

“Forza Neftçi” fan-klubu uğursuz çıxışa görə, mövsümün ilk iki dövrəsində komandanın əksər oyunlarını boykot edir, oyunlarına gəlmirdi. Əliyev ikinci yarıdan etibarən kluba dəstəklərini əsirgəməyəcəklərini deyib: “İki il gözlədik və sonra başa düşdük ki, bizi aldadırlar, komandanı məhv etmək üçün gəliblər. Bu səbəbdən oyunları boykot etməyi qərara aldıq. Baş məşqçi Elxan Abdullayev isə gələndən deyirdi ki, mənə yanvara qədər vaxt verin. Üçüncü dövrədən komandaya necə lazımdısa dəstək olacağıq. İnanırıq ki, o da verdiyi sözə əməl edəcək. İnşallah, biz də başqa “Neftçi” görərik, əvvəlki əzəmətini qaytaran, çempionluğa oynayan komanda izləyərik”.

 

Qış fasiləsində baş tutan transferlərə də münasibət bildirən Əliyev “Neftçi” rəhbərliyinin bu siyasətindən tam razı qalmadıqlarını vurğulayıb: “Qış transferlərinin 3-4-ündən razıyıq. Məsələn, Namiq Ələsgərov, Georgi Navalovski, Zdenek Folprext və İqnasio Erreranın keçidindən razıyıq. Amma yerli oyunçular daha çox almaq lazımdı. Ortada limit söhbəti var. Axı kimləri oynadacaqsan? Bizə maraqlı gələn odu ki, bu gün yerli futbolçular “Neftçi”yə gəlmək istəmirlər. Bilmirik, rəhbərliyə görə gəlmirlər, yoxsa başqa səbəbdən. Nədənsə, güclü yerlilər burdan boyun qaçırırlar. Təki gələnlər yaxşı olsun və əvvəlki “Neftçi”ni izləyək”.

 

0