[b]“Mümkünsüz heç nə yoxdu” – Zdenek Folprext[/b]
19.03.2017 - 01:00
[b]“Mümkünsüz heç nə yoxdu” – Zdenek Folprext[/b]

Komandasının 80 illik yubileyi qeyd edilən gündə “Neftçi”nin qələbəsində pay sahibi olan Zdenek Folprext matçdan sonra apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- Təəssüratlarınızı bölüşməyinizi istərdik...

- Vacib oyun idi. Birincisi, klubun yaradılmasının 80 illik yubileyi qeyd edilirdi. Buna görə də üzərimizdə müəyyən qədər təzyiq var idi. Başa düşürdük ki, qələbə qazanmalı və bayrama bayram qatmalıyıq.

 

- Klassik dizaynli formalar xoşunuza gəldi?

- Əlbəttə, çox bəyəndim. İlk dəfə çıxış etdiyim klublardan birini tarixi formasında meydana çıxdım. İndiyə qədər heç bir klubum belə addım atmamışdı. Bu da xoşuma gəldi. Əsası odur ki, yeni formamızda qələbə qazandıq.

 

- Bugünkü tədbirdən sonra bu klubun futbol tariximizdə hansı yerə sahib olduğunu əyani gördünüzmü?

- Əvvəlcədən də hansı komandaya gəldiyimi bilirdim. Bu gün isə bir daha anladıq ki, ölkəniz üçün çox vacib və xüsusi yerə sahib klubun formasını geyinirik. Qələbə qazandığımız üçün çox xoşbəxtik. Həm də qazandığımız qələbə növbəti oyun üçün bizə kömək olacaq.

 

- “Qəbələ”dən sonra daha bir iddialını xalsız yola saldınız. Qış fasiləsindən sonra iri addımlar atdığınızı demək olarmı?

- Mövsümün qış fasiləsinə qədər olan hissəsini saymasaq, fasilədən sonra qazanılan xalların sayına görə biz liderlərdən biriyik. Düzdü, nəticəni bu cür hesablamırlar. Amma demək istədiyim odur ki, biz çox yaxşı oynayır və irəliləyirik.

 

- İkinci və üçüncü yerdə gedən komandaları uddunuz. Bəs liderə necə, qalib gələ biləcəksinizmi?

- “Qarabağ”a qarşı 3 dəfə oynamışam və heç birində uduzmamışıq. Mümkünsüz heç nə yoxdu.

 

- “Slovan”ın heyətində, yoxsa “Neftçi”nin heyətində “Qarabağ”a qarşı oyunda özünüzü inamlı hesab edirsiniz?

- “Neftçi” və “Slovan”ın nümayiş etdirdiyi oyun keyfiyyətinə görə eynidi. Hansısa fərq görmürəm.

 

- Çexiya millimizlə eyni qrupda yer alır. Yığmanızın üst sıralara yüksəlməsi üçün millimizin Almaniya ilə oyununda onlara azarkeşlik edəcəyinizi gözləmək olarmı?

- Azərbaycan millisinə azarkeşlik edəcəm. Əvvəla, oyunu özüm şəxsən izləyəcəm. Üstəlik, millinizə dəvət alan Ruslan Abışovla Namik Ələskərov komanda yoldaşımdı. Onların uğur qazanmasını istəyirəm.

 

- Bu, həm də Çexiya millisinə dəvət almamağınızla bağlıdı?

- Qətiyyən. Əgər “Neftçi” üst sıralarda yer alsa və çempionluq uğrunda mübarizə aparsa, Çexiya millisinin məşqçi heyəti oyunumuzu izləyəcək və bizə diqqət ayıracaq.

0