[b]Mundiallar tarixində ən çox qarşılaşan cütlüklər[/b]
13.06.2018 - 13:02
[b]Mundiallar tarixində ən çox qarşılaşan cütlüklər[/b]

Dünya çempionatları tarixində ən çox üz-üzə gələn komandaların adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, azarkeşlər mundiallarda ən çox Braziliya - İsveç və Almaniya - Argentina matçlarına tamaşa ediblər.

Bütün dünya çempionatlarının iştirakçısı olan Braziliya 11 dəfə planetin ən nüfuzlu turnirinə qatılan İsveçə 7 dəfə rəqib olub. Aktivində qalibiyyəti olmayan avropalılar 7 görüşün 2-də heç-heçəyə sevinib, 5 dəfə meydanı məğlub tərk edib. “Pentakampeonlar”ın 21 qoluna rəqib 8 topla qarşılıq verə bilib. Komandalar 1938, 1950, 1958, 1978, 1990 və iki dəfə də 1994-cü ildəki dünya çempionatında qarşılaşıb. DÇ-1958-dəki görüş finala təsadüf edib və “sambaçılar” 5:2 hesablı qələbə qazanıb.

Almaniya ilə Argentina isə 4 il əvvəlki finalda mundial tarixində 7-ci dəfə üz-üzə gəlib. Avropalılar 4, cənubi amerikalılar isə 1 dəfə qalibiyyət sevinci yaşayıblar. 2006-cı ildəki duel 1:1 hesabı ilə nəticələnmiş, Almaniya penaltilər seriyası ilə (4:2) qalib gəlmişdi.

Ən çox baş tutan oyunlar siyahısında 3-cü yerdə Qərbi Almaniya – Yuqoslaviya görüşləri qərarlaşır. Bu komandalar arasında keçirilmiş 6 matçın 4-də Qərbi Almaniya, 1-də Yuqoslaviya qələbə qazanıb, 1 görüşdə də “sülh” bağlanıb. 4 qat çempionun 11 qoluna rəqib 4 qolla cavab verib.

0