18 Dekabr 15:17 Mustafalar imkan versə: “Beşiktaş”, yoxsa ucuz reklam?
FUTBOL xəbərləri 18 Dekabr 15:17
5598 baxış

Mustafalar imkan versə: “Beşiktaş”, yoxsa ucuz reklam?

Azərbaycan millisinin və “Qarabağ”ın futbolçusu Mahir Mədətov Türkiyənin “Beşiktaş” klubunun maraq dairəsinə düşməsi ilə bağlı xəbərlər yayılıb. Apasport.az saytının məlumatına görə, guya buna 20 yaşlı hücumçunun cari mövsümün ilk yarısındakı çıxışı səbəb olub.

 

Amma Mahir qonşu ölkə çempionunun diqqətini cəlb edəcək göstərici ilə öyünə bilməz. Hər halda, Çempionlar Liqasında qrup mərhələsini 1-ci yerdə başa vuran İstanbul komandasının sonuncu pilləni tutan Ağdam təmsilçisinin futbolçusuna elçi düşməsi üçün bu oyunçu qeyri-adi istedadı ilə seçilməlidi ki, bu da Mahirdə yoxdu.

 

Düzdü, Mahir futbolçu karyerasının ən uğurlu mövsümünü keçirir. Lakin bunun o qədər də güclü olmayan və 8 komandanın ümidinə qalan Azərbaycan çempionatının sayəsində gerçəkləşdirib.

 

O, hətta Azərbaycan Premyer Liqasının 2017/18 mövsümünün bombardirləri yarışında da ön sıralardadı. Çempionatın əvvəlində liderliyi ələ alan Mədətov artıq zirvəni Baqali Daboya verib. Startdakı məhsuldarlığı unutsa da, 6 qolla bombardirlər yarışında 2-ci olan Mədətov hələlik “Qarabağ”da hamıdan çox fərqlənib. O, həm də bu göstəricidə yerli futbolçular arasında ən yaxşıdı.

 

Hücumçu Premyer Liqadakı 12 görüşdə 6 qol vurub. Mahirin məhsuldarlığı 0,500-ə bərabərdi. Ümumiyyətlə isə ölkə çempionatlarında 65 matç da 16 qol vuran futbolçunun orta göstəricisi 0,246-dı.

 

Mahir cari mövsümdə 2 kubok oyununda fərqlənə bilməsə də, Çempionlar Liqasındakı 11 matçda 1 qol vura bilib. Bu 11 matçdan 6-sı təsnifat, 5-i qrup mərhələsinə təsadüf edib. Bir sözlə, “Beşiktaş”ın marağına səbəb olan futbolçu yarım mövsüm ərzində klubunda 25 oyuna çıxıb və 7 dəfə fərqlənib. Onun orta məhsuldarlığı 0,280-ə bərabərdi. Hücumçu mövsümdə 2 sarı vərəqə alıb ki, bu cəzalar da çempionatda qeydə alınıb.

 

Mövsümdə 7 qol Mahir üçün rekord deyil. O, 2015/16 mövsümündə daha çox – 8 dəfə fərqlənib. Lakin hələ çempionatın ikinci yarısı irəlilədi və onun fərqlənmək ehtimalı böyükdü.

 

Ümumiyyətlə isə Mədətov “Qarabağ”a keçən gündən 78 qarşılaşmaya çıxıb. 21 dəfə rəqib qapısına yol tapan oyunçunun məhsuldarlığı 0,269-du.

 

Gənc futbolçunun göstəricilərinə və “Beşiktaş”ın hücum xəttindəki oyunçulara nəzər salsaq, aydın olar ki, Mahir “ağ-qaralar”ın əsas deyil, əvəzedici heyəti üçün nəzərdə tutulub. Çünki Çempionlar Liqasının 1/16 finalına yüksələcək komandada hücum xəttində oynamaq üçün güclü rəqabət var.

 

İstanbul klubunun əsas qol silahı Babel-Cenk Tosun-Alvaro Neqredo “üçlüyü”dü. Sonuncu əsasən sonradan meydana daxil olması ilə diqqət çəkir. İspaniyalı sonradan komanda yoldaşlarını əvəzləməklə keçirdiyi 16 matçda 3 qol da vurub.

 

Daha az – hərəyə 15 oyun keçirən Tosunla Babelin Superliqadakı göstəriciləri daha yüksəkdi. Cenk 8, hollandiyalı 7 dəfə qol sevinci yaşayıb. Təbii ki, Premyer Liqamızda 6 qol vurmaqla Superliqadakı göstəricilər müqayisəyə gəlməz.

 

Tosun Çempionlar Liqasında 6 görüşdə 4 qol vurub ki, nəinki Mahir, heç onun komandası da qrupda bu qədər fərqlənməyib. Babel 5 matçda 2, daha çox ehtiyatda qalan Neqredo eyni sayda oyunda 1 dəfə rəqib qapısına yol tapıb.

 

Türkiyə nəhəngi hücum xəttində təcrübəli Mustafa Pektemek və istedadlı gənc Mustafa Apardı kimi oyunçulara da malikdi. Lakin güclü rəqabət bu oyunçuların mövsümdə 1-2 dəfə şans qazanmasına səbəb olub. Hərçənd, Pektemek Superliqa karyerasında 50-yə yaxın qola sevinib. “Beşiktaş”a yollanacaq azərbaycanlı futbolçu Babel-Tosun cütlüyü və ya onların əvəzləyicisi Neqredo deyil, ilk növbədə Mustafalarla rəqabət aparmalıdı.

 

Düzdü, artıq Mahirə bu oyunçularla rəqabəti düşünmək lazım gəlməyəcək. Çünki futbolçunun atası bu şayiələrin həqiqətdən uzaq olduğunu açıqlayıb. Bir sözlə, Neqredo və Pektemek kimi oyunçulara belə o qədər ehtiyacı olmayan “ağ-qaralar” Mahirlə də maraqlanmadığı təsdiqlənib.

 

Mahir 2017-ci ildə Azərbaycan millisində də debüt imkanı qazanıb. Yığmada 3 matç keçirən hücumçu 94 dəqiqə meydanda olsa da, qol hesabını aça bilməyib.

 

Əldə etdiyimiz məlumata görə, Mədətovun “Qarabağ”la müqaviləsinin müddəti başa çatmaq üzrədi. Görünür, futbolçu və ya meneceri qiyməti qaldırmaq üçün belə ucuz reklama gedib. 

Xəbər lenti